Ev alğı-satqısı dayandı, amma ucuzlaşma yoxdur
Daşınmaz əmlak bazarında hazırda vəziyyət olduqca gərgindir. Durğunluq hökm sürür. Ev satan olsa da, ev alan demək olar ki, yoxdur. Karantin müddəti başa çatdıqdan sonra mənzil bazarında qiymət artımı olacağı gözlənilir.
Bu barədə Axar.az-a əmlak eksperti Elnur Fərzəliyev əmlak bazarındakı durumla bağlı danışarkən deyib. O bildirib ki, hazırda satış ancaq tikilməkdə olan binalarda həyata keçirilir:
“İnşası davam edən göydələnlər, içində yaşayış olmayan bina evlərinin satışında azalma baş versə də, ümumilikdə alğı-satqı var. Yaşayış olan və ya vətəndaş tərəfindən satılan evlərin satışı demək olar ki, dayanıb. Koronavirusun yayılması səbəbilə çoxları içində yaşayış olan evlərin alışına meyillənmir. Həmçinin satıcılar özləri də yayılan infeksiya səbəbindən evə baxmağa gəlmiş müştərini evə buraxmaq istəmir. Bu da təbii olaraq alışı dayandırır. Hazırda müəyyən hərəkətlilik ancaq daxili kreditlə satılan binalardadır”.
Əmlak eksperti bildirib ki, koronavirusla bağlı elan edilmiş xüsusi rejim başa çatdıqdan sonra mənzil bazarında qiymət artımı mümkündür:
“Ev alğı-satqısının dayanmasına səbəb həm də yayılan infeksiya səbəbindən əmlak satışı ilə məşğul olan obyektlərin müvəqqəti olaraq işləməməsidir. İndi ancaq internet üzərindən mənzil satışı həyata keçirilir. Alınan mənzillərin əksəriyyəti də kiçik kvadratlı evlərdir. Böyük kvadratlı evlərin alışı demək olar, tamamilə dayanıb. Hazırda mənzil bazarında durğunluq olduğundan nəyin necə olacağı ilə bağlı proqnoz vermək çətindir. Ancaq ümumilikdə demək olar ki, karantin müddətindən sonra daşınmaz əmlak bazarında qiymət enməyəcək. Hətta qiymətlərin daha da artacağı gözlənilir. Nəzərə almaq lazımdır ki, hazırda bir çox MTK tikintini dayandırmayıb, əvəzində isə tikinti materialı obyektlərinin çoxu fəaliyyətini müvəqqəti dayandırıb. Sərhədlər bağlandığından tikinti materialları da məhdud saydadır. Bu da öz təsirini birbaşa tikintiyə və mənzil qiymətinə göstərəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət