Əliyevin çıxışından sonra erməni mediası nələr yazdı?
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün daim beynəlxalq tribunalardan öz kəskin, qətiyyətli mövqeyini ifadə edib. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm açıqlamalarına səbirlə dözərək yerində, məqamında, daha uyğun məkanda cavab verdi.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı haqqında danışarkən deyib. O bildirib ki, Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasından sonra Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Ermənistana və bu ölkənin baş naziri Nikol Paşinyana növbəti sərt cavab oldu:
“Azərbaycan Prezidenti öz çıxışında ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq toplantı iştirakçılarının diqqətinə çatdırdı ki, faşizm üzərində qələbəyə Azərbaycan layiqli töhfə verib. Altı yüz mindən çox azərbaycanlının Böyük Vətən müharibəsində döyüşdüyünü və onların yarısının canlarından keçdiyini vurğulayan Prezident cəbhə üçün çox zəruri olan yanacağın əsas hissəsinin Azərbaycanın payına düşdüyünü qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Bakı nefti olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Faktlarla danışan Prezident bunun qarşılığında MDB məkanında, xüsusən Ermənistanda faşizmin təbliğatının aparıldığını, faşizmə xidmət edən şəxslərin xatirəsinə abidə ucaldılmasının qəbuledilməz olduğunu təəssüflə iclas iştirakçılarının diqqətinə çatdırdı. Prezident vurğuladı ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən müharibəsində faşistlərə yardım etmiş Qaregin Njdeyə abidə ucaldıb. Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut edərək, 2011-2015-ci illərdə hazırlanmış ensiklopediyadan sitatlar gətirdi. Ensiklopediyanın Rusiyanın Müdafiə Nazirliyinin Kollegiyası tərəfindən, Müdafiə naziri Sergey Şoyqunun birbaşa rəhbərliyi ilə hazırlandığını qeyd edən Azərbaycan Prezidenti çox uğurlu siyasi gediş etdi. Azərbaycan lideri bununla da Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin bu çıxışından sonra erməni mətbuatının Paşinyanı çox kəskin tənqid etməsi təsadüfü deyil:
“Erməni mediası belə ordakı müzakirəni əsas gətirərək, Ermənistanın baş nazirinin həddindən artıq səriştəsiz, savadsız və populist siyasətçi olduğunu yazdı. Əslində, bunu müşahidə etməmək mümkün deyildi. Çünki İlham Əliyevin bütün parametrlərdə müqayisəolunmaz üstünlüyü Aşqabaddakı diskussiyada açıq-aşkar görünürdü”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət