Slimfit
  1. MARAQLI

Fobiyalar nə zaman yaranan qorxulardır?

Fobiyalar nə zaman yaranan qorxulardır?
Sakura

Fobiyalar nə zaman yaranan qorxulardır?

Şişirdilmiş və məntiqsiz görünən, fərqli reaksiyaların verildiyi qorxu halı fobiya adlanır. Fobiya mütləq hansısa hadisələrin nəticəsi olaraq yox, bəzən səbəbsiz yaranır. Fobiyası olan insanlar qorxularının məntiqsiz olduğunu bilirlər, amma ona qarşı heç nə edə bilmirlər. 

Oxu.Az xəbər verir ki, fobiyaların üç növü var:

1) Spesifik fobiyalar – hansısa əşya və ya hadisəyə, müəyyən heyvanlar, həşəratlar, xəstəliklərə qarşı olur. Ən çox yayılanları hörümçək, ilan və hündürlük qorxularıdır.

2) Sosial fobiya – insan digərlərinin ona güləcəyini, onu mühakimə edəcəyini düşünür.

3) Aqorafobiya – əsasən, digər fobiyaların nəticəsində meydana çıxır. Vəziyyətdən qaçmağın mümkün olmadığını anladıqda evdən kənar istənilən məkanda, xüsusən açıq ərazilərdə baş verir və panik atakla nəticələnir.

Fobiyaların müalicəsi psixoterapiya ilə mümkündür.

Gənclərin əksəriyyətində müxtəlif fobiyalar var, bəziləri uşaqlıqdan gəlsə də, bəzilərində bu, sonradan yaranıb.



Mina Bağırova uşaqlıqdan bəri hündürlük fobiyasının həyatına təsir etdiyini deyir:

“3-4 yaşım olandan bu fobiyam olub, evdə pilləkənin yuxarısında dayanıb tərpənmirdim. Heç bir səbəb olmasa da, özümü itirirəm və o hündürlükdə qalmaqdansa, özümü yerə atmağı seçirəm. Həkimlərə çox getmişəm, dərman da yazıblar, heç bir xeyri yoxdur. Açıq və geniş yerlərdən də çox qorxuram”. 

Taleh Səfərli hündürlükdən qorxması və qapalı yerdə qalanda panikaya düşməsi haqda danışıb:

“Qorxum yox idi, sonradan formalaşdı. Üç və ya dördüncü sinifdə oxuyurdum. Yaşadığım yerdə yeni tikilən ev vardı, evin damına çıxıb şəhərə baxmaq istədim. Çıxdım, gözüm qaraldı və qorxdum. Geriyə qayıtmaq istəyəndə yıxıldım, ayaq barmağım sındı. İndi həmişə hündürlüyə qalxanda o an gözümün qabağına gəlir, elə bilirəm, yenə yıxılacam.

Qapalı yerə olan qorxum isə suda boğulandan bəri var. Uşaq idim, üzürdüm, bir də gördüm, yorulmuşam, qolum getmir, su çəkir. Suyun altı, nəfəssizlik. Məni xilas etdilər, amma indi bir az darısqallıq olanda sıxılıram”.

Azad Nuriyev qaranlıq qorxusunun fobiyaya çevrilmiş halı ilə mübarizə aparıb və qalib gəlib:

“13 yaşımdan 16 yaşıma qədər niktofobiya ilə mübarizə apardım. Daima onunla üzləşsəm də, qalib gələ bilmirdim. Çin fəlsəfəsində deyilir ki, uğura çatmaq üçün düşməninlə, qorxunla və özünlə üzləşməlisən. Qərar verdim ki, qalib gəlmək istəyirəmsə, onun üzərinə getməliyəm. Gecə gəzintilərinə üstünlük verdim, qaranlıq şəraitdə müəyyən müddət qalaraq qorxulu heç nə olmadığını özümə sübut etdim.

İndiki qorxu – hündürlük qorxusu isə məni uşaq yaşlarımdan bəri tək qoymur. Adi, kim üçünsə alçaq görünən yer də ola bilər, hündürlüyün istənilən nöqtəsində bu qorxu məndə baş qaldırır və həyat tərzimə təsir edir, bəzən dostlarla attraksionlarda əylənmək istəyirəm, alınmır, ya da dağlıq zonalarda təbiət gəzintisi zamanı bu, özünü göstərir”. 

Leyla Firudinlinin sözlərinə görə, fobiyasının konkret olaraq yaranma səbəbi olmasa da, keçmişdəki xəstəliklə əlaqələndirilə bilir:

“Qapalı yerdə qalma fobiyam var, klaustrofobiya adlanır. Desəm ki, nə vaxtsa uzun müddət qapalı yerdə qalmışam, sonra bu qorxu yaranıb, düz olmaz. Qapalı yerdə qalmaqdan qorxuram, çünki elə bilirəm ki, qapalı məkanda olsam, nəfəs ala bilməyəcəyəm və boğulacam. Nəinki qapalı yerdə olanda, bunu düşünəndə də nəfəs almaqda çətinlik çəkirəm, elə bilirəm, kimsə məni sinəmdən basıb sıxır, boğuluram. 

Nəfəslə bağlı bronxit xəstəliyim vardı, çox öskürəndə nə burundan, nə də ağızdan nəfəs ala bilmirdim. Bu xəstəlik keçsə də, xəstəliklə bağlı qorxularım qalıb”.

Psixoloq Gülnar Orucova fobiyaların birbaşa şüuraltı ilə bağlı olduğunu bildirib:

“Qorxu hər kəsdə ola bilər, fobiya yox. Rahatlığımızı pozan, həyatımızı məhdudlaşdıran qorxu fobiyadır. İlan gördükdə ilandan hər kəs qorxur, amma onu görəndə biri nəfəsi kəsiləcək qədər qışqırırsa, bu, fobiyadır.



Fobiya müalicə oluna bilən psixi xəstəlikdir, yaranmasının yaşı olmur. Uşaqlıq dövründə olan qorxular sonradan fobiyaya çevrilə bilir. Antidepresantlarla, psixoterapevtlərlə müalicə olunur. Hazırda dünyada hipnozla müalicə olunmağa başlayıb. Qorxular şüuraltında olur və hipnoz sırf şüuraltıya təsir edir. Buna görə də dünyada fobiyaların hipnozla müalicəsi mümkündür”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR