Eray Güçlüer: Üçüncü milli peykin orbitə buraxılması Azərbaycanın İKT sahəsində beynəlxalq mövqelərini…
Azərbaycanın son beş il ərzində orbitə 3 peyk çıxarması ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uğurlu neft strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı növbəti müvəffəqiyyətdir.
Bu fikri AZƏRTAC-a müsahibəsində türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Güçlüer deyib. O bildirib ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət ölkənin iqtisadi potensialının hərtərəfli inkişafını təmin edib. Azərbaycan artıq özünün informasiya və kommunikasiya texnologiyalarının (İKT) təhlükəsizliyini peykdən təmin edir. Bu uğurlar Azərbaycan ilə dostluq və səmərəli əməkdaşlıq münasibətində olan bütün ölkələr üçün əhəmiyyətlidir. Polkovnik deyib: “İnformasiya və kommunikasiya texnologiyalarının təhlükəsizliyi ən qüdrətli dövlətlər üçün belə daim önəmli olub. Üçüncü milli peykin orbitə buraxılması Azərbaycanın İKT sahəsində dünyadakı mövqelərini gücləndirəcək və beynəlxalq əməkdaşlığı üçün böyük imkanlar yaradacaq”.
Ölkəmizdə baş verən bütün proseslərin Türkiyə ictimaiyyəti tərəfindən diqqətlə izlənildiyini qeyd edən Eray Güçlüer əminliklə deyib ki, Azərbaycan inkişaf və təhlükəsizlik naminə qlobal layihələrini bundan sonra da davam etdirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət