Əsirlərin hamının-hamıya prinsipi ilə dəyişdirilməsi gözlənilir
Ermənistan ordusunun zabiti Qurgen Alaverdyanın Goranboy rayonu istiqamətində diversiya cəhdi zamanı Azərbaycana əsir düşməsi ciddi polemikalara yol açıb.
Ens.az Modern.az -a istinadən xəbər verir ki, Azərbaycanda saxlanılan 5 Ermənistan vətəndaşının 6 ildir Qarabağda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi müzakirə olunur. Amma ölkənin siyasi rəhbərliyində məsələ ilə bağlı ciddi fikir ayrılığının olduğu, müzakirələr aparıldığı xəbər verilir.
Lragir.am saytının siyasi şərhçisi Nairi Ayrumyan əsir və girovların hamının-hamıya prinsipi ilə azad oluna biləcəyini düşünür. O, bu prosesdə Moskvanın önəmli rol oynayacağını təxmin edir.
“Rusiya müdafiə naziri Sergey Şoyqu Bakıya gəldi, ardınca, Azərbaycan XİN rəhbəri Rusiyaya səfər etdi. Rusiya və Azərbaycan Tovuz döyüşlərindən sonra münasibətləri yaxşılaşdırmağa çalışır. Əsirlərin hamının-hamıya prinsipi ilə dəyişdirilməsi bu yaxşılaşma üçün əsas stimul ola bilər. Bu baxımdan əsirlərin hamının-hamıya prinsipi ilə dəyişdirilməsi gözləniləndir”-deyə politoloq deyib.
Onun fikrincə, girovların saxlanıldığı Qarabağda separatçı rejimin yeni rəhbəri Araik Arutunyan da təşəbbüsə isti baxır.
“Qarabağın yeni rəhbərləri Araik Arutunyan və Samvel Babayanın məsələyə münasibəti naməlumdur. Onlar heç vaxt Rusiyaya simpatiyalarını gizlətməyiblər və əvvəlki rəhbərlik təklifə sərt münasibət bəsləyirdisə, yeni rəhbərlərin mövqeyi bəlli deyil”.
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda Qarabağda doğma yerləri ziyarət edən zaman girov götürülüb. Hazırda Azərbaycan tərəfdə Qurgen Alaverdyanla yanaşı, Arsen Baqdasaryan və Karen Kazaryan adlı hərbçilər də saxlanılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət