Slimfit
  1. KOSMOS

Günəş atmosferinə çatacaq ilk kosmik gəmi fəzaya göndərilir

Günəş atmosferinə çatacaq ilk kosmik gəmi fəzaya göndərilir
Sakura

Günəş atmosferinə çatacaq ilk kosmik gəmi fəzaya göndərilir

Avqustun 4-də ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) ilk dəfə Günəş atmosferinə daxil olacaq və tədqiqat aparacaq xüsusi cihazlarla təchiz edilmiş kosmik gəmini fəzaya göndərəcək.

AZƏRTAC “ScienceNews” saytına istinadla xəbər verir ki, Günəşə ən yaxın məsafədə tədqiqat aparacaq “Parker Solar Probe” kosmik gəmisi kainatın ən nəhəng ulduzu ilə bağlı elmi ictimaiyyəti maraqlandıran bir çox sualın cavabını tapmağa kömək edəcək.

Kosmik gəminin fəzaya göndərilməsi ərəfəsində amerikan astronomu Qreyq de Forest mətbuata açıqlamasında bildirib ki, “Parker” gəmisi Günəş tacı və fəzaya axan hissəciklər, onların yaratdığı partlayışların Yer planetinə təsiri, maqnit sahələri və plazmaları daha yaxından öyrənməyə imkan yaradacaq. Bunun üçün o, qarşıdakı yeddi ildə Günəşə 6,4 milyon kilometr məsafəyədək yaxınlaşacaq və onun ətrafında elliptik orbit üzrə 24 dövrə vuracaq. Bu, ötən əsrin 70-ci illərində “Helios 2” kosmik gəmisinin Günəşə yaxınlaşdığı 43,2 milyon kilometr məsafədən qat-qat çoxdur. Beləliklə, “Parker” dünyanın ən nəhəng ulduzuna Günəş sisteminin ən yaxın planeti Merkuridən də yaxın olacaq.

Qreyq de Forest əlavə edib ki, kosmik gəminin 11,43 santimetr qalınlığında olan xüsusi örtüyü cihazları 1300 dərəcə selsiyə çatan istidən qoruyacaq. “Kosmik gəmi, həmçinin Venera planetinə 7 dəfə yaxınlaşacaq ki, bu da onun sürətini saniyədə 200 kilometrə qədər artıracaq. Günəşə ən yaxın məsafəyə isə 2024-cü ilin dekabrında çatmaq mümkün olacaq. “Parker” gəmisinin ölçüsü kiçik avtomobil qədərdir və 3-D fotoşəkilləri çəkən aparat, elektrik və maqnit sahələrini ölçən cihazla təchiz edilib. Bundan başqa, Günəş tacından gələn güclü radiasiya axınını ölçmək üçün də xüsusi avadanlıq var”, - deyə astronom jurnalistlərə məlumat verib.

NASA-nın məlumatına görə, fəzaya göndərildikdən üç ay sonra Günəş atmosferinə daxil olan ilk kosmik gəmi olacaq “Parker” dekabrın əvvəlindən etibarən Yerə məlumatlar göndərəcək.

2020-ci ildə Avropa Kosmik Agentliyi də Günəşi tədqiq etmək üçün “Solar Orbiter” kosmik gəmisini fəzaya göndərəcək. Bu gəminin “Parker”lə birgə Yerə göndərəcəyi məlumatlar NASA ilə əməkdaşlıq çərçivəsində öyrəniləcək.

 

Mənbə: Azərtac

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR