Slimfit
  1. MARAQLI

Gənclər nədən motivasiya alır?

Gənclər nədən motivasiya alır?
Sakura

Gənclər nədən motivasiya alır?

Motivasiya ən sadə mənası ilə "bir şeyləri etmə arzusu"dur. Motivasiya hərəkətə başlamanız üçün bir qüvvədir. Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır.

Daima uğur qazanmaq istəyən gənclər motivasiya aldıqları səbəbləri açıqladı. Verilən cavablara görə, kimi üçün  gələcəyi yazmaq, könüllü işlərə qoşulmaq, idmanla məşğul olmaq, uğur hekayələri oxumaq, kifayət qədər yuxu və.s motivasiya mənbəyidir.

Bu cavablardan ən maraqlılarını təqdim edirik:

Düzgün kitab seçimi

Anar Mehdiyev (26 yaş) - Kitab oxumaq motivasiya verir. Janrın heç bir əhəmiyyəti yoxdur. Önəmli olan məntiqinizə, təfəkkürünüzə uyğun kitabı seçməkdir. Bu zaman oxuduğunuzu mənimsəmək üçün sizə yarım saat belə kifayət edəcək. Əks təqdirdə, yəni sizin məntiqinizə və təfəkkürünüzə uyğun olmayan bir kitab oxuduğunuz vaxt ona bir neçə saat sərf etsəniz belə heç bir yenilik əldə edə bilməyəcəksiz.  Düzgün seçilmiş kitab sizi daha çox işləməyə, hansısa bir hədəfə çatmaq üçün əzmkar olmağa motivasiya edəcək. 2 il əvvəl Enzo Ferrari haqqında oxuduğum kitab məndə çox böyük həvəs oyatdı. Ferrarinin yarış avtomobillərinə olan marağı, savadı və ixtiraları onun "Alfa Romeo"nun idman direktoru vəzifəsinə təyin edilməsinə gətirib çıxarır. Ancaq onun baxmadan imzaladığı sənəddə işdən ayrılacağı təqdirdə 4 il müddətinə heç bir yarış komandasında işləməyəcəyi şərti də var idi. Qısa müddətdən sonra Ferrari şirkətdən ayrılır və "Avto-Avio Kostruzyoni" (Auto-Avio Costruzioni) qurur. Bu şirkət yarış avtomobilləri hissələrinin satışı ilə məşğul olmağa başlayır. Daha sonra o, Modenada avtomobil istehsalı üçün kiçik bir sex qurur. Burada yalnız özü istifadə etmək üçün avtomobil hazırlamaq istəyir. Ancaq bu dəfə İkinci Dünya müharibəsi onun işlərini yarımçıq qoyur. Belə ki, Modena bombalandığına görə, o Maranelloya köçmək məcburiyyətində qalır. İllər sonra istehsal olunan "Ferrari Modena 360" avtomobili Enzo Ferrarinin emalatxanasında qalan sadə bir dizayndan alınaraq, Pininfarina tərəfindən hazırlanıb.

Bunu oxuduğum zaman mütləq qaydada düşünməyə, yazılanlarlara fokuslanmağa çalışırdım. Və nəticəsini də gördüm.

***
Nə istədiyinizə əmin olun 
Banu Zəkiyeva (25 yaş) 
- Düşünürəm ki, insan üçün ən böyük motivasiya həqiqətən nə istədiyini bilməsidir. Yaxud da daha çox nəyi istədiyinə əmin olmasıdır. Bəziləri bütün məqsədlərinin eyni vaxtda reallaşmasını istədiyi üçün heç bir nəticə əldə edə bilmir. Daha vacib məqsədlər haqqında düşündüyümüz zaman uğur qazanmaq ehtimalımız daha çoxdur. Doğrudur, mən də bunu hər zaman bacarmıram. Lakin əminəm ki, insan təcrübə qazandıqca daha da kamilləşir. Həyatda nə istədiyimizi bilmək, bizə kim olduğumuzu və gələcəkdə nə kimi nailiyyətlər əldə etmək istədiyimizi anlamağa kömək edir. Bir müəllimim var idi, həmişə deyirdi ki, inandırmağa özünüzdən başlayın. Əgər biz istədiyimizə inanmırıqsa məqsədimiz heç bir fayda verməyəcək. Məntiqsiz istəkdən geriyə qalan sadəcə boş ümidlər olacaq. Əzmli, qərarlı və qətiyyətli bir şəkildə inandığımızı istəməyə və əlimizdən gələnin ən yaxşısını etməyə çalışmalıyıq.

 
Sadəcə gülümsəyin
Murad Babayev (28 yaş)
 - Gülmək ağrıya qarşı ən böyük silahdır. Kiçik hadisələrdən xoşbəxt olub gülməyi bacaran insan, ətrafındakılara da xoşbəxtlik gətirəcək. Bununla da həm özünə, həm də yaxın əhatəsinə motivasiya vermiş olacaq. Gülüş yoluxucudur, elə kədər də... Mənfilərə üzülüb ətrafına kədər yoluxdurmaqdansa, müsbətləri görüb xoşbəxtlik yaymaq daha gözəldir. Gülməli bir film, komik bir hekayə fərq etməz. Sizə həqiqətən ətrafa qıcıq yaratmadan gülmə imkanı yaradacaq maraqları bilməlisiz. Hətta onu deyim ki, bu yaxınlarda irimiqyaslı tədqiqat aparan bir qrup Amerika alimi belə nəticəyə gəlib ki, gülüş yaddaşı möhkəmləndirir. Maraqlıdır ki, əgər yaddasaxlama prosesində insan şəndirsə, bu zaman materialın daha asan mənimsənilməsi sübut edilib. Bu səbəblərdən düşünürəm ki, motivasiya qazanmaq üçün ilk növbədə sərt tənqidə köklənmək deyil, təbəssüm və gülüşlə ətrafa qarşı dözümlü olmaq lazımdır.


Doğru zamanda, doğru musiqi 
Fidan Cəfərli (26 yaş) -  Musiqi dinləməkdən motivasiya alıram deyən insanların səmimiyyətinə hər zaman inanmıram. Çünki əsas olan nə dinlədiyin deyil, nə zaman dinlədiyindir. Bəzi yoldaşlarım səhər dərsə yaxud hansısa kursa gedərkən əhvallarını dramitləşdirəcək mahnılar dinlədikləri üçün dərs müddətində mənimsəmə qabiliyyətləri aşağı olur. Qulağa xoş gələn və əhvalı yüksəldən musiqilər daha motivasiya edicidir. Bu zaman mənimsəmə qabiliyyətidi də yüksəlir. Düzgün seçilmiş musiqi öz xarakterinə görə insanı sakitləşdirir, düşündürür, mübarizəyə çağırır və onda müxtəlif əhval-ruhiyyə təlqin edir. Musiqinin insana verdiyi gözəl təəssürat və hissiyyatlar onun ruhuna təsir edir. Musiqi insan ruhunun emosional oyanışına səbəb olur. Daha dəqiq desək, musiqinin cazibədar sədaları insanın ruhunu qidalandırır, psixoloji gərginliyi aradan qaldırır və onu yüksək nailiyyətlərə ruhlandırır. 

Yerimək və düşünmək

Turanə Rzazadə (24 yaş) - Əvvəllər qaçış idmanın ən ideal növü sayılırdı. Amma, tədqiqatlar bunun əksini deyir. Marafonlarda iştirak edənlərin əksəriyyəti ürəklərini qorumağa ehtiyac duyduqlarından ağrıkəsici və sakitləşdirici qəbul edirlər. Deməli, buna əsasları və ehtiyacları var. Yerimək isə düşünməyə motivasiya almağa imkan verir. Yerimə düşünməyə daha yaxşı kömək edir. Yeriməklə uzaqlaşmaq istədiyin düşüncələrdən uzaqlaşıb, axtardığım düşüncələri tapırsan. Ağlındakı qarışıq suallar öz cavabını tapır. Yeridiyim zaman, xoşbəxtəmsə, xoşbəxtliyim daha da artır, xoşbəxt deyiləmsə, bu halı minumuma endirir. Bir fakt var ki, bir neçə il əvvəl, sadəcə, zehni əmək tələb edən krossvord, məntiq testləri, riyazi məsələlər həll etməyin, tapmacalar üzərində düşünməyin və ya yaddaş tələb edən oyunların zehni qabiliyyəti artırdığı və alzaymerin qarşısını aldığı zənn edilirdi. Ancaq son illər yüngül idman hərəkətlərinin də zehni fəaliyyətə güclü şəkildə təsir etdiyi və beyinlə bağlı xəstəliklərə müsbət təsiri elmi təsdiqini tapıb. Bu səbəblərdən yürüş etməyin ən böyük motivasiyalardan biri olduğu qənaətindəyəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR