Əhməd bəy Ağaoğlunun 150 illiyi keçiriləcək
Sərəncamda Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Qeyd edək ki, bu il Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyidir.
Sərəncamda bildirilir ki, Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak edib və milli oyanış hərəkatının ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.
Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərib.
Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət