Gələn il Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək
Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcək.
Ens.az Trend -ə istinadən xəbər verir ki, u barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəsmisi bildirib ki, artıq bununla bağlı Gənclər və İdman Nazirliyi ilə bir sıra danışıqlar aparılıb:
“Düşünürəm ki, bu yarışlar 2025-ci ildə Şuşa və Xankəndi ərazilərində reallaşacaq".
Bakıda bu gün start götürən yorğa atların çempionatından da söz açan B.Nəbiyev 3-cü dəfə təşkil olunan yarışın ənənəvi olmasına çalışdıqlarını söyləyib.
Onun sözlərinə görə, ARAF müasir atçılıq idman növləri ilə yanaşı, Azərbaycanın qədim atüstü oyunlarına da böyük diqqət ayırır:
“Bu, Azərbaycanın qədim idman növlərindən biri hesab olunur. Bu yarışlar vasitəsilə Azərbaycanda milli atçılığın inkişafına öz töhfəmizi verməyə çalışırıq".
Federasiyanın vitse-prezidenti Azərbaycanın yorğa atlarının beynəlxalq yarışlarda iştirakının nəzərdə tutulduğunu söyləyib:
"Türkiyədə keçiriləcək turnirə dəvət almışıq. Müəyyən planlarımız var və bununla bağlı işlər görməyə davam edirik. Yalnız ölkə daxilindəki çempionatlarda deyil, beynəlxalq turnirlərdə də layiqincə mübarizə aparmağa çalışırıq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət