Erməni ekspert İran qazının Ermənistan ərazisindən tranzitini xam xəyal adlandırıb
Erməni ekspert Armen Manvelyan bu yaxınlarda baş nazir Nikol Paşinyanın Tehrana səfərindən sonra gündəmə gəlmiş İran qazının Ermənistan ərazisindən tranziti məsələsini xam xəyal adlandırıb.
AZƏRTAC xəbər verir ki, energetika üzrə ekspert rəsmi Yerevanın İrandan təbii qaz idxalını artırmaq və bunun müqabilində qonşu ölkəyə elektrik enerjisi vermək barədə vədlərinə münasibət bildirib. O qeyd edib ki, Ermənistanda öz tələbatını belə güclə ödəyəcək həcmdə elektrik enerjisi istehsal olunur və onun İrana nəqlinin artırılması real deyil. Onun sözlərinə görə, Yerevanla Tehran arasında energetika layihələrinin həyata keçirilməsi həddindən artıq çətin olacaq. “Hazırkı geosiyasi reallıqda İran təbii qazının Ermənistan ərazisindən tranzitindən danışmaq ciddi deyil. Birincisi, İranın özünün təbii qaz hasilatı ilə bağlı problemləri mövcuddur, ikincisi isə, Avropa İttifaqı Tehrandan qaz tədarükünə elə də maraq göstərmir. Avropanın qaz bazarı həddindən artıq yüklənib və İran qazının Ermənistan ərazisindən hansı ölkəyə nəql olunacağı da anlaşılan deyil”, -deyə Manvelyan vurğulayıb.
Ekspert əlavə edib ki, Ermənistan-İran yüksəkgərginlikli elektrik xəttinin tikintisində də problemlər yaranıb və bu səbəbdən Yerevan elektrik enerjisi müqabilində Tehrandan əlavə qaz ala bilməyəcək. Bu xəttin tikintisi dəfələrlə təxirə salınıb və ötən il istifadəyə verilməsi nəzərdə tutulan obyektdə işlərin cəmi 20 faizi görülüb.
Gürcüstanla energetika sahəsində əməkdaşlığa gəldikdə isə, erməni ekspert vurğulayıb ki, Tbilisi Vaşinqtonun reaksiyasına qarşı çox həssasadır və ABŞ-ın sanksiyaları fonunda energetika sahəsində İranla əməkdaşlıq etməyəcək. Söhbət İran qazının Ermənistan ərazisindən Gürcüstana nəqlindən gedir və bu məsələ ətrafında tezliklə hər hansı razılaşma əldə ediləcəyi gözlənilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət