"Formula 1"-ə görə Bakının bəzi mərkəzi küçələri bağlanacaq - Siyahı
"Aprelin 22-dən Formula 1 Azərbaycan Qran-Prisi yarışının keçirilməsi ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək bağlanacaq".
Bu barədə ONA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, yarışma Azadlıq meydanından başlayaraq, Puşkin, Xəqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi, Azneft dairəsi və Dənizkənarı bulvar, Neftçilər prospekti marşrutu üzrə keçiriləcək. Bu istiqamətlər üzrə kəsişən, bitişən, paralel olan əksər küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək bağlanacaq”.
V.Əsədov deyib ki, hazırda yarışla əlaqədar paytaxtın Azadlıq prospekti, Zərifə Əliyeva küçəsindən Neftçilər prospekti kəsişməsinədək olan hissəsi tam bağlanıb: “Eləcə də Üzeyir Hacıbəyov küçəsi, Puşkin küçəsinin kəsişməsindən Azadlıq küçəsinin kəsişməsinədək olan hissədə 6 hərəkət zolağı 3 hərəkət zolağına çevrilib. Sürücülər bunu nəzərə alsınlar”.
Bölmə rəisi bildirib ki, "Formula 1"-in Təşkilat Komitəsi tərəfindən verilmiş informasiya əsasında yollardakı hərəkətlə bağlı Dövlət Yol Polisi tərəfindən əlavə məlumat veriləcək.
Qeyd edək ki, "Formula 1" yarışı 26-28 aprel tarixlərində keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət