Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/Məhəmmədkazım xan

Ənvər Çingizoğlu - Qaradağlılar/Məhəmmədkazım xan
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/Məhəmmədkazım xan

Məhəmmədkazım xan Məhəmmədqasım xanın oğludur. Əhər şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. 1730-cu ildə qardaşı Əbdürrəzzaq xandan sonra Qaradağın hakimi olmuşdu. Məhəmmədkazım xanın hakimiyyətinin ilk illəri Osmanlıların ağalıq dönəminə düşmüşdü. 1730-cu ilin sentyabr ayında Nadirqulu xan Qırxlı-Avşar Təbrizi osmanlılardan təmizlədi. Iki ay Təbrizdə qalandan sonra Ərdəbilə tərəf yürüş etdi. Dekabr ayının önlərində savaşsız Əhəri, sonra Ərdəbili osmanlıların əlindən aldı. Nadirqulu xan II Şah Təhmasibin (1722—1732) adından Məhəmmədkazım xanı Qaradağın hakimi vəzifəsinə təyin etdi. Məhəmmədkazım xan da atası və böyük qardaşı kimi Qaradağı müstəqil idarə etmək istəyirdi. Ona görə də nə Osmanlılara, nə Şah Sultan Hüseynə, nə onun oğlu II Təhmasibə, nə də Nadirqulu xana itaətini bildirmədi. 1734-cü ildə Nadirqulu xan Məhəmmədkazım xanı aldadıb, tutdu. Saray adamları onu öldürməyi təhrik etdilər. Nadirqulu xan onu əski ocağın, xəlifə ocağının nümayəndəsi olduğuna və qardaşı Əbdürrəzzaq xanın xatirinə bağışladı. Lakin gözlərinə mil çəkdirdi. 1747-ci ilin iyun ayında sui-qəsd nəticəsində öldürülən Nadir şahdan sonra Azərbaycanda müstəqillik mübarizəsi başlandı. Hər kəs hakimlik etdiyi vilayəti müstəqil elan edərək asılılığa son qoydu. Hətta bəzi müstəqil xanlar şahlıq eşqinə düşdülər. Məhəmmədkazım xan da yaxın qohumlarının yardımı ilə taxta əyləşib Qaradağı idarə etməyə başladı. Qaradağ xanlığının qonşuluğunda, Ərdəbildə saxta şahzadə III Sam mirzə taxt-taca iddia edənlərdən biri idi. Digər bir şahlıq həvəskarı Nadir şahın bibisi oğlu Əmiraslan xan Qırxlı-Avşar qoşunla Ərdəbilə yürüş edib, Sam mirzəni tutdu. Edam edib, Təbrizə gəldi. Məhəmmədkazım xanı özünə həmfikir edib, şahlıq eşqinə düşdü. Əli şah adı ilə taxta çıxan Əliqulu xan Qırxlı-Avşar (1747-1748) Əmiraslan xana elçi göndərib, onu şah kimi tanımağı təklif etdi. Əmiraslan xan Əli şahın elçisini öldürdü və asılılığını bildirmədi. Onun ən yaxın silahdaşı Məhəmmədkazım xan idi. Qaradağ qoşunundan istifadə edib qonşu hakimləri tələb-təhdidlə, savaşla özündan asılı biçimə saldı. 1748-ci ilin sonunda qardaşı Əli şahı taxtdan salıb gözlərinə mil çəkən Ibrahim mirzə özünü şah elan etdi. Ibrahim şah ilk növbədə qorxulu rəqib saydığı Əmiraslan xana qarşı mübarizəyə başladı. Əmiraslan xan ilk döyüşdə məğlub olub, həmfikiri Məhəmmədkazım xanla Qaradağa qaçdı. Məhəmmədkazım xan Ibrahim şahın intiqamından çəkinib, Əmiraslan xanı tutuqlu biçimdə Təbrizə yolladı. Ibrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və xanlıq fərmanı göndərdi. Tarixçi Məhəmmədhüseyn Quddusi bu olay haqqında yazır: «Əmiraslan xanın qoşunları məğlub olub, dağılmışdı, özü də dostu Məhəmmədkazım xan Qaradağlı ilə Qaradağa qaçdı. Amma Məhəmmədkazım xan bəhanə ilə onu tutdu. Ibrahim xanın əmrilə onu və qardaşı Sarı xanla birlikdə Təbrizdə öldürdülər. (Bax: M. Quddusi, Nadir şah, Bakı, 1999, səh. 214-215). Ibrahim şah Təbrizdə altı ay qala bildi. Ətrafına 150 mindən çox döyüşçü yığılmışdı. Məsləhət-məşvərət yeri isə Məhəmmədkazım xan idi. Xorasandan yaman-yavuz xəbərlər gəlirdi. Ibrahim şah Nadir şahın nəvəsi, Rzaqulu mirzənin oğlu Şahrux mirzənin Xorasanda şahlıq taxtına əyləşdiyini eşidib, ora tələsdi. Gedərkən Məhəmməd xan Qırxlı-Avşarı Təbrizə hakim, Məhəmmədkazım xanı isə ona nəzarətçi təyin etdi. Məşhəd şəhəri yaxınlığında baş verən döyüşdə Ibrahim şah öldürüldü. Şahrux mirzə 1848-ci ilin oktyab ayının 2-dən şahlığa başladı. Bütün Iran hakimlərinə fərmanlar göndərib əski yerlərinə təyin etdi asılılıqlarını istədi. Məhəmmədkazım xanın Şahrux şahdan formal asılılığı vardı. 1751-ci ildən sonra Iran və Azərbaycanda nominal da olsun şah qalmamışdı. Lakin şahlıq həvəsinda olanlar vardı. Daha çox həvəsi olanlardan biri Urmiya hakimi Fətəli xan Araşli-Avşar idi. Ibrahim şahın Təbrizə təyin etdiyi hakimi, Məhəmməd xan Qırxlı-Avşarı öldürən Dünbililər öz hakimiyyətlərini elan etmişdilər. Fətəli xan ellisi Məhəmməd xanın qisasını almaq üçün Təbrizə hucum etdi. Şəhəri aldıqdan sonra paytaxtını Urmiyadan Təbrizə köçürdü. Qonşu xanlıqları təhdidə başladı. Elçi göndərib, tabe olmaqlarını tələb etdi. Məhəmmədkazım xan Fətəli xanın elçilərinə rədd cavabı verdi. Bir neçə gündən sonra birləşmiş Urmiya, Xoy və Təbriz qoşunları Qaradağa hücum etdi. Məhəmmədkazım xan duruş gətirməyib, tabeçiliyini bildirdi. Məhəmmədkazım xan Qarabağ hakimi Pənahəli xan Sarıcalı-Cavanşirlə dostluq ilişkiləri qurmuşdu. Aralarında qarışılıqlı yardımlaşma vardı. Pənahəli xan, Şahverdi xan, II Iraklinin Şəki hakimi Hacı Çələbi xana qarşı yaratdıqları ittifağa Məhəmmədkazım xan da qoşulmuşdu. Tarixçi Molla Məhəmməd əl-Cari yazır: «Bu vaxt böyük bir ordu ilə Təhmuraz xan ilə Irakli xan Gəncəyə gəlirlər və Şahverdi xandan qardaşı Qoçu xanı, bacısı oğlu Xudada bəyi və Gəncənin digər başçılarını (rəislərini) girov istəyirlər. Sonra Pənah xan və Kazım xan da həmin tələb ilə Gəncəyə gəlirlər. Hamısı bu qərara gəlir gi, Qarabağın (Gəncənin—Ə. Ç.) rəiyyətini Hacı Çələbinin ixtiyarından çıxarsınlar. Hacı Çələbi Dərbənddən qoşun yığaraq Ərəş tərəfə Bilicikə gətirir. Vilayət onunla etibarlı ittifaqda idi. Bu vaxt iki vali ziyafətdə olarkən Şahverdi xanı, onun qardaşı Rzaqulu xanı, Pənah xanı, Kazım xanı və başqa rəisləri və onların təbəələrini etibarsız sayaraq həbs edir. (Bax: M. M. əl-Cari, Car salnaməsi, Bakı, 1997, səh. 52.). Bu olay haqqında tarixçi Mirzə Adıgözəl bəy Qarabaği də bəhs edib. O, yazır: «Məhəmmədhəsən xan (Qarabağdan) qayıtdıqdan sonra, Pənah xan, qaradağlı Kazım xan, Naxçıvanlı Heydərqulu xan və gəncəli Şahverdi xan məsləhət məclisi qurdular. Onlar belə bir qərara gəldilər ki, bütün Şirvan ölkəsinin hakimi; azad və həmişəlik sahibi-ixtiyari olan Hacı Çələbi onlarla hesablaşmır və dostluq yolunu düzlüklə getmir. Buna görə lazımdır ki, onu məğrurluq yuxusundan oyatmaq üçün tədbir görsünlər. Sonra, ürəklərinin sözünü məktub vasitəsilə Gürcüstan valisi Irakli xana bildirdilər. Vali də özünü bu işdə və bu yolda onlarla yoldaş olduğunu izhar etdi. Onlara yazıb bildirdi ki, tezliklə hərəkət edərək fürsəti itirmədən buraya gəlsinlər. Bu xanlar da, səfər tədarükü görüb, qoşun və əsgər topladılar. Hamısı ittifaq edib, hərəkət bayrağını qaldıraraq, yola düşdülər. Gəncə şəhərindən yuxarı, Qızılqaya adlı yerdə dayandılar. Çadırlarının zərli qübbələri ayla günəşin fövqünə yüksəldi. Yuxarıda adı çəkilən Gürcüstan valisi bunların dördünü də əsarət kəməndilə tutdu». (Bax: Qarabağnamələr, 1-ci kitab, səh. 42.). Məhəmmədkazım xanı və digər xanları əsirlikdən Şəki hakimi Hacı Çələbi xan azad etdi. Iranın taxt-tacı uğrunda mübarizə aparan xanlardan biri də Kərim xan Zənd idi. Kərim xan Iranın cənub vilayətlərini, Şiraz və Isfahan şəhərlərini ələ keçirdidkdən sonra 1752-ci ilin axırlarında böyük bir qoşunla Azərbaycana hücum etdi.Fətəli xan Avşarın qoşunları Miyana ətrafında onun qarşısını kəsərək irəliləməsinə imkan vermədilər. Həyəcan və qəzəb bütün Azərbaycan ərazisini bürümüşdü. Əhali xarici işğalçını dəf etmək işində fəal iştirak edirdi. Baş verən ilk döyüşdə düşmən qoşunu darmadağın edildi. Kərim xanın Iranın müxtəlif vilayətlərindən topladığı qoşun dağıdıldı. O, özü çətinliklə canını qurtararaq cənuba qaçdı. Kərim xan Zənd qaçdıqdan sonra Fətəli xan Avşar onu tamamilə aradan çıxarmaq və qəti olaraq təhlükəsini ləğv etmək məqsədi ilə 40 min qoşunla düşməni təqib etməyə başladı. Fətəli xan Isfahana yaxınlaşarkən qorxuya düşən Kərim xan Şirazda möhkəmlənmək ümidi ilə oranı tərk etdi. Lakin Avşar sərkərdəsinin qəzəbindən ehtiyat edən Şiraz əhalisi şəhər qapılarını onun üzünə bağladı. Fətəli xan Nadir şahın ağalığı dönəmində Şiraz şəhərinin hakimi olmuşdu. Şirazlılar onu yaxşı tanıyırdılar. Vəziyyəti belə görən Kərim xan üç minlik atlısı ilə geri dönməyə və Isfahana qayıtmağa məcbur oldu. Lakin o. Isfahana gəlib çıxa bilmədi və yolda (Qəmşə adlı yerdə) Fətəli xan qoşunlarının ilk dəstələri ilə qaşılaşdı. Sürətlə Kərim xanı təqib edən, ona rahatlıq və müəyyən şəhərdə möhkəmlənməyə imkan verməyən həmin dəstəyə Fətəli xan özü başçılıq edirdi. Müharibənin gedişində Fətəli xan, Zənd qoşunlarının başçısı, Kərim xanın qardaşı Isgəndər xanla üz-üzə gəldi.Təkbətək vuruşmada o, Isgəndər xanı öldürdü. Kərim xan Zəndin darmadağın edilmiş qoşunları pərakəndə halda dağılışdı. O, özü əvvəlcə Xürrəmabad, sonra isə Fars vilayətinə qaçdı. Fətəli xanın inadla təqibindən dəhşətə düşən Kərim xan ümumiyyətlə Iranı tərk etmək və başqa bir ölkəyə köçüb, getmək qərarına gəlmişdi. Lakin Iranın cənubunda sakin olan tayfa başçıları, o cümlədən kürdlər ona yardım edəcəklərini vəd edərək onun ölkədən getməsinə mane oldular. Bundan əlavə, Azərbaycanda baş verən hadisələr və Məhəmmədhəsən xan tərəfində Urmiyanın mühasirəyə alınması xəbəri Fətəli xanın Kərim xan Zəndin təqibindən əl çəkməsinə və dərhal geri qayıtmasına səbəb oldu. Bu savaşlarda Məhəmmədkazım xan Fətəli xan Avşarla müttəfiq idi. Hər iki xanlığın yaxınlaşmasına çalışanlardan biri Fətəli xanın vəziri, Məhəmmədkazım xanın qohumu Mirzə Cavad bəy Ustaclı idi. 1760-cı ildə Azərbaycana ikinci dəfə hücum edən Kərim xan Zənd xanları ətrafına toplayıb, Azərbaycan hakimi Fətəli xan Araşlı-Avşarı məğlub etdi. Sonra xanlara bildirdi ki, bu zəfərin qeydedilməsi Şiraz şəhərində keçiriləcək. Bu adla xanları aldadıb tələyə saldı. Tələyə düşənlər arasında Qarabağlı Pənahəli xan Sarıcalı-Cavanşir, Qaradağlı Məhəmmədkazım xan, Xoylu Şahbaz xan Dünbili, Marağalı Hacı Əliməhəmməd xan Müqəddəm, Naxçıvanlı Hacı xan Kəngərli, Astarabadlı Ağaməhəmməd xan Qovanlı-Qacar, Gəncəli Rzaqulu xan Ziyadoğlu-Qacar, Xəmsəli Əmirgünə xan Avşar, Sərablı Əli xan Şəqaqi, Farslı Həsən xan Qaşqay və başqaları vardı. Məhəmmədkazım xan Şirazda seçkin «Ağsaqqalar şurası»nın üzvi oldu. Kərim xan Zənd sülhü və savaşı bu şuranın qərarı ilə həyata keçirirdi. Məhəmmədkazım xanın Mustafaqulu xan, Nəcəfqulu xan adlı oğulları vardı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR