Slimfit
  1. AVTO VƏ MOTO

GASWAGEN - HƏRBİ ÖLÜM MAŞINI

GASWAGEN - HƏRBİ ÖLÜM MAŞINI
Sakura

HƏRBİ ÖLÜM MAŞINI – “GASWAGEN” HAQQINDA

Qazvaqen (alm. Gaswagen – qaz avtomobili), həmçinin qazenvaqen, "qaz kamerası" - elmi və məhşur ədəbiyyatda II dünya müharibəsi zamanı Nasist Almaniyasının insanların kütləvi şəkildə dəm (CO – karbonmonoksit) və tullantı qazı ilə zəhərlənərək məhv edilməsi üçün istifadə etdiyi mobil qaz kameralarına istinad etmək üçün istifadə olunan bir termindir (SSRİ və Şərqi Avropanın işğal olunmuş ərazilərinin əhalisi, Sovet əsirləri). Qazvaqenlərin kütləvi tətbiqinin başlanğıcı 1941-ci ilin noyabr – dekabr aylarına təsadüf edir (Kiyev, Poltava, Riqa və Helmno). 1942-ci ilin yazından Yuqoslaviyada (Serbiya) istifadəsi sənədlə təsdiqlənmişdir.

Nasistlərin qazvagenlərindən istifadəsi, 1943-cü ildə, SSRİ-nin Krasnodar vilayəti ərazisində törədilmiş bəşəriyyətə qarşı cinayətlərdə iştirak edənlərin mühakimə olunmasından sonra məlum oldu, burada "qaz kamerasında" 6700 mülki şəxs qazdan zəhərlənərək öldürüldü. SSRİ-də bu ölüm maşınlarının istifadəsinə dair materiallar Sovet prokurorları tərəfindən əsas hərbi cinayətkarlarının Nürnberq məhkəməsində təqdim edildi.

II dünya müharibəsi zamanı bu ölüm alətinin qurbanlarının ümumi sayı məlum deyil. 5 iyun 1942-ci ildə işğal edilmiş Minskin nasist sənədində 1941-ci ilin dekabrından 1942-ci ilin iyun ayınadək 3 qazvaqendə 97 min insanın öldürüldüyü bildirilir. Lodz (Polşa) yaxınlığındakı Helmno konsentrasiya düşərgəsində (konslaqer) ən az 152 min insan məhv edildi. Məlumdur ki, 23 iyun 1942-ci ildə istehsal şirkəti Gaubschat Fahrzeugwerke GmbH, ilk sifariş edilmiş 30 variantdan 2-nin 20 qazvaqenini (30-50 və 70-100 nəfərlik) təhvil verdi. İstehsal edilmiş qazvagenlərin heç biri qalmayıb.

YARANMA TARİXİ

Sağ qalan arxiv sənədlərinə görə, nasistlər ən azı 1939-cu ilin payızında zehni xəstə, əqli və fiziki qüsurlu insanları öldürmək üçün dəm qazından istifadə edirdilər. Şahidlərin dediyinə görə, bunun üçün traktorla yedəyə alınmış, balonlardan dəm qazı ötürülən kip furqondan istifadə edilirdi. Furqonlarda Kaisers-Kaffee-Geschäft (Kayzerin qəhvəxanası) yapışqanı həkk edilmişdir. İmperiyanın Təhlükəsizlik Baş İdarəsinin "Kriminaltechnisches Institut"u (KTI),  dəm qazının köməyi ilə öldürmə texnikasının hazırlanması və tətbiqi üçün cavabdeh idi.

15-16 avqust 1941-ci ildə SS reyxfüreri Henrix Himmler (Heinrich Himmler), Baranoviçi və Minskdə Ainsatzgroup V bölmələrinin tapşırıqlarının gedişi ilə tanış oldu. Onu müşayiət edən Bax Zalewski-nin gündəliyindəki qeydlərə görə Himmler gördüklərindən əsəb sarsıntısı aldı və Ainsatzgroup V-nin rəhbəri Artur Nebeyə "güllələnmədən də insaflı öldürmə metodlarını" hazırlamağı tapşırdı.

Himmlerin əmri ilə 1941-ci il avqust ayının sonunda bir neçə dəm qazı balonları KTI-dən Minskə gətirildi. Lakin kip otaqlar olmadan onların istifadəsi gözlənilən nəticəni vermədi. Adi tullantı qazlarından istifadə cəhdləri bir sıra texniki çətinliklər səbəbindən arzu olunan nəticəni vermədi.

Nəticədə mühərrik tərəfindən istehsal olunan dəm qazının istifadə ediləcəyi mobil qaz kameraları yaratmaq fikri ortaya çıxdı. Nebe və KTI His (SS-Sturmbannführer Heess) sentyabr ayının sonunda bu planların praktik olaraq həyata keçirilməsi üçün İmperiyanın Təhlükəsizlik Baş İdarəsinin II D bölməsinin rəhbəri W. Rauff-a müraciət etdilər.

Rauff, tabeçiliyində olan Pradel-ə əmr (SS-Hauptsturmführer Pradel) verdi, bunun Heydrixin tapşırığı olduğunu qeyd etdi. Pradel, öz növbəsində, tabeçiliyində olan Ventritə (Wentritt) bu tapşırığın texniki cəhətdən mümkünlüyünü (qazları kip furqona çatdırma) araşdırmağı və hesabat verməyi tapşırır. Müsbət cavab aldıqdan sonra Pradel yuxarıya məruzə etdi və tezliklə Hisadan (Heath) xüsusi təyinatlı maşının qurluşu və istifadəsi barədə təlimat aldı. Rauffun əmri ilə Pradel və Ventrit Berlində, epidemiya bölgələrindən cəsədlərin daşınması üçün kip furqonunun istehsalının zəruriliyi bəhanəsi Berlində kipləşdirilmiş konstruksiyalar istehsal edən Gaubschat Fahrzeugwerke GmbH şirkətinə baş çəkirlər. Bağlanmış müqavilədə RSHA şassini tədarük edəcək və şirkət ona lazımi avadanlıqlar quraşdıracaqdır. Tezliklə ilk 6 maşın hazır oldu.

ADLANDIRILMASI HAQQINDA

Ələ keçirilən alman sənədlərində bu qurğu Sonder-Wagen, Sonderfahrzeug, Spezialwagen və S-Wagen (xüsusi nəqliyyat) adlanırdı; Entlausungswagen (dezinfeksiya avtomobili) adına da rast gəlinir. Vergasungswagen (qazların tətbiqi üçün avtomobil) termini haqqında ilk məlum qeyd Nürnberq tribunalının sənədlərində (sənəd 501-PS) yer alıb. Həmin vaxt, Qərbin məşhur elmi ədəbiyyatında və II dünya müharibəsinin bitməsindən sonra nəşr olunan xatirələrində “Gaswagen” və ya “gas-van” termini istifadə olunur. Rusdilli nəşrlərdə "qazenvaqen" termini daha çox rast gəlinir. Sovet tarixi ədəbiyyatında "qaz kamerası" adı da istifadə olunur.

Qaz kameraları üçün Gaswagen adının seçimi kifayət qədər sadə bir əsasa malikdir. Müharibə gedişində Almaniyada mühərrik yanacağında ciddi bir çatışmazlıq yaşandı və məsuliyyətsiz daşınmalar qenerator qazı ilə işləyən vasitələrdən istifadə etməklə həyata keçirilirdi. Bu avtomobillərə "qazvaqen generatorları" və ya sadəcə "qazvaqen" deyilirdi. Əgər, onlar, odunla işləyirdilərsə (və əksəriyyəti də var idi), onda onlara da "holzgazwagen" deyilirdi ki, bu sözün də hərfi mənası "odun qaz furqonları" deməkdir. İngilis dilli ölkələrdə bu cür avtomobillər adətən qaz generatorlu avtomobillər (producer gas vehicles) adlanırdı.

Nürnberq məhkəməsindəki ittihamçılar ad seçməkdə çmətinlik çəkmədilər; düşərgələrin "qaz kameraları"nın sonra "qaz avtomobilləri" adından istifadə etmək olduqca məntiqlidir, xüsusən generator qazından istifadə edən 500 minə yaxın avtomobil var idi və "gaswagen" adını hər kəs bilirdi.

SINAĞI

Hazır nümunələrdən birinin sınaqları noyabr ayında Zaksenhauzen (Zachsenhausen) konsentrasiya düşərgəsində aparıldı. Avtomobilə 30 nəfər kişi yerləşdirdilər, onların dəm qazından öldüyü KTI kimyaçısı Leydinq (Leiding) tərəfindən qeydə alındı. Digər bir neçə nümunə 1941-ci ilin noyabr ayında Kiyevə göndərildi və onlardan biri tezliklə, Poltavada yəhudi əhalisini məhv edərkən istifadə edildi. Bir nümunə Helmno (Polşa) konsentrasiya düşərgəsinə, 1941-ci ilin dekabr ayında Riqaya iki qazvaqen çatdırıldı.

TƏTBİQ TƏCRÜBƏSİ

1960-cı ildə Almaniyada baş verən bir prosesdəki ifadələrə əsaslanaraq tədqiqatçılar bu qurğunun istifadəsi haqqında belə bir məlumat verir:

Furqona minməzdən əvvəl insanlara bütün qiymətli əşyaları və paltarları təhvil vermək əmri verilirdi. Bundan sonra qapılar bağlanırdı və qaz təchizatı sistemi işə düşürdü. Qurbanlar arasında vaxtından əvvəl qorxu yaratmamaq üçün qapılar bağlandıqda furqonda olan işıq yanırdı. Bundan sonra sürücü mühərriki neytral vəziyyətdə təxminən 10 dəqiqə işlədirdi. Furqonda hərəkət dayandıqdan sonra cəsədlər kremləmə/basdırılma yerinə aparılırdı və boşaldılırdı (qazvaqenlərin birbaşa kremləmə binalarına/xəndəklərə yerləşdirildiyi bir sıra hallar da məlumdur).

QURULUŞU

Bu qurğunun hazırlanması və istehsalına dair qorunub saxlanılmış sənədlərə əsasən, bu, qaz buraxmayan kip qapıları olan furqon, qaz girişi (döşəmədə) olan deşilmiş bağlı metal təbəqədən ibarətdir. Furqonun 2 cür - 30-50 nəfər və 70-100 nəfər üçün istehsal edildiyi məlumdur (sonuncu barədə - cəsədləri boşaltmaq üçün xüsusi bir qurğunun hazırlanması barədə məlumatlar var). Furqonlar yükgötürmə qabiliyyəti 3,5 ton olan (kiçik furqon) - Opel Blitz, Diamond Reo, Renault və böyük furqon 6,5 ton olan "Zaurer"in şassisi üzərində qurulurdu. Şassi və mühərrik xüsusi bir şəkildə dəyişdirilirdi və yenidən təchiz edilirdi.

Helmno konsentrasiya düşərgəsində qazvaqenləri təmir edən bir neçə mexanikin sözlərinə görə, qazvaqenlərə quraşdırılmış mühərrik, oxşar maşınlarda gördükləri digər mühərriklərdən fərqli idi. Həmçinin, adi mühərrikdən iki qat artıq yanacaq sərf edirdi və qeyri-adi səsboğucu sisteminə malik idi.

 

Tərcümə etdi: AVTO KLUB AZƏRBAYCAN klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: AvtoKlub Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR