Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Günel Qəmbərova: Süd vəzinin mastopatiyası xəstəlik deyil

Günel Qəmbərova: Süd vəzinin mastopatiyası xəstəlik deyil
Sakura

Günel Qəmbərova: Süd vəzinin mastopatiyası xəstəlik deyil

Süd vəzinin mastopatiyası xəstəlik deyil. O, süd vəzinin bədəndə gedən hormonal prosesə verdiyi cavab reaksiyasıdır. Avropa Radioloqlar Cəmiyyəti 2017-ci ildə radioloji olaraq mastopatiya diaqnozu qoymağı qadağan edib. Əgər kista və sair şişlər süd vəzində hər menstruasiya tsiklindən sonra yaranırsa, növbəti tsiklə qədər onun ölçüləri dəyişir və ya çoxalırsa, bu proses xəstəlik sayılmır. Ağrı və mastalgik ağrıları götürmək üçün fitoterapiyaya əsaslanan müalicə aparılır. Lakin bu zaman bəzi istisnalar olur. Süd vəzilərində nəhəng və ya iltihablaşmış kistlər, daxilində hansısa naməlum konqlimerat olan kistalar və ən əsası-kistdaxili gizlənmış xərçəng müşahidə edilərsə, detallı müayinələr və punktatın histoloji verifikasiyası - əməliyyat, punksiya və s. ilə nəticələnə bilər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının həkim mamoloq-radioloqu Günel Qəmbərova məlumat verib.

“Mastopatiya adı altında cəmlənən adenoz genişsahəli olduqda daha çox hormonal analizlər aparılır. Həmin hormonlarda çıxan dəyişikliyə əsasən müalicə təyin olunur. Ancaq lokal, yəni süd vəzinin məhdud sahəsində olan adenoz mamoloqlar və onkoloqlar tərəfindən dəqiq araşdırılır. Çünki lokal adenoz sahələrində süd vəzi xərçənginin yaranma ehtimalı 5-9 dəfə çoxdur. Ona görə də ultrasəs və mamoqrafiya müayinələrində lokal adenoz sahələri gördükdə mütləq onkoloji baxış vacibdir. Əgər şübhəli vəziyyət aşkarlanarsa, əməliyyat aparılmalıdır”, - deyə mütəxəssis qeyd edib.

G.Qəmbərova bildirib ki, süd vəzilərində narahatlıq olan qadın öz ginekoloquna müraciət edə bilər. Çünki süd vəziləri ginekoloji bir orqandır. Ancaq şübhəli bir durum varsa, qadınlar süd vəzi üzrə ixtisaslaşmış mamoloq və onkoloqlara müraciət etsinlər: “Xanımlara məsləhətim odur ki, yalnız öz həkimlərinə qulaq assınlar, internetdə elmi əsası olmayan portallardan qeyri-dəqiq və ya düzgün anlaşılmayan xəbərlərə inanıb hərəkət etməsinlər, müayinəni gecikdirməsinlər. 20 yaşdan yuxarı hər bir qadın hər ay güzgü qarşısında öz süd vəzilərini müayinə etməlidir. Heç bir şikayət olmasa belə, 6 aydan bir ultrasəs, profilaktik məqsədlə isə 35 yaşdan yuxarı süd vəzi xəstəlikləri üçün qızıl standart sayılan mamoqrafiya müayinəsindən keçilməlidir. Bu müayinələr profilaktik məqsədlə aparılır. Əgər şübhəli bir durum varsa, diaqnostik izlənilmə tələb olunursa, bu zaman 3 aydan bir ultrasəs, 3-6 aydan bir mamoqrafiya aparılır. Əgər xanımın nəslində süd vəzi xərçəngi xəstəsi olubsa, və ya ultrasəs müayinəsinin cavabı qeyri-dəqiqdirsə, belə hallarda mamoqrafiya daha erkən yaşlarda icra olunur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR