Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ədviyyatların müalicəvi faydaları

Ədviyyatların müalicəvi faydaları
Sakura

Ədviyyatların müalicəvi faydaları

Cirə, hil, zəncəfil, vanil, mixək, darçın... Ədviyyatlar yeməklərə xüsusi dad və ətir verir. Lakin bununla yanaşı, ədviyyatlar bir çox xəstəliklərə qarşı mübarizədə də faydalıdır.

Axar.az xəbər verir ki, ədviyyatların müalicəvi xüsusiyyətləri aşağıdakı kimidir:

Cirə. Ədviyyat bitkinin toxumları qurudularaq hazırlanır. Cirə yağı soyuqdəymə və öskürək, mədə-bağırsaq pozulmaları (qıcqırma, gəyirmə), yuxusuzluq zamanı çox təsirlidir.

Badyan (ulduzvarı cirə). Ulduzabənzər toxumları ilə tanınan bu ədviyyatdan çox vaxt bəzək məqsədilə istifadə edirlər. Dadı cirəyə nisbətən acıdır. Ədviyyat mədə pozulmaları və soyuqdəymə zamanı faydalıdır, böyrəklərin fəaliyyətini yaxşılaşdırır.

Mixək. Tərkibindəki evgenol maddəsi sayəsində mixəkdən ağrıkəsici və antiseptik vasitə kimi istifadə olunur. Mixəyin efir yağı bakteriyaların, göbələyin və virusların yayılmasının qarşısını alır, həzm sisteminin fəaliyyətini möhkəmləndirir. İspaniyalı alimlər müəyyən ediblər ki, mixəyin tərkibində antioksidant, iltihabəleyhinə xassəyə malik olan xeyli fenol birləşmələri var. Mütəxəssislərin sözlərinə görə, bu maddələr xərçəngi əmələ gətirən sərbəst radikalların vurduğu zədələrdən müdafiə edir.

Darçın. Darçın bağırsaq fəaliyyətinə çox yaxşı təsir edir, mədə şirəsinin ifrazına şərait yaradır, bununla da həzmi yaxşılaşdırır. Darçından həm də revmatizm və artrit ağrıları zamanı istifadə edilir. Bu ədviyyat qan dövranını yaxşılaşdırır, insanı sakitləşdirir.

Zəncəfil. Bu ədviyyat iştahanın pozulması və qıcqırma zamanı çox faydalıdır. Zəncəfil həm də öd kisəsi və mədəaltı vəzinin fəaliyyətinə öz müsbət təsirini göstərir. Ədviyyat, həmçinin qızışdırıcı xassəyə malikdir: siz zəncəfilli çay içdikdən 3-4 dəqiqə sonra tərləməyə başlayacaqsınız. Belə çay soyuqdəymə zamanı çox xeyirlidir.

Hil. Bu ədviyyat da zəncəfil ailəsinə aid edilir və antibiotik xassəsinə malikdir. Hil bu baxımdan sidik yollarının infeksiyası ilə mübarizədə faydalıdır. Hil, həmçinin mədə-bağırsaq problemlərində effektlidir, maddələr mübadiləsini və həzmi tənzimləyir, köpü aradan qaldırır. Bundan başqa, hil əsəb sisteminə müsbət təsiri ilə - yaddaşı möhkəmlətmək və əhval-ruhiyyəni yaxşılaşdırmaq xassəsi ilə də tanınıb.

Cövüz. Asiyada cövüz revmatizm və əzələ ağrıları, həmçinin mədə pozulmalarını sağaltma xassəsinə görə dəyərləndirilir.

Vanil. Vanilin ətri sakitləşdirir və emosional vəziyyəti yaxşılaşdırır.

Zəfəran. Bu ədviyyat hələ orta əsrlərdə dərman və müalicə vasitəsi kimi dəyərləndirilmişdi. Ondan dəri və göz xəstəliklərində istifadə olunub. Müasir göstəricilər zəfəranın həzm və ürək fəaliyyətini tənzimləmə xassəsinə malik olduğunu sübut edir. Zəfəran qaraciyəri möhkəmləndirir, əsəbləri sakitləşdirir, yuxu problemlərini aradan qaldırır.

Keşniş toxumu (koriandr). Bu toxumlardan istifadə qıcolmalar və köp zamanı daha effektlidir. Hindistanda koriandrdan revmatizm və podaqra xəstəliyində, bədən hərarətinin aşağı salınmasında və iltihabəleyhinə vasitə kimi istifadə olunur.

Mütəxəssislər qeyd edirlər ki, ədviyyatlardan az dozada və həkim məsləhəti ilə istifadə olunmalıdır. Çünki onlardan istifadə bir sıra xroniki xəstəliklər zamanı ziyanlı ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR