Gecə reysləri bərpa oluna bilər - Rəsmi
Gecə saatlarında avtobusların rayonlardan Bakıya doğru və əks istiqamətdə hərəkəti bərpa edilə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O, son illərdə yenilənmiş yol infrastrukturunun buna imkan verdiyini söyləyib:
“Gecə reyslərinin bərpa olunması ilə bağlı təxminən 6 aydır hökumətə təkliflər verilib, aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb.
Bildiyiniz kimi, 2010-cu ilin mayın 6-da keçmiş Nəqliyyat Nazirliyi həmin dövr üçün həm yol infrastrukturunu, həm də sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq, uzaq məsafələrə gecə reyslərinin ləğv olunmasına qərar vermişdi. Amma indi həmin qərarın verilməsindən 9 ildən çox vaxt keçib. Yol infrastrukturunda gedən irəliləyişlər göz önündədir. Təhlükəsizliklə bağlı nəqliyyat sahəsində aidiyyəti qurumların daşıyıcılar üzərinə qoyduğu tələblər də artıq forma və mahiyyətcə dəyişilib, yeni avtobuslar xəttə buraxılıb. Bütün sadaladığımız faktorları nəzərə alsaq, təhlükəsizlik tədbirləri görülmək şərtilə gecə reysləri bərpa oluna bilər”.
N.Allahyarovanın sözlərinə görə, tələbat artdığından gecə reyslərinin bərpa olunması məsələsi gündəmə gəlib:
“Yeni iş yerlərinin açılması, insanların regionlara və əksinə gediş-gəlişi daha sıx şəkil alıb. Buna görə də gecə reysləri vətəndaşlara daha müvafiq və rahatdır. Həm gecə səfərlərində vaxt itkisi olmur, həm də bu reyslər qeyri-qanuni daşımaların qarşısını ala bilər.
Belə ki, qeyri-qanuni daşımalar nəzarətin qismən az olduğu gecə saatlarında baş verir. Ona görə də sərnişinlərimizin belə daşımalara müraciət etməsinin, eləcə də qəzaların qarşısını almaq məqsədilə qanuni fəaliyyət göstərən müntəzəm marşrut xətlərində təhlükəsizlik tədbirləri görülməklə gecə reyslərini bərpa etmək daha məqsədəuyğundur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət