Ən uzun sığorta növü - Evi olanlar mütləq oxusun!
Uzun müddətdir Azərbaycanda daşınmaz əmlakın icbari sığortası qüvvəyə minib.
Lakin hazırki şəraitdə daşınmaz əmlakın sığortalanması prosesi ölkə üzrə çox ləng gedir. Bu vəziyyətin qarşısını almaq üçün daşınar və daşınmaz əmlakı icbari qaydada sığorta etdirməyənlərin inzibati məsuliyyətə cəlb ediləcəyi gözlənilir.
Sığorta məsələləri üzrə eskpert Xəyal Məmmədxanlı Redaktor.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlak sığortasının olmasını yalnız notariusa işi düşən vətəndaş bilir:
“İnzibati Xətalar Məcəlləsinə əsasən, daşınmaz əmlakını sığortalamayan fiziki və hüquqi şəxslər cərimələnirlər. Bu qanun 2011-ci ildən etibarən qüvvədədir. Daşınmaz əmlak üzrə cərimələnən fiziki şəxslərin cərimə məbləği 30 manatdır. Nəzərdə tutulan cərimə daşınar əmlaka aid deyil. Daşınar əmlakın sığortası yalnız könüllü əsaslarla ola bilər.
Vətəndaşlar sığorta məsələsində məlumatsızdır
Təəssüf ki, sığorta şirkətləri fiziki şəxslərin maarifləndirilməsi ilə bağlı düzgün iş aparmırlar. Daşınmaz əmlak sığortasının mahiyyəti vətəndaşlara çatdırılsa, onlar çəkinmədən əmlakı sığortalayacaq. Daşınmaz əmlak sığortası ən ucuz və əlçatan sığorta növlərindən biridir. Bakı şəhərində 25 minlik qiyməti olan əmlakın sığortası cəmi 50 manatdır. Fiziki şəxslər qanunvericilikdə daşınmaz əmlak sığortası ilə bağlı cərimənin olmasından xəbərsizdir. Çünki cərimələrin tətbiqi müşahidə olunmur”.
Qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş "Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”na əsasən, icbari qaydada sığortalanmaya nəzarət gücləndiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət