Slimfit
  1. İQTİSADİYYAT

Gürcüstan tam olaraq Azərbaycan qazına keçdi

Gürcüstan tam olaraq Azərbaycan qazına keçdi
Sakura

Gürcüstan tam olaraq Azərbaycan qazına keçdi

Gürcüstan cari ildən etibarən, Rusiya qazının alışını tamamilə dayandırıb, tələbatının 100 faizini Azərbaycanla təmin edir.

Rəsmi Tibilis və Moskva keçən il Ermənistana ötürülən Rusiya qazının tranzit haqqının yarı nağd vəsait və yarı qazla ödənilməsi üçün razılaşdılar.

Ancaq cari ildə, “Qazprom” qaz daşınması üçün Gürcüstana yalnız nağd vəsait verir. Həmçinin, keçən il rəsmi Tibilisi əlavə olaraq Rusiyadan 105 milyon kubmetr kommersiya qazı almışdı, ancaq 2018-ci ildə belə bir planı yoxdur. Demək, bu ildən etibarən, Azərbaycan qazı qonşu ölkənin bütün tələbatını ödəyəcək.

İki ildən sonra isə Gürcüstan qaza olan tələbatının təxminən yarısını, yalnız Şahdəniz qazının öz ərazisindən Türkiyə və Avropaya daşıması üçün alacağı tranzit haqqından təmin edəcək. Azərbaycan Türkiyəyə daşınan qazın 5 faizini tranzit haqqı verir. Beləliklə, 2021-ci il, Şahdəniz 1 və 2-dən, Türkiyə və Avropaya illik ən azı 22.5 mrd. kubmetr qaz daşınacaq və buna görə Gürcüstan ildə 1,25 mrd. kubmetr qazı tranzit haqqı olaraq təhvil alacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) sentyabr ayının 3-də ötən il üçün illik hesabatını ictimaiyyətə təqdim etdi. Hesabatda şirkətin ölkə üzrə neft-qaz hasilatı, hasilatın maya dəyəri, şirkətin xarici bazarlarda layihələri və s. məsələlər öz əksini tapıb. Bununla belə, diqqət çəkən məsələlərdən biri də şirkətin qonşu Gürcüstanda fəaliyyətidir. Qaz ixracatından, nəqlindən tut, ölkədaxili paylaşıma qədər, təxminən Gürcüstanın bütün proyektləri hazırda SOCAR-ın nəzarətindədir.

SOCAR-ın Gürcüstanda fəaliyyəti “SOCAR Georgia Petroleum”, “SOCAR Gas Export-İmport”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Gas Distribution”, “Black Sea Terminal” və digər şirkətlər vasitəsilə həyata keçirilir. Hazırda Gürcüstan ərazisində SOCAR-a tabe şirkətlərdə ümumilikdə 4000-ə yaxın işçi çalışır və ölkənin tam şəkildə qazla təchizatını həyata keçirir.

Hesabatda qeyd olunur ki, SOCAR keçən il Gürcüstana 1,4 mlrd. kub metr həcmində təbii qaz satıb, bu il isə göstərici 29 faiz artaraq, 1,8 mlrd. kub metr təşkil edəcək.

SOCAR-dan əlavə, keçən il BP-nin rəhbərlik etdiyi Şahdəniz yatağından da 815 mln. kubmetr qaz Gürcüstana verilib ki, bunun da təxminən 40 faizi tranzit haqqı və qalanı kommersiya qazıdır.

2008-ci ildə Gürcüstan hökuməti ilə SOCAR arasında imzalanan razılaşmaya əsasən “SOCAR Georgia Gas” ölkədə 150 min abonentin qazlaşdırılmasını həyata keçirməli və $40 mln. sərmayə yatırmalı idi. 2008-2017-ci illər ərzində SGG planı üstələyərək ümumilikdə 250 min abonenti qazla təmin etmiş, 290 mln. dollar sərmayə yatırımı həyata keçirmişdir. Şirkət Gürcüstan bazarına daxil olarkən qaz itkisi 31,5% təşkil edirdisə, hazırda bu rəqəm 3,6%-dir. SGG hazırda bütün Gürcüstan üzrə 590 mindən artıq abonentə xidmət edir. 2017-ci ildə şirkətin kapital xərcləri təxminən 40,3 mln. dollar olmuşdur.

Gürcüstanın bu il təsdiqlənmiş qaz balansında deyilir ki, 2018-ci ildə əhali qrupu üzrə qaz istehlakı 10%, sənayedə qaz artımı 12% proqnozlaşdırılır. Bəs gözlənilən kəskin artımın səbəbi nədir?

2017-ci ildə Rusiya qazının Gürcüstan üzərindən Ermənistana tranziti ilə bağlı fevralda imzalanmış razılaşmanın yeni şərtlərinə görə, tranzit ölkəyə 2018-ci ildən tranzit haqqı təbii qaz halında deyil, pul formasında ödəniləcək. Yeni şərtlərə əsasən, Gürcüstanın bu ildən qaza tələbatı 100 mln. kub metrdən çox artır. Məlumat üçün qeyd edək ki, 2017-də tranzit haqqının 50%-i pul, digər 50%-i isə təbii qaz halında ödənilmişdir. Bundan əlavə, keçən il Gürcüstan Rusiyanın bir özəl şirkətindən 105 mln. kub metr əmtəəlik qaz tədarük etmişdir.

Cari ildə qazlaşma ilə əlaqədar tələbatın artmasını da hesaba alsaq, ölkənin qaz balansında təqribən 400 mln. kub metr artım gözlənilir və ilk dəfə Gürcüstan ancaq 100% Azərbaycan qazına keçid edib.

SOCAR ölkənin qazlaşdırılması ilə yanaşı, yanacaq sahəsində də əhəmiyyətli rola sahibdir. “SOCAR Georgia Petroleum” şirkəti Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının Gürcüstan bazarında topdan və pərakəndə satışını təşkil edir. Hazırda Gürcüstan ərazisində SOCAR brendi altında 116 yanacaq doldurma məntəqəsi (YDM) fəaliyyət gostərir. Ümumilikdə, 2006-2017-ci illər üzrə şirkət tərəfindən 196 mln. məbləğində investisiya qoyulmuşdur. 2017-ci il ərzində şirkət 347 mln. litr həcmində neft məhsullarının satışını reallaşdırmışdır.

 

 

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR