Göz yaşının tədqiqi Parkinson xəstəliyinə meyilliliyi aşkar etməyə imkan verəcək
Alimlər hesab edir ki, göz yaşının tərkibinin tədqiqi Parkinson xəstəliyinin erkən diaqnostikasında istifadə edilə bilər.
AZƏRTAC bu barədə “MedikForum”a istinadla xəbər verir.
Parkinson kimi ciddi xəstəliyə meyilliliyi bu xəstəliyin ilk əlamətlərinin əmələ gəlməsindən əvvəl aşkar etmək mümkündür. ABŞ-ın Cənubi Kaliforniya Universitetindən olan elmi mütəxəssislər bu qənaətə gəliblər.
Onlar bu diaqnozu təyin etmək üçün göz yaşının tədqiqindən istifadə olunmasını təklif edirlər.
Həkimlər Parkinson xəstəliyi diaqnozu qoyulmuş 55 pasiyentin, həmçinin 27 sağlam könüllünün göz yaşlarını tədqiq ediblər. Məlum olub ki, göz yaşının tədqiqi Parkinson xəstəliyinə meyilliliyi erkən mərhələdə üzə çıxarmaqda kömək edir. Bu neyrodegenerativ xəstəliyin inkişafı zamanı göz yaşlarında müəyyən növ zülalların yüksək qatılığı müşahidə edilir.
Öz növbəsində, London Kral Kollecinin tədqiqatçıları tərəfindən müəyyən olunub ki, insanda Parkinson xəstəliyi əmələ gəlməmişdən 15-20 il əvvəl xəstəliyin erkən dövründə müşahidə olunan hərəkətlər və digər əlamətlər yarana bilər. İnsanın əhval-ruhiyyəsinə, yuxusuna və hərəkət funksiyasına təsir edən serotonin sisteminin dəyişməsi bu əlamətlərin əmələ gəlməsinə şərait yaradır. Vaxt ötdükcə bu əlamətlərin ağırlaşması müşahidə olunur.
Parkinson xəstəliyi Altsheymerdən sonra ikinci ən çox yayılan neyrodegenerativ xəstəlikdir. Parkinsonizmin xarakterik cəhəti onun tədricən inkişaf etməsidir. Müasir təbabət hələ ki, bu xəstəliyin çarəsini tapa bilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət