Slimfit
  1. MARAQLI

Ərinə ilk dəfə adı ilə müraciət edən hindistanlı qadınlar

Ərinə ilk dəfə adı ilə müraciət edən hindistanlı qadınlar
Sakura

Milyonlarla hindistanlı qadın ərlərinin adını heç vaxt dilinə gətirməyib. Bu bir növ hörmət əlamətidir.…

Adda nə var ki? Əgər siz Hindistan qadını, eləcə də həyat yoldaşısınızsa və söhbət ərinizdin adından gedirsə, çox şey. Bunu mən lap kiçik yaşlarımdan bilirəm.

Mənim valideynlərim 73 il evli olublar. Atam keçən il həyatını itirib. Onlar evləndikdə anamın 11, atamın isə 15 yaşı yenicə tamam olubmuş.

Valideynlərim, əvvəlcə Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatının kiçik bir kəndində, sonra isə Kolkatada (o zamanlar Kəlküttə) ömür sürüblər. Və anam heç vaxt atama adı ilə müraciət etməyib.

Bizimlə danışarkən anam həmişə atam haqqında bizim dilimizlə "babuji" - ata deyə danışıb. Onun özünə müraciətdə isə "hey ho" - təxminən "Ey sən" mənası verən ifadədən istifadə edib.

Yeniyetmə yaşımızda bunu dərk etdikdən sonra, anamı lağa qoyurduq. Çalışırdıq ki, onu yola gətirək və atamızın adını desin. Amma anam, bir dəfə də belə olsun atamın adını dilə gətirməyib.

Qohum və qonşuluqdakı bütün qadınlar da ərlərinin adını deməkdən yayınırlar. Eynilə mənsub olduqları din və kastadan asılı olmayaraq, Hindistan boyunca milyonlarla qadın.

Bunun səbəbi isə ənənəvi Hindistan cəmiyyətində ərin Allaha bərabər tutulmasıdır. Qadınlara uşaqlıqdan ərlərinə hörmət etmək aşılanır.

Ərin adını çəkmək uğursuzluq gətirə və ərin ömrünün azalda bilər. Adətən qadağa digər ailə üzvlərinə də şamil olunur və onu pozmaq ciddi nəticələrə səbəb ola bilər.

Şərq ştatı Orissada bir qadına buna görə şiddətli cəza da verilib.

"Bir dəfə baldızım küçədə oturan kişilərin kim olduğunu soruşdu. Mən ərimin əmisi də daxil olmaqla, oradakı bütün kişilərin adını çəkdim," Video Volunteers təzyiq qrupu tərəfindən hazırlanan videoda Malati Mahato deyir.

 

Baldız kənd bələdiyyəsinə şikayət edib və Mahatonun sözləri "qınaqla" qarşılanıb. O, cəza kimi uşaqları ilə birlikdə kəndin kənarındakı bir evə göndərilib. Artıq 18 aydır ki, Mahato kənddən kənarlaşdırılıb.

"Patriarxal iyerarxiya bir çox təbəqələrdə özünü göstərir," sosial antropoloq professor A R Vasavi deyir.

"Ər Allah ilə eyni tutulur, buna görə də ona etiqad göstərilməlidir. Adətən kişi yüksək kastaya mənsub olduğu və maddi baxımdan arvadını təmin etdiyi üçün yajman - sahib sayılır. Və adətən kişi qadından yaşca böyük olduğuna görə də hörmətə layiq hesab olunur."

 

Hindistanlı qadınlar ərlərinə necə müraciət edir (addan istifadə etmədən)

•Qadınlar "filankəsin atası" və ya ərlərinin peşəsi əsasında, məsələn "doktor sahib" və ya "vəkil sahib" kimi ifadələrdən istifadə edə bilərlər

•Onlar "ey sən" və ya "sən", "qulaq asa bilərsənmi" və ya "eşidirsən?" sözlərini də işlədə bilərlər

•Bəzi Hindistan dillərində "qardaş", "böyük qardaş," "salam" və ya "sahib" sözləri ilə müraciət etmək adi haldır.


Video Volunteers bəzi ucqar icmalarda patriarxal ənənələri dəyişməsinə cəhd xarakterli kampaniyaya başlayıb.

Qərb şəhəri Pune yaxınlığında yerləşən bir kənddən olan Rohini Pawar keçən oktyabrda kənddəki qadın müzakirə qrupunda məsələ ilə bağlı söhbət açıb.

Amma, bunu etməmişdən öncə, özü də sınamaq qərarına gəlib.

Pawar BBC-ə bildirib ki, 15 yaşında evlənib və 16 illik evliliyi ərzində bir dəfə olsun əri Prakaşın adını dilinə almayıb.

"Əvvəllər onu "baba" deyə çağırırdım, çünki qardaşı uşaqları ona elə müraciət edirdilər. Ya da ki, diqqətini cəlb etmək üçün "aaho" (yerli marathi dilində "sən" deməkdir) deyə səslənirdim."

Prakaş buna yaxşı baxsa da, kəndin digər sakinləri xoş qarşılamayıb. Bəziləri hətta, cütlüyü ələ salıb.

Rohini Pawar: İnsanlar bizdən soruşur ki, adlardan istifadə etmək bizim nəyimizə gərəkdir

 

Müzakirə qrupundakı qadınlar isə əksinə, fikri çox bəyəniblər.

"Çox maraqlı vaxt keçirdik. Həmin gün çoxlu gülmüşdük. Ömrümüzdə ilk dəfə ərlərimizin adını ucadan deyirdik," Pawar gülə-gülə deyir.

"Qərar aldıq ki, bunu videoya çəkək. Qadınlardan ərlərinin adını üç fərqli şəkildə deməyi istədik - xoşbəxt, əsəbi və sevgi ilə.

"Hətta, qadınlardan biri hadisənin təsiri altında evə gedib və ərinə adı ilə müraciət edib və əri ona sillə vurmuşdu.

"Əri, bir də adını çəkərsə, onu döyəcəyini deyib."

Hindistanın şəhərlərində zaman keçdikcə qadınların ərlərinin adını dilə gətirməyi adi hala çevrilib. Savadlı, işləyən və sevgi əsasında evlənən qadınların sayı artdıqca, ənənə itməyə başlayıb.

Mən iş yoldaşım ilə evliyəm. Ona uzun illər boyunca adı ilə müraciət etdiyimə görə evləndikdən sonra bunu dəyişmək gülməli olardı.

Lakin, A R Vasavi deyir ki, bunu Hindistan məişətində çox az ailəyə şamil etmək olar.

"Böyük şəhərlərdə yaşayan təhsilli və iddiali qadının ərini adı ilə çağırmaq haqqı var," o deyir.

"Hindistanın ucqarlarında və mühafizəkar şəhər evlərində on milyonlarla qadın - ağlasığmazdır. Əgər təzə gəlin buna qarşı çıxmağa çalışırsa, qayınanası və ya başqa yaşlı qadınlar tərəfindən qınaqla qarşılanır."

Rohini Pawar deyir ki, bu cür ədavətli münasibət qrupdakı qadınların patriarxal vərdişlərdən əl çəkmək həvəsini daha da gücləndirib.

"Dəyişiklik asan şey deyil. İnsanlar bizdən bunun nəyə gərək olduğunu soruşur - niyə şişirdirik?" o deyir.

"Bəs belə xırda məsələnin öhdəsindən gəlməsən, daha böyük və mühüm problemləri necə dəf edərsən?"

Kiçik görünsə də, bu, birinci addımdır, o davam edir, birinci addım həmişə ən böyük addımdır.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR