ƏƏSMN: Bu il 2158 məcburi köçkün işlə təmin edilib
Bu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən məcburi köçkünlərdən özünüməşğulluq fəaliyyətini və ailə əməyinə əsaslanan kiçik biznesini qurmaq üçün potensialları olan 1214 nəfər proqrama cəlb edilib.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Artıq əksər hissəsi kursları uğurla başa vuraraq biznes planlarını müdafiə ediblər. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün yaxın günlərdə aktivlər veriləcək.
Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayının artacağı gözlənilir.
Məcburi köçkünlərin məşğulluğunun təmin olunması işlərinin davamı kimi, 2018-ci ilin yanvar-avqust aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə 2158 məcburi köçkün işlə təmin edilib. 36 nəfər məcburi köçkün ödənişli ictimai işlərə, 174 nəfər məcburi köçkün isə peşə hazırlığına cəlb olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət