G-20 hərəkətə keçdi: Korona düşmənləri barışdırır?
G-20 ölkələrinin budəfəki görüşündə əsas müzakirə mövzusunun koronavirus pandemiyasının fəsadları, ölkələrin bu problemlə birgə mübarizə yolları və s. olacağı gözlənilir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Səudiyyə Ərəbistanının koronavirusla əlaqədar G-20-nin növbədənkənar sammitini çağırmaq təklifini şərh edərkən deyib.
O bildirib ki, bundan əlavə, hazırda dünyada neft böhranı da hökm sürür:
“Bu görüşün gündəliyində koronavirus pandemiyasından əlavə, bir çox aktual mövzu dilə gətiriləcək. Koronavirusun yayıldığı bir zamanda G-20 ölkələrinin bir araya gələcəyi ehtimal olunurdu. Hazırda bu görüşlə bağlı müzakirələr davam edir. Bu, ənənəvi görüşlərdən fərqli olacaq. Tərəflərin video-konfrans formatında görüş keçirməsi gözlənilir”.
Politoloq qeyd edib ki, G-20 ölkələrinin görüşü zamanı Səudiyyə Ərəbistanı ilə Rusiya arasında başlayan neft böhranı və İrana tətbiq edilən sanksiyalar da müzakirə edilə bilər:
“Bir müddət öncə Səudiyyə Ərəbistanı ilə Rusiya arasında başlayan neft böhranı dünya bazarlarında neftin qiymətinin kəskin enməsinə gətirib çıxartdı. G-20 ölkələrinin gündəliyində bu məsələnin də aktual olacağı mümkündür. Əslində, bu problemin həll edilməsi zəruridir, çünki ölkələr hazırda vahid problemə foksulanmalıdırlar. Bu mənada deyə bilərəm ki, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında başlayan neft böhranı bu görüş sonrası tərəflərin bir-birinə güzəştə getməsi ilə səngiyə bilər. Bu gün koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkə bəlkə də İrandır. İranda hazırda vəziyyət çox gərgindir. Məsələ ondadır ki, İran Qərbin və ABŞ-ın sanksiyaları səbəbilə ölkəyə lazımi qədər dərman preparatları və qida vasitələri gətirə bilmir. Hətta Rusiya və Çin məsələ ilə bağlı ABŞ və Qərbə İrana tətbiq edilən sanksiyaları geri çəkməyi məsləhət görmüşdü. Düşünürəm ki, bu görüş çərçivəsində İrana tətbiq edilən sanksiyaların da azaldılması və ya müvəqqəti aradan qaldırılması müzakirə edilə bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət