Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/Qaradağ vilayəti

Ənvər Çingizoğlu - Qaradağlılar/Qaradağ vilayəti
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/Qaradağ vilayəti

Qaradağın mərkəzi Əhər şəhəridir. Əhər həm də mərkəzi bölgənin başkəndidir. Mərkəzi bölgəyə Göyçəbel, Üçhaça, Bozquş, Azğan və Qışlaq kəndistanları bağlıdır. Kəndistan-inzibati vahid kimi Quzey Azərbaycandakı kənd sovetlərinə bənzəyir. Bölgəyə bəxş adlanır və bəxşidarlar tərəfindən idarə olunur. Şəhər başçısına isə şəhridar deyilir. Qaradağın ikinci bölgəsi Horand adlanır. Inzibati mərkəzi də Horand qəsəbəsidir. Horand bölgəsi Çahardangə, Düdəngə, Tiklə, Yaft və Vərgahan kəndistanlarını birləşdirir. Qaradağın üçüncü bölgəsi Vərziqandır. Vərziqan bölgənin inzibati mərkəzi olub, çevrəsində Şimali Üzümdil, Cənubi Üzümdil, Sina və Bəkrabad kəndistanlarını cəmləyir. Qaradağın dördüncü bölgəsi Xərvənədir. Xərvənə qəsəbəsi bölgənin inzibati mərkəzidir. Bu bölgənin içində Mərkəzi Dizmar, Cuşin və Ərəzil kəndistanları var. Qaradağın ikinci böyük şəhəri Kəleybərdir. Kəleybər şəhərində də şəhridarlıq var. Bu şəhər həm də bölgə mərkəzidir. Kəleybər bölgəsinə Meşəpara, Yaylaq, Abışəhmədi, Mövlan və Peyğançayı kəndistanları bağlıdır. Qaradağın sonununcu bölgəsi Xudafərin adlanır. Xudafərin bölgəsinin inzibati mərkəzi Xumarlı kəndidir. Bu bölgənin kəndistanları Keyvan, Şərqi Mincivan, Qərbi Mincivan, Şərqi Dizmar və Bəstamlı məntəqələridir. Qaradağ əhalisinin sayı demoqrafik ədəbiyyatlarda düzgün göstərilməyib. Göstərilən rəqəmlər ziddiyətli olduğundan qeyd etmirik. Qaradağ qüzeydən Araz çayı boyunca Azərbaycan Respublikası, gündağandan Muğan, Meşkin şəhəri, güneydən Sərab, günbatandan isə Mərənd və Culfa ilə həmsərhəd-hamsınırdır. Adından göründüyü kimi Qaradağın ərazisi əsasən dağlıq və dağlararası düzənlikdən ibarətdir. Dağları: Şeyvər, Keçiqıran (Bozquş) Qaşqadağ, Müşkənbər, Pirsaqqa, Xaladağ, Həştisər, Salavat dağ, Dizmar, Sənbiran və Kəleybərdir. Çayları: Araz, Qarasu, Əhər çayı, Kiçik çay, Peyqan, Ilğına, Duzal, Sofu çayı, Səlin və Quru çaydır. Havası: Dağlıq bölgələrdə yağmurlu və sərtdir. Arazyaxası bölgələrdə isə qışı mülayim, yayı istidir. XVI yüzildə, Osmanlı ağalığı dönəmində Qaradağ vilayətinin ərazisi Dizmar sancağına bağlı idi. Dizmar sancağı Dizmar, Mərdanimər, Sindiyan, Üzümdil, Gərgər və Zunuz nahiyələrinə bölünürdü. Xanlıq dönəmində Qaradağ vilayəti inzibati cəhətdən 18 mahala ayrılırdı. Bu mahalların hərəsinin öz özəllikləri vardı. Tarixi coğrafi, etnoqrafik və iqtisadi yönümdən fərqlənirdi. Qaradağın əski mahalları: Əhər, Üzümdil, Həsənabad, Meşəpara, Keyvan, Mincivan, Kəleybər, Kərmədüz, Cahardangə, Düdəngə, Yaft, Tiklə, Vərgəhan, Horand, Bədəvistan, Şərqi Dizmar, Qərbi Dizmar və Məvazixandır. Qaradağ vilayət kimi Azərbaycan əyalətinin tərkibində fəaliyyət göstərmişdir. Səfəvilər dövlətinin qurulmasında əsas rol oynayan qurumlardan biri də qaradağlılardır. Tarixi qaynaqlarda Qaracadağ sufiləri adlanan bu qurum Şeyx Heydərin müridləri arasında özlərinə yer tapmışdılar. I Şah Təhmasibin şahlığı dönəmində Muğan və Arasbara, yəni Qaradağın şərq hissəsinə Bəyazid sultan Bəydili-Şamlı başçılıq edirdi. Qaradağ sufiləri əsasən qərb yörələrdə hakim təyin edilirdilər. Qaradağ sufilərindən bizə bəlli olan ilk əmir Ənsar xəlifədir. Ənsar xəlifə uzun illər Qaradağ vilayətinin hakimi olmuşdu. Bu vilayətə şaha ən sadiq adamlar təyin olunurdular. Dövlətin xəzinəsi və qatı cinayətkarların saxlandığı zindan Qaradağın ərazisində, Yaft mahalında, Qəhqəhə qalasında yerləşirdi. Qalanın kutvalları, komendantları Qaradağ hakiminə tabe idi. Ənsar xəlifə 1583-cü ildə Şirvan bəylərbəyisi təyin olundu. Ənsar xəlifə 1588-ci ildə vəfat etdi. Ənsar xəlifənin Söhrab bəy, Şahverdi bəy, Mürşüdqulu bəy adlı oğulları vardı. Söhrab bəy Əhər şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. I Şah Təhmasibin əmirləri arasında sayılan şəxslərdən idi. 1571-1573-cü il Təbriz üsyanın yatırılmasına başçılıq etmişdi. Ənsar xəlifənin ikinci oğlu Şahverdi bəy Əhər şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili görmüşdü. Öncə şahdan sultan, sonra xan ünvanı almışdı. 1583-cü ildən Qaradağ hakimi təyin edilmişdi. Osmanlı istilası zamanı dirəniş göstərmədən rəqib tərəfə keçmişdi. 1588-ci ildə geri dönmüş, yenidən Qaradağ hakimi təyin olunmuşdu. I Şah Abbas dönüklərin işinin araşdırılması üçün geniş təftiş tərtib etmişdi. 1589-cu ildə Qaradağa gələn Məhəmmədqulu xəlifeyi-xulafa Rumlu təhqiqə başladı. Şahverdi xanın və oğullarının öz xoşları ilə Təbriz hakimi Cəfər paşanın yanına getdikləri ortalığa çıxdı. Məhəmmədqulu xəlifə şah məlumat verdi. Şah Qaradağ sufilərinin qətlinə fərman verdi. Ənsar xəlifənin üçüncü oğlu Mürşüdqulu bəy Əhər şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Şah Məhəmməd Xudabəndənin fərmanı ilə sultan ünvanına yiyələnmişdi. Bir çox savaşlarda iştirak etmişdi. Şahverdi xanın ölümündən sonra, 1589-cu ildə Qaradağa hakim Maqsud sultan Kəngərli təyin olunmuşdu. Naxçıvan 1603-cü ildə osmanlılardan azad ediləndə Maqsud sultan I Şah Abbasın fərmanı ilə bu vilayətə başçılıq etmişdi. 1628-ci il bilgisinə görə Maqsud sultan həm Naxçıvan, həm də Astrabad kəngərlilərinin başçısı sayılırdı. Qaradağlı əmirlərin sayılan nümayəndələrindən biri də Ənsar xəlifənin qohumu Fərruxzad bəydir. Fərruxzad bəy I Şah Təhmasibin sarayında eşikağasıbaşı vəzifəsində çalışmışdı. Şahzadə Sultan Mahmud mirzənin lələsi idi. Fərruxzad bəy Osmanlı sarayına elçi getmişdi. Onun səyləri nəticəsində Amasiya sülh müqaviləsi baş vermişdi. Fərruxzad bəyin Məhəmməd bəy adlı oğlu vardı. Məhəmməd bəy I Şah Təhmasibin əmirləri arasında özünə yer tapmışdı. Məhəmməd bəy 1555-ci ildə cavan yaşında vəfat etdi. Qəbri Ordubad bölgəsinin «Məlik Ibrahim» gorgahındadır. Qaradağ vilayətinin adlı oğullarından biri də Həbib bəy Ustaclıdır. Həbib bəy I Şah Təhmasibin hakimiyyəti dönəmində Qəhqəhə qalasının kutvalı (komendantı) olmuşdu. 1556-cı ildə üsyana meyl göstərən ünlü şahzadə Ismayıl mirzəni I Şah Təhmasib qalaya saldırmışdı. Qaradağın hakimi Ənsar xəlifəyə, qalabaşı Həbib bəyə şahzadəyə göz olmağı möhkəm-möhkəm tapşırmışdı. 1571-ci ildə Qəhqəhə qalasında qızıl və gümüş külçələr yoxa çıxır. Qalabaşı Həbib bəy Ustaclı külçələrin yoxa çıxmasında şahzadəni suçladı. Ismayıl mirzə isə bu işdə Həbib bəyin qızının təqsirli olduğunu söylədi. Işi yerində təhqiq etmək üçün şah öz müridlərindən iki nəfəri qalaya göndərdi. Gələnlər adlı-sanlı adamlar Hüseynqulu xəlifə Rumlu və Vəli xəlifə Şamlı idi. Xəlifələr şahzadənin tərəfini saxladıladılar. Həbib bəy daş atıb, başını tutdu. Yaxası əldə qalacağını görcək ora-bura qaçıb, el-obaya, tanış-bilişlərinə məlumat verdi. Qaradağın hakimi Ənsar xəlifə və Ustaclı elinin ağsaqqalarından biri Pirə Məhəmməd xan Çavuşlu qalabaşının tərəfində dayanıb, dayaq durdular. Elə həmin gündən Qızılbaş elləri arasında düşməçilik başladı… Qaradağ vilayətinin adlı oğullarından biri də Məhəmməd bəydir. Məhəmməd bəy Həbib bəydən sonra sultan ünvanı ilə Qəhqəhə qalasının kutvalı, komendantı vəzifəsinə təyin olunmuşdu. 1587-ci ilin sonlarında osmanlıların tərəfinə keçmişdi. Fərhad paşa tərəfindən Ərdəbil vilayətinin hakimi olmuşdu. «Mühimmə» dəftərində 996-cı ilin rəbiüləvvəl ayının 23-də (21 fevral 1588-ci ildə) yazılan hökümdə bildirildiyi kimi; «oğluna və qardaşına sancaq və iki nəfər yarar adamlarına, xidmətləri müqabilində, bir sancaq və Teymura (Ərdəbil) dəftərdarlığı və Xoca Əttara dəftərdarlıq; bunlardan başqa», Məhəmməd sultanın göndərdiyi «defterde məster olduğu üzrə, müttəfirlikə və çavuşluk və zəamet və gedük təvcih olunub.», Cəfər Paşa ilə birlikdə davranması üçün özünə, 1 mürəssə qılınc ilə ilə 1 xələt də göndərilmişdi. (Bax: Mühimmə, LXŞ. 60 /23 rəbiüləvvəl 996/ Qəhqəhə hakimi olub Ərdəbil bəylərbəyiliyi inayət olunan Məhəmməd sultana hökm). Qaradağ vilayətinin tanınmış nümayəndələrindən biri də Müzəffər bəydir. Məhəmməd bəydən sonra Qəhqəhə qalasına kutval (qalabəyi) təyin olunmuşdu. Müzəffər bəyin qalabaşılığı dönəmində Qəhqəhə qalasında yatan dustaqlar qaçmaq qərarına gəlirlər. Qaçmağa hazırlaşanların arasında osmanlı böyükləri Mustafa paşa, Əhməd paşa, kürd əmirləri Şahqulu bəy və Xalid bəy də vardı. Onlar sözü bir yerə qoyub qalabaşı Müzəffər bəyi öldürdülər. Bir müddət içəridən qalanı idarə etməyə başladılar. Osmanlı paşaları və kürd ağaları özlərini ədəbsiz apardıqlarına görə dustaqlardan biri, keçmiş Kuhgiluyə bəylərbəyi Həsən xan Avşar inciyib, aralandı. Qardaşları və övladları ilə birgə osmanlı paşalarını və kürd ağalarını qılıncdan keçirdilər… I Şah Abbasın şahlığının ilk dönəmlərində Muğan və Arasbarın hakimi Muradxan sultan Bayburdlu idi. Bildirdiyimiz kimi XIX yüzildə Qaradağ vilayətinin 18 mahalı vardı. Əhər mahalında əsasən bayburdlular, Üzümdil mahalında hacıəlilər, Həsənabad mahalında həsənbəylilər, ilyasxanlılar, Meşəpara mahalında yerli məliklər, Keyvan mahalında məhəmmədxanlılar, Mincivan mahalında məhəmmədxanlılar, Kəleybər mahalında məhəmmədxanlılar, Kərmədüz mahalında çələbiyanlılar, Çahardangə mahalında çələbiyanlılar, Düdəngə mahalında çələbiyanlılar, Yaft mahalında hüseynəklilər, Diklə mahalında hüseynəklilər, Vərgəhan mahalında yerli məliklər, təbrizli mülkədarlar, Horand mahalında yerli məliklər, təbrizli mülkədarlar, Bədəvistan mahalında təbrizli məliklər, Şərqi Dizmar mahalında bahadurlular, Qərbi Dizmar mahalında toxmaqlı-qaradağlılar və Məvazixan mahalında qaraçorlular, təbrizli məliklər ağalıq etmişlər. Toxmaqlı oymağının Qaradağ vilayətində yerləşdikləri yer Dizmar mahalı sayıldığından bu yörə haqqında bilgi vermək yerinə düşər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR