Ərdoğan: Liviya bizə Atatürkün yadigarıdır, dəvət ediblərsə, gediləcək
Liviya bizə həm Osmanlının, həm də Osmanlı zabiti olaraq burada əhəmiyyətli xidmətlər icra etmiş Qazi Mustafa Kamalın yadigarıdır. Qazi Mustafa Kamal Tripoli, Benqazi və Dərnədə liviyalı qardaşlarımızı işğalçı qüvvələrə qarşı təşkilatlandırıb və onlarla birlikdə savaşıb.
“Hürriyyet” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hətta Dərnədəki vuruşmada gözündən yaralanıb və bunun izini ömrü boyu şərəflə daşıyıb. Liviyada ölkəmizlə yaxın əlaqələri olan milyonlarla qardaşımız var.
Hakimiyyətlərin necə olmasından asılı olmayaraq, xalqlarımız bir-birinə dərin məhəbbət bəsləyib. Ölkənin qanuni hökumətinə qarşı çevriliş tərəfdarı bir generalın başlatdığı hücumlara lap əvvəldən qarşı çıxdıq. Tripoli rəhbərliyinə istənilən dəstəyi verdik, veririk və verəcəyik.
Liviya bizim dəniz vasitəsilə də qonşumuzdur. Bundan təxminən 10 il əvvəl başlatdığımız işləri, nəhayət, 27 noyabrda imzaladığımız razılaşma ilə nəticələndirdik. Mərhum Qəddafinin dövründə də bu addımları atmışdıq. Çox daha ətraflı bir razılaşmanı imzalamaq üzrəyik. İndi isə meydanı boş görüblər. Nə edirsiniz-edin, biz imzaları atdıq, işi bitirdik.
Hazırda soruşurlar ki, “əsgər göndərəcəksiniz?” Biz də deyirik ki, “biz dəvət edildiyimiz yerə gedərik”, ancaq dəvət edilmədiyimiz yerə getmərik. Hazırda da belə bir dəvət mövcud olduğuna görə gedəcəyik. Yanvarın 8-9-da məclisimizdə bu məsələ qəbul ediləcək və beləliklə, dəvətə gedəcəyik”, - Ərdoğan bildirib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət