Əliyevə Piterdə xüsusi diqqət: Paşinyanla nə danışıldı?
Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə 6 dekabr tarixində Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirakı, ümumilikdə bu səfər Azərbaycan üçün bir neçə önəmli məqamlarla yadda qalıb.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, səfər kifayət qədər uğurlu keçdi:
“Hətta Mariinski Teatrda “Şelkunçik” balet tamaşasını izlərkən Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Rusiya Prezidenti Vladimir Putinin yanında sağda əyləşmişdi. Bu, dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin və ehtiramın əlamətidir. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir”.
Millət vəkili qeyd edib ki, səfər çərçivəsində ən diqqətçəkən məqam İlham Əliyev və Nikol Paşinyanın görüşü oldu:
“Görüş zamanı münaqişənin tənzimlənməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. İlk növbədə, atəşkəsin qorunub saxlanması və dövlət başçıları səviyyəsində təmasların baş tutması ilə bağlı mövqelər ifadə edilib. Lakin bu, qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan diplomatiyası növbəti dəfə məğlubiyyətə uğradı:
“Çünki burada Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda iclası keçirildi. Həmin iclas çərçivəsində məlum oldu ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsini Belarus nümayəndəsi tutacaq. Bununla da Ermənistan növbəti dəfə təcrid olunmuş duruma düşdü. Ermənistanın baş naziri vəzifəsini icra edən N.Paşinyanın rəyi nəzərə alınmadan üzv dövlətlər tərəfindən yeni baş katibin kimliyi ilə bağlı qərar qəbul olunacaq. Ermənistanın baş katib vəzifəsini özlərində saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu, ümumilikdə Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir”.
Millət vəkili vurğulayıb ki, yeni baş katibin təyinatı məsələsini Prezident İlham Əliyev, Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə edib: “Bu heç kimə sirr deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət