"Azərbaycan və Ermənistan öz aralarında danışıb Dağlıq Qarabağ münaqişəsi üzrə bir qərara gələcəksə,…
"Azərbaycan və Ermənistan öz aralarında danışıb Dağlıq Qarabağ münaqişəsi üzrə bir qərara gələcəksə, o zaman ATƏT-in Minsk qrupu nəyə lazımdır". Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fərəc Quliyev ATƏT-in Minsk qrupu ölkələri təmsilçilərinin vaxtaşırı "Qarabağ münaqişəsinin tərəfləri öz aralarında razılığa gəlsin, biz onlara dəstək verərik" açıqlamalarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu iki ölkə kompromisə gələ bilməz, çünki ökənin biri – Ermənistan işğalçıdır, Azərbaycan isə əraziləri işğal olunmuş ölkədir: "Buna görə Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdən çıxmasını tələb edir. Burada kompromis nə ola bilər ki?
Millət vəkili hesab edir ki, sadəcə olaraq BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul etdiyi 4 qətnanməyə əməl olunmalıdır: "Buna Ermənistan razılaşmırsa, BMT-Nizamnaməsinin 7-ci bəndinə əsasən, təcavüzkar dövlətə qarşı hərbi sanksiyalar və ya qeyri-hərbi sanksiyalar tətbiq oluna bilər. Bəzən deyirlər ki, Ermənistana təzyiq etmək imkanları yoxdur, amma var. Biz bu sanksiyaları başqa ölkələrin nümunəsində də gördük. Liviya, Yuqoslaviya kimi ölkələrin timsalında bunu tətbiq etdilər".
Digər tərəfdən, Ermənistanın mütəmadi olaraq Qarabağ üzrə aparılan danışıqları pozduğunu xatırladan F.Quliyev qeyd edib ki, İrəvan hər dəfə də yeni bir format təklif edir: "Yaxud da danışıqların keçiriləcəyi tarixə az qalmış Ermənistanda hakimiyyət dəyişikliyindən sonra sıfırdan başlamaq variantını seçir. Bunların hamısı blefdir. Ermənistan təcavüzü əvvəlcədən planlaşdıran dövlət olduğu üçün, Azərbaycan və Türkiyə ərazilərinə daxil olaraq böyük Ermənistan iddiasında olduğuna görə bunun istəyi ortadadır, o, işğal faktından əl çəkməyəcək".
Deputatın fikrincə, bu səbəbdən birmənalı şəkildə hər iki tərəfə eyni təsir etmək xəttindən imtina edilməlidir, təcavüzkar dövlətə qarşı addımlar atılmalıdır və heç bir şərt qoyulmadan dərhal Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir: "Yalnız bundan sonra danışıqların başqa predmetinə başlanıla bilər, çünki BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınıb, hətta Ermənistan bu təşkilata daxil olarkən ölkəmizin sərhədlərini tanıyıb. Yalnız bundan sonra təzminat məsələləri, Qarabağın statusu ilə bağlı danışıqlar aparıla bilər. İndiki halda Qarabağ üzrə heç bir danışığın mənası yoxdur, üstəlik də BMT-nin məlum 4 qətnaməsi ortada olduğu halda Minsk qrupu yaxasını kənara çəkə bilməz. Əgər çəkirsə, Minsk qrupu fəaliyyətini dayandırmalıdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət