Slimfit
  1. MEDİA

Əli Qasımov: "Əgər biz orada yaxşı bir iz qoymasaydıq, bu gün belə bir dəvət də almazdıq"

Əli Qasımov: "Əgər biz orada yaxşı bir iz qoymasaydıq, bu gün belə bir dəvət də almazdıq"
Sakura

Əli Qasımov: "Əgər biz orada yaxşı bir iz qoymasaydıq, bu gün belə bir dəvət də almazdıq"

Nizami yurdunda illərdən bəri fəaliyyət göstərən Gəncə Dövlət Dram Teatrı bu yaxınlarda Türkiyədə bir neçə festivalda iştirak edib. Hər dəfə olduğu kimi bu dəfə də doğma teatr uğura imza atıb. Bu və digər məsələlərdən Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov ətraflı söhbət açıb.

-Salam əli müəllim. Hər il ənənəvi olaraq Gəncə Dövlət Dram Teatrı yeni tamaşalarla bir çox festivallarda iştirak edir. Bu yaxınlarda iki festivaldan qayıtmısınız. Zəhmət olmasa səfəriniz haqqında oxucularımıza məlumat verərdiniz.

-Təşəkkür edirəm. Bəli, hər il bizim teatr xarici ölkələrdə keçirilən festivallara dəvət alır. Bu il isə teatr mövsümünün açılışından sonra ilk səfərimiz Gürcüstana oldu. Orada İradə Gözəlovanın quruluş verdiyi “Hellados” tamaşası çox böyük uğur qazandı. Hətta o festivaldan sonra biz Gürcüstanın Ozurgeti teatrı ilə memorandum da imzaladıq. Bu dəfə isə biz qardaş ölkə Türkiyənin Adana və Konya şəhərlərinə səfər etdik. Tamaşamız əvvəlcə Adana şəhərində 21-ci Dövlət Teatrları - Sabancı Beynəlxalq Adana Teatr festivalında nümayiş olundu. Xüsusi ilə qeyd etməliyəm ki, “Hellados” tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Orada da bizə müxtəlif mükafatlar və hədiyyələr təqdim olundu. Daha sonra biz Konyada keçirilən Teatr Festivalına da qatıldıq. Qeyd edim ki, səfər çərçivəsində biz digər dövlətlərin təqdim etdiyi tamaşaları seyr edirək bir növ özümüz üçün təcrübələr topladıq. Tamaşadan əvvəl Konya valisi ilə görüşümüz oldu. Konya şəhərində də çıxışımız çox yüksək səviyyədə qarşılandı. 

-Əli müəllim, səfər çərçivəsində görkəmli teatr xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, xalq artisti Cahangir Novruzovla da görüşünüz olub. Bu görüş sizdə hansı təəsüratlar yaratdı?

-Adana şəhərində müəyyən səbəblərdən Cahangir Novruzov festivalda iştirak edə bilmədi. Biz isə teatr kollektivi olaraq onunla görüşməyi özümüzə borc bildik. Cahangir Noruzovla bizim hər zaman ünsiyyətimiz olub, o Gəncə teatrı ilə uzun illər əməkdaşlıq edib. Elə görüş zamanı da biz ötən günləri yada saldıq, bir az nostalji hisslərə qapıldıq. Yeniliklərdən, Gəncə teatrının uğurlarından söhbət açdıq. Türkiyənin sənət aləmində baş verənlərdən, yaradıcılıq mühitindən bəhs etdik. Azərbaycan teatrlarında gedən inkişafdan, cənab prezidentimizin teatra, sənətə göstərdiyi diqqət və qayğıdan danışdıq. Cahangir müəllimin bizə çox dəyərli məsləhətləri də oldu. Yəni onunla görüş həm teatr kollektivi, həm də mənim üçün çox xoş təəsürat bağışladı. 

-Əli müəllim, Gəncə Dövlət Dram Teatrı hər zaman yeniliklərlə öz sözünü deməyə çalışır. Bu yeniliklərdən hansıları sadalaya bilərdiniz?

-Onu çox düzgün qeyd etdiniz. Çünki teatr elə bir sənətdir ki, hər zaman yeni nəfəsə ehtiyyac duyur. Bizdə bunu nəzərə alaraq hər il yeni-yeni tamaşalar ərsəyə gətirməyə çalışırıq. İl ərzində 4 tamaşa təhvil veririk. Bundan başqa artıq Gürcüstan teatr ilə memorandum da imzalamışıq. Bunun özü də bir yenilikdir. Ölkədə yalnız iki teatr, Sumqayıt Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrı belə bir memorandum imzalayıb. Bu isə bizim gələcəkdə sənət mübadiləmizə çox böyük kömək edəcək. Bir yeniliyi də sizə açıqlamaq istiyirik. Yaxın zamanlarda biz başqa bir ölkədən rejissor dəvət edəcəyik. Biz repertuarımızda olan “Silindr” tamaşasını Gürcüstanın Ozurgeti Teatrının baş rejissoru Qogiye İrakliyə həvalə edəcəyik. 

-Əli müəllim bununla teatr nə qazanacaq?

-Bilirsiniz ki, bu gün dünya teatrları arasında Gürcüstan teatrının xüsusi yeri var. Onlarda sənətə münasibət tamam fərqlidir. Məhz bu fərqliliyə görə Gürcüstanla əməkdaşlığa razı olduq və onların təcrübəsindən bəhrələnmək fikrimiz var. Düzdür bizim peşəkar rejissorlarımızdan olan İradə Gözəlova öz sənətini orada layiqincə nümayiş etdirib. Hazırda İradə xanımın bir çox ölkələrə tamaşalara quruluş vermək üçün dəvətləri var. Hətta Ukraynada keçiriləcək bir festivalda münsiflər heyətinin üzvü seçilib. Yəni bu cür əlaqələr olmasa, sənət mübadiləsi olmasa, yəqin ki, inkişaf da olmaz. 

-Gələcəkdə hansı ölkələrə səfəriniz gözlənilir?

-Hazırda Ukraynada keçiriləcək festivala dəvət almışıq. Bildirim ki, 2013-cü ildə biz Ukraynanın Dneprodzerjinsk - indiki Kamensk şəhərində festivalda olmuşduq. Orada birinci dərəcəli diploma layiq görülmüşdük və sevimli aktyorumuz İlham Hüseynov “Ən yaxşı kişi roluna” görə təltif edilmişdi. Məhz buna görə, oradan kollektivimizə daha bir dəvət gəldi. Hətta bizə gələn məktubda belə bir ifadə də yazılıb: “İnanırıq ki, keçən səfər olduğu kimi bu dəfə də festivalımızın ulduzu siz olacaqsınız”. Yəni əgər biz orada yaxşı bir iz qoymasaydıq, bu gün belə bir dəvət də almazdıq. 

- Sonda yenə ənənəvi sualım olacaq. Gələcəkdə Gəncə Dövlət Dram Teatrına nələr arzu edərdiniz?

-Bildiyimiz kimi, Möhtərəm cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət işçilərinə göstərdikləri diqqət və qayğısı nəticəsində bu gün Gəncə Dövlət Dram Teatrının yeni binası inşa edilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun gəlişi ilə tikintinin işləri daha da sürətlə davam edir. Möhtəşəm bir bina nəzərdə tutulub və gələcəkdə həmin binada teatrımızın uğurlarını davam etdirəcəyik. Arzum isə nədir? Aktyorun ən böyük, mən deyərdim ən şərəfli hədiyyəsi tamaşaçı diqqəti və alqışıdır. Məhz bütün teatr kolletivinə, özümüz də daxil olmaqla, həmin alqış və diqqəti arzu edirəm. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR