Gəncədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Gəncədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmi şəxslər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasətinin əsas prinsiplərini uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, böyüməkdə olan nəslin vətənpərvər, layiqli vətəndaş kimi formalaşması təşkil edir. Müasir dövrümüzdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaq məsələlərinə göstərdikləri diqqət bu sahəyə qayğının daha da artması ilə nəticələnib.
İcra başçısı balaca fidanları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara uzun və xoşbəxt ömür, qayğısız uşaqlıq və firavan həyat arzulayıb.
Bildirilib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd olunur.
Çıxışlardan sonra uşaqların ifasında milli və xarici rəqslər, vətənpərvərlik mövzularında şeirlər və digər çıxışlar təqdim olunub. Balaca fidanlar arasında velosiped yarışı, rəsm müsabiqəsi və digər əyləncəli oyunlar təşkil edilib.
Sonda tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
--
Hörmətlə, Gəncə Şəhər İcra Hakimiyyəti
--
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət