Dərc edildi: Baxış sayı: 2149
“Harvard”ı bitirən azərbaycanlı məzunlar
Harvard Universiteti ABŞ-ın ən qədim təhsil ocağı sayılır. 1636-cı ildə fəaliyyətə başlayan bu universitet hazırda dünyanın üç ən nüfuzlu ali məktəbindən biridir. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. İngilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Övladı olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını bu təhsil ocağına bağışlayıb. Harvard Universitetinin kitabxanası dünyanın ən böyük özəl kitabxanasıdır. Burada mərkəzi kitab toplusundan əlavə, nadir kitablar və əlyazmalar, tibb, çin-yapon kitabları və s. kitabxanalar yerləşir.
Dünyanın məşhur insanları, böyük şəxsiyyətləri Harvard Universitetinin məzunu olublar. Onlardan 45 nəfəri Nobel mükafatı laureatı, 30-dan çoxu isə dövlət başçısıdır. ABŞ-ın bir neçə sabiq prezidenti, o cümlədən sonuncu dövlət rəhbəri Barak Obama və xanımı Mişel, Feysbukun yaradıcısı Mark Zukerberq, Microsoft-un qurucusu Bill Qeyts “Harvard”da təhsil alıblar.
Bu nəhəng ali təhsil ocağını bitirənlər arasında azərbaycanlılar da var və onlardan bəziləri hazırda yüksək dövlət vəzifəsində çalışır.
Araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov 2000-ci ildə Harvard Universitetinin Kennedi adına məktəbini beynəlxalq və milli təhlükəsizlik ixtisası üzrə bitirib və son təyinata qədər diplomatik fəaliyyətlə məşğul olub. Azərbaycanı BMT-də və Fransada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2011-ci ildə Harvard Universitetini inzibati idarəçilik üzrə ixtisası üzrə bitirərək, magistr dərəcəsinə yiyələnib. Bir ay öncə yüksək vəzifəyə təyinat alan V.Hüseynov buna qədər Ucar seçicilərini Milli Məclisdə təmsil edib və ən fəal millət vəkillərindən olub.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar MövsümovHarvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbini dövlət idarəçiliyi ixtisası üzrə bitirib və bu nüfuzlu universitetdə təhsil alan ilk azərbaycanlılardandır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimov 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının diplomunu alıb. Kənd Təsərrüfatı naziri İnam Kərimovun qardaşı M.Kərimov 6 xarici dil bilir.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev “Harvard” məzunudur və bu universiteti hüquqşünas ixtisası üzrə bitirib.
“Harvard”ı bitirən digər azərbaycanlı məzunlar:
Emin Hüseynov – Azərbaycan Respublikası Maliyyə nazirinin müavinidir. Mərkəzi Bankın Baş direktoru olub.
Ramin İsayev – “SOCAR AQŞ”ın baş direktorudur. Uzun müddətdir Dövlət Neft Şirkətində çalışır.
Farid Şəfiyev – Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.
Tahir Kərimov – Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri işləyib.
Röya Talıbova – “İrəli” İctimai Birliyinin həmtəsisçisi. Prezident Administrasiyasında baş məsləhətçidir.
Rauf Məmmədov – Hazırda Qətərdə yaşadığı, burada biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.
Fuad Axundov – Əvvəllər İnterpolda çalışıb, indi Kanadada yaşayır. Ottavada Azərbaycan diasporunun fəal təmsilçilərindəndir.
Mikayıl Qasımov – İxtisasca riyaziyyatçıdır, Harvard Universitetini bitirən ilk azərbaycanlıdır.
Natiq Qasımov – Biznesmendir, Avropada yaşayır və fəaliyyət sahəsi maliyyə sektoruna aiddir.
Bəxtiyar Hacıyev – İctimai-siyasi fəaliyyətlə məşğuldur. “Müsbət Dəyişiklik” Gənclər Hərəkatının təsisçisidir.
Murad Sofizadə – Rusiyada yaşayır, bizneslə məşğuldur. Özünə məxsus şirkətlə yüzlərlə işçi çalışır.
Natiq Qəniyev – Maliyyə sektorunda çalışır. Londonda fəaliyyət göstərən aparıcı maliyyə şirkətlərindən birinin “CEO”sudur.
Mənbə: Bizplus.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət