Slimfit
  1. BİOQRAFİYA

Əhməd bəy Ağaoğlu

Əhməd bəy Ağaoğlu
Sakura

Əhməd bəy Həsən bəy oğlu Ağayev (1909-cu ildən etibarən Ağaoğlu) — ictimai xadim, jurnalist, pedaqoq…

Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Qarabağın Qurdlar elindən olan atası Mirzə Həsən bəy varlı pambıqçı fermer idi. Babası Mirzə İbrahim Şuşanın ən məşhur alimlərindən olub, xəttat və şair kimi tanınırdı. Anası Tazə xanım Şuşanın Sarıcaalı elindən Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı idi.

Ə.Ağaoğlu əvvəlcə məhəllə məktəbində oxumuş, burada ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Sonra isə Şuşada rus məktəbində təhsilini davam etdirmişdir. Daha sonra Tiflisdəki 1 saylı gimnaziyaya qəbul olmuş və orada oxumuşdur. Tiflis gimnaziyasında ancaq bir nəfər türk var idi ki, o da Ağaoğlu idi.

1887-ci ildə Əhməd bəy Peterburqa gedir, Mərkəzi Mühəndis Texniki İnstitutuna daxil olmaq üçün imtahan verir. Lakin imtahan komissiya üzvlərinin qərəzli münasibəti nəticəsində imtahandan keçə bilmir. Sonradan məlum olur ki, imtahan qəbul edən professor qatı bir yəhudi düşməni olub və Ağaoğlunu da yəhudi zənn etdiyi üçün onun cavabını düzgün qiymətləndirməmişdir.

1888-ci ildə ali təhsil almaq üçün Parisə gedən Əhməd bəy burada hüquq məktəbinə daxil olub 3 il sonra diplom alır. O, məşhur fransız şərqşünasları Ernest Renan(1823-92) və professor Ceyms Darmestete (1840-94) ilə tanış olur, mühazirələrini dinləyir. Əhməd bəy 1891-1892-ci illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Tarix, Şərq dilləri və məzhəbləri şöbələrində oxuyur, dinlər tarixini öyrənir. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır. O, 1858-1917-ci illərdə məşhur Dürkheym sosiologiyasını mənimsəmişdir. 

Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.

 

Fəaliyyəti

Əhməd bəy “Jurnal de Debat”, “Revü Been”, “Nouvye Revyü” kimi fransız mətbuat orqanlarında ictimai-siyasi mövzularda yazılarını nəşr etdirirdi. 1892-ci ildə şərqşünasların Londonda keçirilən Beynəlxalq konqresində “Şiə məzhəbinin mənbələri” mövzusunda məruzə etdi. Həmin məruzə Kembric Universitetinin xərci ilə bir neçə Qərb dilində çap olundu. Fransada qələmə aldığı yazılarını “Kafkaz”, “Şərqi Rus” qəzetlərinə göndərirdi.

1894-cü ildə Qafqaza fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır.

O, 1894-cü ildə Tiflis, sonra isə 1896-cı ildə Şuşa gimnaziyasında fransiz dilindən dərs deyərək el arasında “Firəng Əhməd” ləqəbini alır. (Bu “Firəng”lik üzündən gələcək həyat yoldaşı Sitarə xanımın ailəsi ona əvvəlcə yox cavabı vermiş, lakin 1902-ci ildə onların evlənməsi baş tutmuşdu). Əhməd bəy Şuşada ilk dəfə qiraətxana-kitabxana açdı.

1897-ci ildə Əhməd bəyin həyatının Bakı dövrü başlayır. O, H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, məktəbdə fransız dili müəllimi işləməklə yanaşı “''Kaspi” qəzetinin baş redaktoru olur. O, həmçinin Ə.Hüseynzadə ilə “Həyat” qəzetinə redaktoruluq etmişdir. 

Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan "İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevriləcəkdir (1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycan Demokratik Cümhuriyyəti'ndə o dövr nəinki şərqin, hətta qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə – Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin ideyaları gerçəkləşir).

1904-cü ildə "Bir xanım" imzası ilə "Şərqi-Rus"a göndərilən məktubda müəllif Qurandakı "ən-Nisa" surəsinin 31-ci ayəsinin məzmununu "nəfsi haramdan pak saxlayıb pis niyyətlərdən və murdar fikirlərdən uzaq və təmiz olmaq" kimi mülahizə edib yazırdı:

Zahiri baxmaq, ya baxmamaq şərt deyil. Şərt batini təmiz saxlamaqdır… Allah taala dünyanı yaradıb, onu özünün gözəl və xoş məxluqatilə bəzəyib və zinətləndiribdir. Gözəl səhralar və çəmənlər, könül xoşlandıran güllər və çiçəklər, qəlbi şad edən mənzərələr, böyük meşələr, uca dağlar, əqli heyran edən dənizlər və sular, qisim-qisim heyvanlar və quşlar, göyün üzündə həddən ziyadə yıldızlar yaradıb. Heç bir məxluqatın üzərinə pərdə çəkməyibdir… həmçinin Adəm övladına Allah taala əmr etməyibdir ki, onun gözəl məxluquna baxmaqdan gözlərini yumsunlar...

Müəllif, "Məsəla, yaxşı meyvə ağacı ola. Hər kəs onu görsə bitəbii mail olar. O meyvəyə tamaşa etməyə mümkün qədər səy edər. Əgər o bağın möhkəm hasarı olsa, heç kəs o meyvəni görməz, onu ələ keçirmək fikrində olmaz" – deyə hicabla bağlı belə bir müqayisə aparan Tiflisin şiəməzhəb qazısı Mövlazadə Məhəmmədhəsəni tənqid edərək, soruşurdu:

Bizim hasar və divar içində qalıb çürüməyimizdən kimə nə fayda ola bilər? Gözəl meyvə ağacını hasarda saxlamaq lazımdır, yoxsa vətən övladına tərbiyə verib halal ilə haramın fərqini bildirməkmi lazımdır?
 

Həyatının Türkiyə dövrü

Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynamışdır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq türk-müsəlman xalqlarının hüququnu qorumaq üçün "Difai" adlı özünümüdafiə təşkilatı yaradır. Çar Rusiyasının erməni hakimiyyət nümayəndələri Qarabağda etnik təmizləmə işinə başladığı bir dövrdə “Difai” təşkilatı bu siyasətin qarşısını almaq vəzifəsini və Azərbaycan türklərinin milli təhlükəsizliyinin təmin olunmasını öz üzərinə götürdü. Lakin ruslar bunu qəbul etmədilər. Osmanlı imperiyasında geniş vüsət almiş "Gənc Türk" inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri onun kitab və məqalələrinə “Pan-Türkist” adını verərək təqib etməyə başladılar. Aylarla dostlarının evində gizlin yaşayan Əhməd bəy təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında Türkiyəyə-İstanbula köçməli olur. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə prezident seçilir. 1910-cu ildə isə ailəsi Türkiyəyə köçür.

Ə.Ağaoğlu 1909-cu ilin əvvəllərində İstanbulda maarif sahəsində müfəttiş, sonra isə Süleymaniyyə kitabanasının müdiri vəzifəsində çalışır. 1909-cu ilin oktyabrından İstanbul darülfünunda Türk-Monqol tarixindən və rus dilindən dərs deyir. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. O, 1912-ci ildə istefa verərək “İttihad və Tərəqqi” firqəsinə daxil olur. Həmin il keçirilən seçkilərdə Afyon-Qarahisardan Osmanlı parlamentinə deputat seçilir. 1912-ci ildə Ə.Ağaoğlu iki dəfə yazdığı məqalələrə görə tutulur və tezliklə də azad edilir. 

1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq daxil olan Əhməd bəy eyni zamanda İttihad və Tərəqqi təşkilatının "Mərkəzi Ümumisinin" üzvü olmuşdur.

Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə Ankaraya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin "Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktoru olmuşdur.

Türkiyədə yaşayan Ə.Ağaoğlu Azərbaycanla əlaqəni kəsməmişdi. 1915-ci ildə o, Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir. Birinci dünya müharibəsidövründə ABŞ prezidenti V.Vilsona ünvanlanmış Rusiya müsəlmanlarının haqlarının qorunması müraciətinə imza atanlardan biri də Əhməd bəy idi. 

 

AXC dövründə Ə. Ağaoğlu

1918-ci il 28 mayda Azərbaycan İstiqlal Bəyannaməsini elan etdi. Yeni qurulmuş hökumət xalqı fiziki məhvdən qurtarmaq üçün Osmanlı Türkiyəsinə üz tutur. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Azərbaycana göndərilir. Doqquz il ayrılıqdan sonra Ə. Ağaoğlu Nuru Paşanın müşaviri kimi Azərbaycana göndərilir. 1918-ci ildə Ə. Ağaoğlu Gəncədə olarkən cəmi iki nömrəsi işıq üzü görən “Türk sözü” qəzetini nəşr etdirir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin üzvü seçilir. 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğluda var idi.

 

Sürgün olunduğu illər

1919-cu il Azərbaycan nümayəndə heyəti İstanbula gedir. Azərbaycana qarşı Avropa və Amerikada ermənilərin apardığı təbliğat kompaniyasının gedişində ya “Azərbaycan” adlı dövlətin mövcud olmadığı “əsaslandırılır”, ya da Azərbaycan Antantaya qarşı vuruşmuş məğlub Türkiyənin ayağına yazılırdı və bütün vasitələrlə rəhbər xadimlərə Azərbaycan haqqında qərəzli məlumatlar verilirdi. İlkin addım kimi onlar Ə. Ağaoğlunun İttihad və Tərəqqi komitəsinin üzvlərilə birlikdə həbs edilib ingilislərin nəzarəti altında olan Malta adasına sürgün edilməsinə nail oldular. Azərbaycan nümayəndə heyəti Türkiyədə olduğu dövrdə ehtiyac və çətinliklər içərisində yaşayan Ə. Ağaoğlunun ailəsinə 150 türk lirəsi həcmində maddi yardım göstərdi. Əhməd bəy Malta adasında çətin şəraitə baxmayaraq, yaradıcılıqla məşğul olurdu; “Üç mədəniyyət” adlı məşhur əsərini də burada yazdı.

Malta məhbuslarını xilas etmək üçün həm Azərbaycan hökuməti, həm də Ankara hökuməti ingilislərlə danışıqlar aparırdılar: Ə. Ağaoğlunun dünyagörüşündə Malta sürgünü dövründə müəyyən dəyişikliklər əmələ gəlmiş və Azərbaycan hökumətinin başçısına 1921-ci il may ayının 21-də yazdığı məktubundan dəyişikliyi görmək mümkündür. Əhməd bəy əsirlikdən qurtarıb İstanbula gələn zaman N.Nərimanovdan məktub alır. Nərimanov Ağaoğlunu Azərbaycana dəvət edir və ona yüksək bir vəzifə verəcəyini vəd edir. Lakin Ağaoğlu İstanbulda Malta məhbuslarının azad olunmasında Ankaranın Böyük Millət Məclisi Hökumətinin və şəxsən də Atatürkün xidmətini bildikdən sonra özünə mübarizə yeri olaraq Türkiyə, tərəfdar kimi də Mustafa Kamal və onun silahdaşlarını seçir. 

 

Türkiyədə fəaliyyəti

Ə. Ağaoğlu 1921-ci ildə Mətbuat İnformasiya idarəsinin baş müdiri vəzifəsinə təyin edilir. Əhməd bəy bu dövrdə “Hakimiyyət-milliyət” qəzetinin redaktoru vəzifəsini yerinə yetirərək yeni Milli hökumətin qurucusu Atatürkün ideyalarını təbliğ etmiş, onun yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində çalışmışdır. O, Qarsdan TBMM–nə 2 dəfə deputat seçilir; ikinci dönəm 1923-1927-ci illəri əhatə edir.

Ə. Ağaoğlu İstanbul Universitetində dərs deməklə bərabər, elmi və ədəbi–bədii yaradıcılıqla da məşğul olur. O, 20-30-cu illərdə “Hindistan və İngiltərə”, “Sərbəst insanlar ölkəsində”, “Dövlət və fərd”, “Türk təşkilatı əsasiyyəsi”, “Türk hüquq tarixi”, “Mən nəyəm”, “İran və inqilab”, “Könülsüz olmaz”, “İxtilalmı və İnqilabmı”, “Sərbəst firqə xatirələri” kimi əsərlər yazmışdır. Onun sayəsində rus alimi Kuropatkinin “Etika” əsəri tərcümə edilərək nəşr olunmuşdur. Bundan başqa, o, “Yakutlar” əsərini rus dilindən türkcəyə çevirmişdir.

Ə. Ağaoğlu “Axın” qəzetinin baş redaktoru olmuşdur. Onun yazdığı yazılarda daha çox sosial məzmunlu tənqidlər yer alır. Qəzetin nəşrindən bir neçə ay keçdikdən sonra bir gün İstanbulda olan Atatürk, Ağaoğlu ilə görüşür və “Axın” qəzetindəki yazılardan narazı qaldığını bildirir. Bir neçə həftədən sonra qəzeti bağlanır və “Darülfünun İslahatı” (Universitetin yenidən qurulması) nəticəsində Ağaoğlunun kürsüsü əlindən alınır və pensiyaya göndərilir.

M. Rəsulzadə “Ağaoğlu Əhməd” məqaləsində onun haqqında yazmışdı: 

... onunla əməkdaşlıq etmiş bir adam kimi deyə bilərəm ki... o zamankı (XX əsrin əvvəllərindəki) qızğın illərdə Ağaoğlu Əhməd qədər heç bir kəs milli hərəkat və milli dava cəbhəsinin atəş xəttində bulunmamışdır.

 

Ailəsi

Ə. Ağaoğlunun yoldaşı Sitarə xanım 1933-cü ildə 52 yaşınd vəfat edib. Əhməd bəylə Sitarə xanımın 7 övladı olmuşdur. Vəzir və Bəşir kiçik yaşlarında vəfat etmiş, qalan 5 nəfərdən – Sürəyya, Tezər (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin ali təhsil alaraq Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamışlar.

Sürəyya 1903-cü ildə Qarabağda, Səməd bəy isə 1909-cu ildə Bakıda anadan olmuşdur. Sürəyya hüquq təhsili alan ilk türk qadınlarından biri olaraq, Türkiyədə ilk qadın vəkil idi. 1989-cu ildə İstanbulda dünyasını dəyişdi. Tezə Universitetin fəlsəfə fakültəsini bitirmişdi.

Səməd Ağaoğlu ixtisasca hüquqşünas idi. 1950-60-cı illərdə TBMM-in deputatı olur və Demokrat partiyası qalib gəldikdən sonra baş nazir Adnan Mnedersin hökumətində baş nazirin müavini, əmək naziri, sənaye naziri kimi mühüm vəzifələrdə çalışır. 27 may 1960-cı il çevrilşindən sonra Menders və hökumətin digər üzvləri kimi S. Ağaoğlu da həbs edilərək ömürlük həbs cəzasına məhkum edilir. Lakin 1965-ci ildə əfvi-ümumiyə düşərək həbsdən azad edilir. 1967-ci ildə o, ata yurdu Azərbaycanda olur. S. Ağaoğlu 1981-ci ildə İstanbulda vəfat etmiş və orada dəfn edilmişdir. 

 

Əsərləri

  • Ağaoğlu Əhməd bəy. Seçilmiş əsərləri. Bakı: "Şərq Qərb", 2007.
  • "İslam dinində və islam aləmində qadın" (1901-ci ildə "Kavkazski vestnik" jurnalının 3-cü sayında dərc olunmuşdur).
  • "Üç mədəniyyət", 1920.
  • "Hindistan və İngiltərə", 1927.
  • "Sərbəst insanlar ölkəsində", 1931.
  • "Dövlət və Fərd", 1933.
  • "Mən kiməm", 1939.
  • "Türk Hüquq Tarixi", 1941.
  • "Könülsüz olmaz, İhtilalmı, İnqılabmı", 1942.
  • "Sərbəst Fırka Xatirələri", 1950.
  • Xatirələr

 

 

Bədii-fəlsəfi əsərləri

 

Məqalələri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR