Gəncə Şəhər İcra Hakimiyyətində çalışan könüllülərə sertifikatlar təqdim olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Könüllü-2” proqramını uğurla başa vuran gənclərlə görüşüb. Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Regional “ASAN xidmət” Mərkəzinin direktoru Turqut Mustafazadə, struktur rəhbərləri və KİV nümayəndələri iştirak edib.
Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətində könüllülük təcrübəsini uğurla başa vuran gəncləri təbrik edib. O qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyub.
Bu məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb. Şəhər rəhbəri bildirib ki, könüllülk fəaliyyəti gənclər üçün uğurlu bir təcrübədir. Daha sonra Niyazi Bayramov gənclərə gələcək həyatlarında müvəffəqiyyətlər diləyib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxışında bildirib ki, könüllük fəaliyyətilə məşğul olan gənclər bir neçə istiqamət üzrə çalışıblar. İki ay müddətində onların təcrübi bilikləri artırılıb, yaradıcı və innovativ potensialının üzə çıxarılması istiqamətində iş aparılıb. Bu fəaliyyət həm gənclər, həm də Gəncə Şəhər İcra Hakimiyyəti üçün faydalı olub.
Gənclərin Gəncə Şəhər İcra Hakimiyyətində könüllülük fəaliyyətinə cəıb olunması ASAN xidmət ilə əlaqələndirməklə həyata keçirilib. Könüllü gənclər Gəncə Şəhər İcra Hakimiyyəti ilə yanaşı, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərində könüllü fəaliyyətinə cəlb olunublar. 2 ay müddətində gənclər müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak ediblər.
Görüşdə çıxış edən gənclər yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, 2 ay müddətində burada qazandıqları təcrübə onların gələcək fəaliyyətlərinə fayda verəcək.
Sonda müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar təqdim olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət