Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hamilələrdə qanazlığı problemini həll etmək üçün ən ucuz üsul təklif edildi

Hamilələrdə qanazlığı problemini həll etmək üçün ən ucuz üsul təklif edildi
Sakura

Hamilələrdə qanazlığı problemini həll etmək üçün ən ucuz üsul təklif edildi

Təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək olan uşaqların 40 faizə qədərinin sağlamlığına və rifahına mənfi təsir edir

"Regionumuzda hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir. Bu problem isə ana ilə yanaşı, körpənin həyatını da riskə atır. 

Unun dəmir və digər mikronutriyenlərlə zənginləşməsi isə qanazlığının rastgəlmə səviyyəsinin azaldılmasında özünü xərc baxımdan ən səmərəli üsul kimi doğruldub".

 Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin Avropa və Mərkəzi Asiyada mikronutriyenlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası, monitorinqi üzrə regional seminarda çıxışı zamanı deyib. O, bildirib ki, təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək olan uşaqların 40 faizə qədərinin sağlamlığına və rifahına mənfi təsir edir.

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Sağlamlıq və Qidalanma üzrə mütəxəssisi Əmirhüseyn Yarpərov  isə qeyd edib ki, mikronutriyen çatışmazlığı, o cümlədən də qanazlığının aradan qaldırılması üçün müxtəlif səylərin gücləndirilməsi Qafqaz və Mərkəzi Asiyada ictimai səhiyyədə prioritet olaraq qalır: "Mərkəzi Asiya istisna olmaqla, heç bir alt region 2000-ci ildən bəri bu göstəriciləri aşağı sala bilməyib".

"Bu gün dünyada hər yeddi nəfərdən biri aclıqdan əziyyət çəkir. Azərbaycanda da anemiya və dəmir çatışmazlığı ilə mübarizə üçün müxtəlif planlar hazırlanır. 2001-ci ildə Azərbaycanda ana südü ilə bağlı qanun layihəsi qəbul olundu. Artıq anemiya və buna bənzər problemlərlə mübarizə üçün qanun layihəsi hazırlanıb", - seminarda çıxış edən millət vəkili Musa Quliyev bildirib.

O deyib ki, payız sessiyasında qida tərkibinin zənginləşdirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq: "Düşünürəm ki, payız sessiyasında biz bu barədə müzakirə edəcəyik. Yəqin ki, yaxın zamanlarda ölkəmizdə də anemiya, dəmir defisiti ilə mübarizə aparmaq, mikronutriyen çatışmazlığının qarşısını almaq məqsədi ilə qanun layihəsi qəbul ediləcək".

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə direktoru Sinqx Caydev unun zənginləşdirilməsi üçün özəl şirkətlər, hökumət və vətəndaş cəmiyyəti arasında ciddi tərəfdaşlığa ehtiyac duyulduğunu deyib. O bildirib ki, Azərbaycanda ölkə rəhbərliyi qida təhlükəsizliyi və mikronutriyenlərin çatışmazlığı ilə bağlı məsələlərə ciddi yanaşır: "Biz yalnız Azərbaycanda deyil, qlobal səviyyədə bu təşəbbüsə dəstək veririk. Qida Təhlükəsizliyi Agentliyinin və kənd təsərrüfatı məhsullarının istehsalçılarının tərəfdaşı olmaqdan məmnunuq. Çünki bununla həm agentliyin fəaliyyətində qanunvericiliyin təkmilləşməsi və yeni standartların tətbiqi məsələlərində, həm də istehsalçıların beynəlxalq bazara çıxmasına dəstək oluruq. USAID Tacikistanda unun zənginləşdirilməsi proqramına dəstək olaraq, burada ciddi nailiyyətlər əldə edib. Layihə imkan verib ki, Tacikistandakı dəyirmanlar unu zənginləşdirsinlər, bu sahədə çalışan personal təlimdən keçib".

S.Caydev qeyd edib ki, USAID Azərbaycanda unun zənginləşdirilməsi istiqamətində həmkarlarla əməkdaşlığını davam etdirməyi düşünür.

"2019-2025-ci illər üçün qida təhlükəsizliyi ilə bağlı proqram qəbul olunub. Bununla bağlı qanun layihəsi də hazırlanıb. Qeyd edim ki, bu gün dünya əhalisinin 1/3 hissəsi dəmir və yod çatışmazlığından əziyyət çəkir.

Bütün dünya əhalisinin iki milyardı anemiyadan, dəmir defisitli anemiyadan əziyyət çəkir. Əlbəttə, bütün bunlar uşaq və qadınların zehni, fiziki inkişafına mənfi təsir edir", - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışı zamanı deyib.

 O bildirib ki, bu gün ölkəmizdə 5 yaşadək uşaqların 12 faizi dəmir, 14 faizi isə anemiyadan əziyyət çəkir:"adınların isə 34.2 faizi dəmir çatışmazlığından, 32 faizi isə anemiyadan əziyyət çəkir. Hamilə qadınlar arasında isə anemiyadan əziyyətçəkmə rəqəmi 40 faizdir". Q.Təhməzli bu cür arzuolunmaz halların qarşısının alınması üçün qida məhsullarının zənginləşdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə həmçinin, qeyd olunub ki, digər ölkələrlə müqayisədə Azərbaycanda buğda məhsullarının istehlakı yüksəkdir. Bu səbəbdən də bu cür məhsulların mikronutriyenlərlə zənginləşdirilməsinin önəmliliyi qeyd olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR