Həm pensiyanı təyin edəcək, həm də iş tapmağa köməklik göstərəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iki qurumun əməkdaşlığı barədə memorandum imzalayıblar
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir strukturu olan ilk Dayanıqlı və Operativ Sosial Təminat Mərkəzi (DOST) 2018-ci ilin dekabrında yaradılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, "ASAN Xidmət" prinsipləri ilə işləyəcək bu mərkəzlər əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhatə dairəsinə aid olan digər sahələrdə vətəndaşlara xidmət göstərəcək.
Bununla əlaqədar olaraq, avqustun 28-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iki qurumun əməkdaşlığı barədə memorandum imzalayıblar.
İmzalanma mərasimindən sonra Sahil Babayev bildirib ki, bu əməkdaşlıq "DOST Mərkəzi"nin işinin təşkili üçün "ASAN Xidməti"n təcrübəsinin mənimsənilməsini nəzərdə tutur.
S.Babayevin sözlərinə görə, nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və DOST mərkəzləri dövlət sosial xidmətlərinin keyfiyyətinin müasir texnologiyalar üzərində, innovativ həllərin tətbiqi əsasında yüksəldilməsini, bu xidmətlərin "bir pəncərə" üzrə sistemli, sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək.
"DOST agentliyi və DOST mərkəzləri məlum olduğu kimi Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çox böyük layihədir. Bu mərkəzlərin köməyi ilə sosial xidmətləri "bir pəncərə" sistemi üzrə həyata keçirmək mümkün olacaq" — deyə nazir bildirib.
O qeyd edib ki, bu sahədə müvafiq infrastrukturun qurulması, informasiya-kommunikasiya texnologiyaları üzrə həllərin tətbiqi, kadrların hazırlanması, hüquqi əsasların formalaşdırılması işlərində "ASAN Xidmət"lə təcrübə mübadiləsinə xüsusi önəm verilir.
S.Babayev sosial xidmət müəssisələrində yaşayan pensiyaçıların əmək bazarına qaytarılması üçün "ASAN Xidmət"lə birgə "Yaşlı könüllülər" layihəsinin həyata keçiriləcəyini də vurğulayıb.
Sahil Babayevin sözlərinə görə, mərkəzlər məşğulluq, əmək və sosial müdafiə sahəsində vətəndaşlara 130-dək xidmət göstərəcəklər.
"Hazırda DOST mərkəzlərinin yaradılması üzərində xüsusi hazırlanmış altı qrup işləyir və DOST Agentliyinin yaradılması üzrə işlər də davam etdirilir"- deyə nazir bildirib.
Ü.Mehdiyev isə çıxışında bu günədək "ASAN Xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayının 24 milyona çatdığını və vətəndaş məmnunluğunun 98-100% arasında dəyişdiyini vurğulayıb.
O bildirib ki, imzalanan memorandum sosialyönümlü layihələrinin icrasında birgə əməkdaşlığa xüsusi töhfə verəcək.
"Memoranduma əsasən sağlamlıq imkanları məhdud gənclərin "ABAD" mərkəzlərinin fəaliyyətinə cəlb edilməsi, "ASAN həyat" komplekslərində əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, "ASAN Könüllülük Məktəbi" ilə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub" — deyə Mehdiyev əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət