Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həm ərzaqdır, həm də dərman — Soğanın faydaları

Həm ərzaqdır, həm də dərman — Soğanın faydaları
Sakura

Həm ərzaqdır, həm də dərman — Soğanın faydaları

Keçmişdə soğan həm həm ərzaq məhsulu, həm də dərman vasitəsi kimi istifadə olunurdu. 

"Qafqazinfo" xəbər verir ki, soğanın təsir xüsusiyyətlərinin əksər hissəsi onun tərkibində olan fitonsidlərlə əlaqədardır. 

Uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyalara, həmçinin göbələk və ibtidailərə də antimikrob təsir göstərir. Tərkibi kalium, kalsium, maqnezium və dəmir kimi minerallarla zəngindir.

Soğanın təzadlı təsir xüsusiyyətləri var: az yeyiləndə salatların içində ağız qoxusunu aparır, çox yeyiləndə isə xoşagəlməz qoxu yaradır. Az yeyəndə iştaha gətirir, çox yeyiləndə iştahkəsici təsir göstərir. Onun daha bir xüsusiyyəti damar mənfəzini genişləndirməsidir. Kapillyar damarlarda onun təsiri xüsusilə özünü daha tez göstərir. Ona görə də soğan dərinin qidalanması üçün çox faydalı, bütün dəri xəstəliklərinə şəfaverici təsir göstərir.

Qidasında ondan bol istifadə edənlərdə sellülit, çiban, komedon səpgilər, damarların varikoz genişlənməsi, dəri çatlamaları kimi hallar demək olar ki, müşahidə olunmur. Sağalmayan və ya gec sağalan furunkul və çibanlar zamanı bişmiş soğanın çiban nahiyəsinə qoyulması və yeyilməsi tövsiyə edilir. Onun tərkibində olan antibakterial maddələr furunkulun sağalmasını sürətləndirir və yenidən əmələ gəlməsinin qarşısını alır.

Bronxial astma xəstələrinin soğan yeməsi bronxların genişlənməsinə və tənəffüsün yaxşılaşmasına səbəb olur. Hər gün qidada soğandan istifadə edilməsi həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır. Tərkibində olan C vitamini və qlükokinin maddəsi qanda şəkərin miqdarını aşağı salır. Ona görə də şəkərli diabet xəstələri soğandan bol-bol istifadə edə bilər.

Ağ soğan müalicə üçün istifadə edilənin ən yaxşısıdır. Qrip, haymorit və frontit kimi xəstəliklərdə buruna soğan suyu tökülür. 1 ədəd əzilmiş soğan yarım çay qaşığı soda ilə qarışdırılaraq saç diblərinə sürülməsi yatmış folikulların oyanmasına və yeni saçların çıxmasına səbəb olur. Qulaqda iltihab, ağrı və küy olanda gündə iki dəfə soğan suyu tökmək məsləhətdir.

Angina və faringitlərdə 50 qram soğan suyu ilə 100 qram bal bir-birinə qarışdırılaraq gündə 3 xörək qaşığı kiçik qurtumlarla içilməsi xəstəliyin sağalmasını sürətləndirir.

Artroz, artrit və oynaq ağrıları zamanı soğan ətçəkən maşından keçirilir, oynağın üstünə qoyularaq pambıq parça ilə bağlanır, 1 saatdan sonra təpitmə yenisi ilə əvəz olunur. Ağrılar keçənə qədər prosedur davam etdirilir. Soğan prostat vəzinin qan dövranını yaxşılaşdırdığına görə prostatitə tutulma ehtimalını azaldır.

Əl və ayaq dərisinin göbələk zədələnməsi zamanı 1 ovuc soğan qabığı 2 litr suda 5 dəqiqə qaynadılır, soyudulur, əl və ya ayaqlar gündə yarım saat bişirmənin içində saxlanılır. Müalicənin 2 həftə aparılması sağalmaya səbəb olur.

Kiçik ölçülü böyrək daşlarını tökmək və onların yenidən əmələ gəlməsinin qarşısını almaq üçün soğandan istifadə edilir. Koronar damarlarda mikrosirkulyasiyanı yaxşılaşdırdığına görə ürəyin işemik xəstəliklərində faydalıdır. Antimikrob və qurdqovucu xüsusiyyətləri olduğuna görə revmatizm və bağırsaq helmintozları ilə mübarizə məqsədilə yeyilməsi məsləhətdir. Soğanın təzyiqsalıcı və antixolesterin təsirləri onu hipertoniyalı xəstələr üçün faydalı edir.

Dəridəki irinli yaraların müalicəsi zamanı közdə bişmiş soğan yara üzərinə qoyularaq bağlanılır. Dəriyə tikan və ya hər hansı yad cismin batması zamanı soğan közün üstündə bişirilərək ortadan kəsilir, dərinin zədəli nahiyəsi zeytun yağı ilə yağlanaraq üzərinə bişmiş soğan qoyulur. Ağız boşluğunun iltihabı - stomatitləri sağaltmaq üçün soğan çeynənilir və udulmadan ağızda uzun müddət saxlanılır. Onun tərkibində kalium, kalsium, dəmir və mis kimi minerallar bol olduğuna görə osteoporoz - sümük əriməsi xəstəliyinin müalicəsində əvəzolunmazdır.

Çox miqdarda, məsələn, birdəfəyə 2-3 ədəd soğan yemək zərərli hesab edilir. Kəskin mədə-bağırsaq yaralarında soğan çiy halda yeyilməməli və yalnız bişmiş halda istifadə edilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR