Həccə getmək istəyənlərin pulları geri qaytarıldı
Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduqdan sonra ziyarət üçün ödəniş edənlərin bir hissəsinin vəsaiti artıq özünə qaytarılıb.
Ens.az xəbər verir ki, bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, artıq ödəniş edən şəxslərin yarısı öz vəsaitini geri götürüb. Digərlərinin də ödənişlərinin qaytarılması prosesi davam etdirilir və bütün vəsaitlər tam olaraq geri ödəniləcək.
Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. Bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.
Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi.
Qeyd edək ki, martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir.
Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-dən martın 24-ə qədər davam edib.
Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlı idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət