Slimfit
  1. İDMAN

Əmrah Çəlikəl: “İdman” TV-nin iddiaları ağlabatan olsaydı, bugünkü ilk paylaşımları silinməzdi” - MÜSAHİBƏ

Əmrah Çəlikəl: “İdman” TV-nin iddiaları ağlabatan olsaydı, bugünkü ilk paylaşımları silinməzdi” - MÜSAHİBƏ
Sakura

Əmrah Çəlikəl: “İdman” TV-nin iddiaları ağlabatan olsaydı, bugünkü ilk paylaşımları silinməzdi” - MÜSAHİBƏ

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Olimpiya” ilə Sloveniyada keçirdiyi ilk matçının yayımı ilə bağlı yaranmış problem ciddi narazılığa səbəb olub.

Yayım hüququna malik olan “İdman” TV yalnız 69-cu dəqiqədən etibarən qarşılaşmanı tamaşaçılara təqdim edə bilib. Maraqlıdır ki, tərəflər yaranmış problemə görə bir-birilərini ittiham ediblər.

“İdman” TV məsələ ilə bağlı bəyanat yaymaqla kifayətlənib. Telekanal sosial şəbəkədəki paylaşımında “Qarabağ”ın üzərinə düşən öhdəliyi tam yerinə yetirmədiyini vurğulayıb.

“Report”un suallarını cavablandıran Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəl isə problemin kökündə duran məsələlərə aydınlıq gətirib.

- “İdman” TV-nin yayımda yaranmış problemlə bağlı bugünkü paylaşımından xəbərdarsınız?
- Bəli, oxumuşam. Birincisi, “İdman” TV-nin iddiaları ağlabatan olsaydı, bugünkü ilk paylaşımları silinməzdi. İkincisi, “Qarabağ”ın onlara hansı məsələdə kömək göstərmədiyini bildirsəydilər, buna da cavab verərdim.

- Adətən oyunlarınız “CBC Sport” telekanalı vasitəsilə yayımlanırdı. Bu dəfə fərqli qərar verməyinizin səbəbi nə idi?
- Avrokubokların III təsnifat mərhələsində heç bir telekanal bizim oyunumuzu göstərmirdi. Sağ olsun, “İdman” TV Finlandiya klubu HİK-lə matçın yayımını təşkil etdi. Biz də mənəvi borc kimi pley-offdakı qarşılaşmanın yayım hüququnu onlara verməyi məqsədəuyğun bildik. Telekanalda şengen vizası olan bir nəfər yox idi ki, onu özümüzlə Sloveniyaya aparaq. Klub adından şəxsi münasibətlərlə müraciət etdik, ora gedəcək əməkdaşa iki gün ərzində viza təşkil etdik. Təbii ki, özləri də rəsmi müraciət ünvanlamışdılar. Həmin əməkdaşın oyuna getməsini, orada qalmasını və digər xərclərini öz üzərimizə götürdük.

- Lyublyanada baş tutan qarşılaşmanın yayımına cavabdeh olan “Olimpiya” klubu yaranmış problemi necə izah etdi?
- Bilirsiniz ki, futbol klubunun öz matçının yayımını alan təşkilatdan başqa heç bir telekanalla danışıq aparmaq hüququ yoxdur. Həm də bu, etik olmaz. Siqnalın ötürülməsindən tutmuş, bizə müraciət olunan hər bir məsələdə köməyimizi əsirgəmədik. Bütün bunlara şəxsən özüm nəzarət edirdim. Hətta stadionda aparıcıya yer verilməsini də təşkil etdim, bununla bağlı “Olimpiya” klubu ilə danışdım. Oyun zamanı Azərbaycandan bizə məlumat gəldi ki, canlı yayım yoxdur. Həmin an “Olimpiya”da yayıma cavabdeh olan şəxsə yaxınlaşdıq ki, niyə matçı göstərmirsiniz? Bilmirsiniz ki, bir həftə sonra cavab görüşü Bakıda baş tutacaq və orada da yayım hüququna biz malik olacağıq? Klubun istəyi nə ola bilər? Öz azarkeşi oyunlarını izləsin. Bu, hətta kommersiya maraqlarından da öndə gəlir. “Olimpiya”nın yayıma cavabdeh olan şəxsi kompüterdə siqnalın Sloveniyadan Azərbaycana rahat ötürüldüyünü göstərdi. Orada hansı kanalın yayım hüququna malik olduğu ilə maraqlanmırdıq. Çünki klubla danışırdıq. Bizə bildirilən bütün problemləri də ev sahibi klubun vasitəsilə aradan qaldırmağa çalışırıq.

- Qarşı tərəf siqnalın ötürüldüyünü göstərdikdən sonra yayımda yaranmış texniki problemi “İdman” TV ilə birgə aradan qaldırmaq mümkün deyildi?
- “İdman” TV rəhbərliyinə dəfələrlə zəng vurduq, cavab vermədilər. Dünən onların rəhbərliyindən kiminləsə danışmaq mümkün olmadı. Texniki problemlə bağlı əvvəlcədən bizə məlumat verilsəydi, ən azı məsələdən agah olar, kömək göstərməyə çalışardıq. Bütün Azərbaycanın oyuna baxa bilmədiyini bilə-bilə heç bir kömək göstərməsəydim, məsuliyyət daşımamağıma baxmayaraq, özümü günahkar sayardım. Di gəl ki, oyun zamanı nəinki biz, hətta öz işçiləri də heç kimlə əlaqə saxlaya bilmirdi.

- Həmin vaxt elə bilirdiniz ki, görüş televiziya vasitəsilə yayımlanır?
- Bəli, biz yayımlandığını düşünürdük. Lakin qarşılaşma başladıqdan sonra vəziyyətdən xəbərdar olduq. Telekanalın bəyanatda “Qarabağ”la bağlı çatışmazlığın nədən ibarət olduğunu yazarkən nəyi nəzərdə tutduğunu bilmirəm.

- Bakıda gerçəkləşəcək cavab görüşünün hansı telekanal vasitəsilə canlı yayımlanacağı bəllidir?
- Bu barədə nəsə deməyim hələ tezdir. “Filan telekanalda yayımlanmasını istəmirəm” deməyim mümkün deyil. Təəssüf ki, Sloveniyadakı oyunu Azərbaycandakı “Qarabağ”sevərlər izləyə bilmədilər. Cavab qarşılaşmasında və ondan sonrakı matçlarda belə halların təkrarlanmasını istəmirik. Əlbəttə ki, ən düzgün addımı atacağıq.

- İstər sizin, istərsə də “İdman” TV-nin bəyanatından əməkdaşlığın sona çatacağı sezilir...
- Siz özünüz də media nümayəndəsi olduğunuz üçün yayım zamanı prosedurun necə tənzimləndiyini yaxşı bilərsiniz. Klub olaraq üzərimizə düşən hansı öhdəlik ola bilər ki, onu yerinə yetirmədik? Bütün dünyada məsuliyyəti yayım hüququna malik telekanal daşıyır. Buna baxmayaraq, hər bir köməyi göstərmişik. Bilmirəm, hansı köməyi etməmişik ki, bəyanatı yazıb, sonradan silən şəxsin xoşuna gəlməyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR