Əvvəlcə həkim, sonra prokuror, hakim olan həmvətənimiz – qürbətdə yuva qurmağın uğur hekayəsi
Qəhrəman Sədiyev: “Bir ana vətənimiz, milli dövlətimiz var, harda oluruqsa, olaq, vətən təəssübü çəkməyə məcburuq”
20 yaşlı bir gənc qürbət ölkəyə gedir, maddi sıxıntılarla, qəribçiliklə, kimsəsizliklə savaşa-savaşa özünə yer edir, yuva qurur, universiet bitirir, kök salır, sonra daha bir universitetdən məzun olur, sonunda prokuror, hakim kimi böyük vəzifələrdə çalışır.
Bu, serial ssenarisi deyil, gerçək tarixçədir.
20 yaşında, hərbi xidmətini başa vurandan sonra Qazaxıstanın o vaxtkı paytaxtı Almatıya pənah aparan həmvətənizimin adı Qəhrəman, soyadı Sədiyevdir. O, 1969-cu ildə Yardımlı rayonunun Telavar kəndində doğulub, 1989-cu ildən Almatıda yaşayır. Artıq 30 ildir ki, onun iki vətəni var.
Bu sətirlərin müəllifini Almatıda fəaliyyət göstərən diaspor təşkilatımızın yeni rəhbəri olan Qəhrəman Sədiyevlə İTV-nin Qazaxıstandakı xüsusi müxbiri Füzuli Məcidli tanış etdi, “maraqlı həyat tarixçəsi var, istiqanlı, millətsevər biridir” dedi.
Biz Qəhrəman bəylə Almatıda azərbaycanlılara məxsus olan elit bir kafedə görüşdük. Ordan-burdan, çox şeydən danışdıq. Lap sonda “bu söhbətdən bir şeylər yazacam” deyə anons verdim ki, müsahibə icazəli olsun. Keçmiş prokuror/hakim sadəcə “necə məsləhətdir” dedi.
Qəhrəman Sədiyev 30 il öncə Almatıya ali təhsil almağa gəlib. Asfendiyarov adına Tibb Universitetini bitirdikdən sonra iki il uroloji cərrah assistenti işləyib. Sonra, ötən əsrin 90-cı illərinin ortalarında bütün postsovet ölkələrini sarmış xaos, haqsızlıq, ədalətsizlik, iqtisadi çöküş onu öz ixtisasını dəyişməyə vadar edib.
Bəs dünyanın ən təminatlı, ən prestijli bir peşəsinə sahib olan Qəhrəman yeni ixtisas olaraq nəyi seçib? Hüquq sahəsini.
O, özü həkimlikdən hakimliyə aparacaq yolu seçməsinin səbəbini belə izah edir:
-O vaxtlar hər yerdə olduğu kimi, Qazaxıstanda da həm iqtisadi sahədə, həm də haqq-ədalət sferasında bərbad durum yaranmışdı. Hər gün cürbəcür haqsızlıqlarla üzləşirdim. Xüsusilə də əlində səlahiyyəti, imkanı olan vəzifə adamları qarşılarına çıxanı əzməyə çalışırdılar. Əzilənlər arasında həmvətənlərimiz də vardı. Şikayət dinləməkdən bezar idik. Bir gün qərar verdim, dedim, təhsilimi davam etdirəcəm, hüquqşünas, prokuror, hakim olacağam və ən azı öz hüququmuzu müdafiə edəcəyəm.
Beləcə, Qəhrəman Sədiyev Sankt-Peterburq Humanitar Universitetinin hüquq fakültəsində təhsil alır, Qazaxıstana qayıdır, ədliyyə sistemində işə düzəlir. Bir müddət Ədliyyə Nazirliyinin departamentində baş mütəxəssis işlədikdən sonra idarə rəisi vəzifəsinə təyinat alır. Daha sonra o, Almatı vilayət prokurorluğunda dövlət orqanlarının fəaliyyətində qanunçuluğa nəzarət üzrə böyük prokuror vəzifəsinə təyin olunur. Uzun illər bu vəzifədə işlədikdən sonra Sədiyev məhkəmə sisteminə keçir, Almatı şəhərində hakim vəzifəsində çalışır. Hazırda Qəhrəman bəy Avrasiya Beynəlxalq Arbitraj Məhkəməsinin hakimidir, notariat, vəkillik kontorunun rəhbəridir, hüquq elmləri namizədidir. Qazaxıstan Respublikası Xalqlarının Assmbleyasının (bu məsləhət-məşvərət assambleyası xüsusi statusa malikdir, birbaşa rəhbəri Qazaxıstan prezidentidir) üzvüdür. Bu yaxınlarda Almatı şəhər Azərbaycanlılar Assosiasiyasının (diasporun) rəhbəri seçilib.
- Diaspor təşkilatında vəziyyət necədir, Almatı vilayətində və keçmiş paytaxtda yaşayan həmvətənlərimiz fəaldırmı, diaspor təşkilatı güclüdürmü?
-Qazaxıstanda təxminən 150 min azərbaycanlı yaşayır. Bir dəfə Qazaxıstanın lideri Nursultan Nazarbayev öz çıxışında “Azərbaycanla Qazaxıstan arasında 150 min körpü var” deyə bir ifadə işlətdi və ölkəsində yaşayan azərbaycanlıların sayına işarə etdi. Amma qeyri-rəsmi bilgilərə görə, Qazaxıstanda 200 min civarında həmvətənimiz var. Onların bir xeylisi Stalin dönəmində sürgün olunanların övladlarıdır, bir yarısı da sovet dönəmində hərbi xidmətə, işləməyə gələn və burada qalanlardır. Sonradan gələnlər də var. Hətta xeyli Məshəti türkü var ki, vaxtilə Azərbaycanda qısa müddət yaşayıblar və özlərini azərbaycanlı sayırlar. Bu 150-200 min azərbaycanlının içində fəal adamlar çoxdur. Bizimkilər yeni-yeni təşkilatlanmağa üstünlük verirlər. Hər kəs öz yaşadığı yerdə yerli cəmiyyətlə qaynayıb-qarışımış durumdadır. Ancaq təcrübə göstərir ki, zaman-zaman adamların diaspor təşkilatının köməyinə, dəstəyinə ehtiyacı yaranır. Bizimkilər ehtiyac hiss etdikcə diaspor təşkilatında birləşməyi üstün tuturlar.
- Bəs fəallıq edən, diaspor təşkilatında təmsil olunan həmvətənlərimiz arasında ikitirəlik, intriqa varmı? Çünki başqa ölkələrdəki diaspor təşkilatlarımızın arasında ciddi ixtilaflar, umu-küsülər, söz-söhbətlər var.
- Şükür ki, bizdə elə də ciddi ixtilaflar yoxdur, amma giley-güzarsız ötüşmək də mümkün deyil. Biz gələcəyə baxırıq. Keçmişə baxmaq, köhnə söhbətləri qurdalamaq elə keçmişdə, geridə qalmaq deməkdir. Onu da qeyd edim ki, diaspor təşkilatımızın güclənməsində, inkişafında məndən əvvəlki rəhbərimiz Əbülfəz Xammədovun böyük və müstəsna rolu var. O, burada tanınmış, nüfuzlu bir şəxsdir, alimdir, memardır.
- Hazırda Qazaxıstanda yaşayan azərbaycanlılar əsasən hansı sahədə çalışırlar və durumları necədir?
- Deyim ki, hələ sovet dövründə bizimkilər burada fərasətli olmaları ilə seçiliblər, ölkənin hüquq-mühafizə orqanlarında təmsil olunublar, polkovnik, mayor rütbələrində istefaya çıxan xeyli azərbaycanlı olub. İndi də hüquq-mühafizə orqanlarında çalışanlarımız var. Bundan başqa, ticarət və iaşə sferasında uğurlu fəaliyyət göstərən xeyli həmvətənimiz var. Əksəriyyətinin də maddi durumu yaxşıdır, ölkənin qanunlarına riayət edir, çörəklərini qazanırlar. Hərdən əli dara düşmüş eloğlulara da rast gəlirik və bacardığımız qədər onların problemini həll etməyə çalışırıq. Bizim insanlar gerçəkdən də istedadlı və bacarıqlıdır. Bəlkə də özlərini güclü saydıqlarına görədir ki, problemlərini fərdi qaydada həll etməyə çalışır, diaspor təşkilatının, həmvətənlərin köməyinə ehtiyac duymadan keçinmək istəyirlər. Amma hər insan yalnız özündən, ailəsindən ibarət deyil. Bizim bir ana vətənimiz, milli dövlətimiz, orada yaşayan çoxsaylı qohum-əqrəbamız, dost-tanışımız var. Biz harda oluruqsa, olaq, vətən təəssübü çəkməyə məcburuq. Yoxsa “beş tenge pul qazanıram, bu, mənə bəsdir” prinsipi ilə yaşamaq olmaz.
- Ümid varmı ki, Qazaxıstandakı diaspor təşkilatımız gələcəkdə daha güclü olacaq.
- Ümid həmişə var. Amma təkcə ümid bəsləməklə iş bitməz. Hərəkət etmək, fəal olmaq, insanları mütəşəkkil olmağın faydalarına inandırmaq lazımdır. Bu yöndə çalışacağıq. Yeni diaspor nazirimiz Fuad Muradovu da ona müsaid bir zamanda Almatıda gözləyirik, gəlsə, təmas qursa, faydalı olar. İnanıram ki, hər şey gözəl olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət