Slimfit
  1. MEDİA

Fransa səfiri: 'Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməliyik'

Fransa səfiri: 'Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməliyik'
Sakura

Fransa səfiri: 'Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməliyik'

Fransanın Azərbaycandakı səfiri Zaxari Qrossun "Report" informasiya agentliyinə müsahibəsi:

- Cənab səfir, Azərbaycandakı diplomatik fəaliyyətiniz bu yaxınlarda başlayıb. Ölkəmizlə bağlı ilk təəssüratlarınız necədir?

- İlk təəssüratlarım belədir: isti insanlar, mürəkkəb dil, canlanmış paytaxt, parlaq müasir memarlıq, yaxşı yemək, möhtəşəm dağlar və "Mən haradayam", "Bura Avropadır, ya yox" sualları.

- Azərbaycandakı diplomatik fəaliyyətinizin prioritetləri nə olacaq?

- Fransa və Azərbaycan həm Avropada, həm də regionda firavanlıq və təhlükəsizlik naminə tərəfdaşdır. Bunu necə istəyirsiz adlandıra bilərsiniz, amma mən düşünürəm ki, strateji tərəfdaşlığı inkişaf etdirməliyik. Prioritetlərimiz isə bunlardır: daha çox siyasi dialoq, daha çox ticarət, daha çox tələbə mübadiləsi və təhsil layihələri, daha çox əməkdaşlıq.

Bundan əlavə, ölkənin hər bir guşəsini görmək istəyirəm.

- Fransa-Azərbaycan əməkdaşlığının hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Artıq yaxşı təməl qoyulub. Ölkələr arasında ən yüksək səviyyədə siyasi dialoq, dövlətlərimizin başçıları arasında güclü şəxsi təmaslar mövcuddur. İşgüzar əlaqələr artır. Təhsil sahəsində daha da inkişaf etdirmək istədiyimiz böyük uğurlarımız var: Azərbaycan-Fransız Universitetində (UFAZ) 600-ə yaxın istedadlı tələbə, Bakıdakı Fransız Liseyində isə 200 gözəl uşaq təhsil alır. Fransa səfirliyi tərəfindən verilən vizaların sayı daim artır (keçən il, təxminən, 18 min olub).

Ancaq aydındır ki, daha çox şey edilə bilər və edilməlidir.

- Ölkələr arasındakı iqtisadi əməkdaşlıq barədə nə deyə bilərsiniz?

- Fransanın Azərbaycana marağı çox böyükdür. Ancaq açığını desək, mövcud potensialdan tam istifadə etməmişik. Ticarət dövriyyəmiz təqribən 615 milyon avrodur ki, bunun da 500 milyonu Azərbaycanın, 115 milyonu isə Fransanın payına düşür. Beləliklə, bir tərəfdən ticarət dövriyyəsinin ümumi səviyyəsi hələ də aşağı səviyyədədir, digər tərəfdən, Fransanın Azərbaycanla dövriyyədə ciddi ticarət kəsiri var. Bu, mənim üçün bir qədər qaranlıqdır, çünki Fransa şirkətləri vəziyyəti dəyişə və bütün azərbaycanlılar üçün daha yaxşı bir gələcəyə töhfə verə bilər. Fikrimizcə, hər iki tərəf üçün qarşılıqlı maraq doğuran beş sektoru müəyyən etmişik: ətraf mühit, nəqliyyat, energetika, təhlükəsizlik və investisiya. Fransa şirkətləri şəhərlərdə suyun keyfiyyətinin yaxşılaşdırmaq, ölkənin göllərinin təmizləmək, şəhər və şəhərlərarası nəqliyyatı yaxşılaşdırmaq, külək və günəş energetikasını inkişaf etdirmək və kritik vacib infrastrukturu qorunmaq üçün zəruri olan texnologiya və təcrübəyə malikdirlər. "Total" şirkəti Azərbaycanın müstəqilliyini möhkəmləndirmək və bazarda rəqabət qabiliyyətini artırmaq üçün çoxlu sərmayə qoymağa hazırdır. Fransa da çalışır ki, Azərbaycan Fransa iqtisadiyyatında imtiyazlı investor olsun.

- Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, biznes mühitinin və aqrar-sənaye kompleksinin inkişafı istiqamətində bir sıra islahatlar aparılır. Onları necə qiymətləndirirsiniz və Fransa bu məsələdə hansı dəstəyi verə bilər?

- Azərbaycan Prezidentinin 2016-cı ildə Davosda böyük nitq söylədiyini və struktur islahatları və iqtisadiyyatın şaxələndirilməsi haqqında danışdığını xatırlayıram. Bu, Azərbaycan üçün vacib məqam idi. Ədalət naminə qeyd edək ki, artıq çox görülüb. İslahatlar yol xəritəsinin icrası yaxşı gedir və onu daha sürətli təşviq etmək lazımdır. Azərbaycan xalqının gündəlik həyatını yaxşılaşdıran bir sıra yaxşı inzibati islahatlar aparılıb. Məsələn, ASAN və DOST xidmətlərinin yaradılmasını xatırlamaq olar. Lakin qeyri-neft sektoruna xarici sərmayə cəlb etmək üçün daha çox iş görülməlidir. Bu, iqtisadi diversifikasiyanın əsas elementidir. Bununla əlaqədar, rəqabət haqqında qanunun qəbul olunacağına ümid edirik. Azərbaycan, təbii ki, Avropa İttifaqında tətbiq olunan dünyanın ən yaxşı rəqabət haqqında qanunu ilə yaxından tanış olmalıdır. Şirkətlərimiz həmçinin etibar edə biləcəkləri güclü məhkəmə sistemi görmək istəyirlər. Kənd təsərrüfatını düzgün qeyd etdiniz. Bu, hər iki ölkə üçün əsas sektordur və biz Fransanın Avropa və dünya bazarlarına uyğunlaşma təcrübəsini bölüşməkdə maraqlıyıq. Əlbəttə ki, ölkənizin şərab sənayesinin inkişafına bu qədər maraq göstərməsini də bəyənirik.

- Turizm sahəsində əməkdaşlıq barədə nə deyə bilərsiniz? Sizcə, turistləri Azərbaycana nə cəlb edə bilər? Nəyə diqqət etməliyik?

- Hesab edirəm ki, Azərbaycan dayanıqlı turizmə, ekoturizmə, mədəni turizmə diqqət yetirməlidir. Ölkə çox cəlbedicidir. Ölkə kiçik olsa da, burada müxtəlif iqlim zonaları, həmçinin qorunması lazım olan mədəni qruplar və ekosistemlər var. Buna görə də hesab edirəm ki, ekologiya naziri Babayev ölkənin təbii parklarını inkişaf etdirmək istəyində haqlıdır. Fransanın bu sahədə böyük təcrübəsi var. Bir çox avropalılar kimi fransızlar da dağlarda, kənddən kəndə piyada gəzməyi sevirlər. Bu, sadəcə sağlam həyat tərzi deyil, həm də yerli icmalar üçün faydalıdır. Azərbaycanın böyük potensialı var.

- Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bununla əlaqədar Parisdə bir sıra yüksək səviyyəli görüşlər keçirilib. Siz problemin həlli perspektivlərini necə görürsünüz?

- Dağlıq Qarabağ münaqişəsi Avropanın ən qədim münaqişələrindən biridir. O, hər an ciddi təhlükə və yüksək gərginlik riski yaradır. Status-kvo dayanıqlı deyil, çünki hər iki ölkə, onların iqtisadiyyatı, bundan əziyyət çəkənlərin hamısının ailələri üçün faydalı deyil. Fransa münaqişənin sülh yolu ilə ədalətli və davamlı həllinə dərindən sadiqdir. Ölkəniz kimi, biz də effektiv çoxtərəfli və beynəlxalq hüquqa sadiqik. Yanvarın 16-da Parisdə keçirilən görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə dair razılığa gəliblər. Ümid edirəm ki, diplomatik proses hələ də aktualdır, Azərbaycan və Ermənistan liderləri danışıqları davam etdirir.

- Dağlıq Qarabağ separatçıları təxribatlar həyata keçirir, vaxtaşırı siyasi fəal deputatları Qarabağa dəvət edir və Fransanın müxtəlif bölgələri ilə qanunsuz əməkdaşlıq haqqında sazişlər imzalayırlar. Bu məsələdə Fransanın rəsmi mövqeyi necədir?

- Oxucularınız Fransanın mövqeyini bilir. Qondarma "Dağlıq Qarabağ hökuməti"ni tanımırıq. Fransa hökumətinin onlarla heç bir əlaqəsi yoxdur. Fransadakı yerli bələdiyyələrlə Dağlıq Qarabağdakı şəhərlər arasındakı əsasnamələrə dövlət tərəfindən məhkəmədə etiraz edilib və onlar mütəmadi olaraq ləğv edilir. Deputatlara və ya adi Fransa vətəndaşlarına gəlincə, hökumətin insanların bir yerdən başqa yerə hərəkət etməsinin qarşısını almaq üçün imkanı yoxdur. Əslində, dünyada vətəndaşlarımızdan, o cümlədən deputatlardan ziyarət etməmələrini xahiş etdiyimiz bir çox bölgə var, çünki hökumətlərini tanımırıq və məsələn, Şimali Koreya kimi, diplomatik əlaqələrimiz yoxdur və ya oralar çox təhlükəlidir. Lakin təəssüf ki, heç də həmişə vətəndaşlarımızı inandıra bilmirik. Fransa Xarici İşlər Nazirliyinin saytına baxa və ziyarət edilməməsi tövsiyə olunan yerlər siyahısında Dağlıq Qarabağın da adının olduğunu görə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR