Hava limanlarının ətraf mühitə təsiri qiymətləndiriləcək
Hava limanlarının layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır.
ONA-nın məlumatına görə, bu, “Aviasiya haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.
Layihədə qeyd edilib ki, mövcud hava limanları ətraf mühitə təsr göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin hava limanlarının yenidən qurulması və ya həmin hava limanlarında mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur. Lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyət orqanının müəyyən etiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantıların həddi, buraxıla bilən axıntı həddi, ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişiklik ediləcək.
Layihəyə əsasən, mövcud hava limanlarının fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır. Hava limanlarına dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin hava limanlarında transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll ediləcək.
Qanun layihəsi sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət