Əcnəbilər Azərbaycanda mənzil ala bilərmi?
Azərbaycanda ev alan, əmlak sahibi olan əcnəbilərin sayı durmadan artır. Təkcə ötən il əcnəbilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb. Azərbaycanda mənzil sahibi olmağa can atanların əksəriyyəti isə Şərq ölkələrinin vətəndaşlarıdır. Maraqlıdır, Azərbaycanda istənilən ölkənin vətəndaşı rahatlıqla mənzil, torpaq sahibi ola bilərmi?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən əmlak eksperti Ramil Osmanlı bildirib ki, hər bir əcnəbi Azərcaycanda ev sahibi ola bilər. Ancaq torpaq sahəsi alması mümkün deyil.
R.Osmanlı bildirib ki, xaricilərin Azərbaycanda ev, mənzil mülkiyyətçisi ola bilməsi ilə bağlı qanunvericilikdə hər hansısa bir məhdudiyyət nəzərdə tutulmayıb:
“Bu, ancaq müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə, yəni əgər mənzildirsə, notarial qaydada alğı-satqı baş tutmalıdır. Fərdi yaşayış evidirsə, yenə notarial qaydada alğı-satqı aparılır. Lakin fərdi yaşayış evinin torpağı mülkiyyətdədirsə, o mülkiyyət formasından çıxıb icarə formasına keçir. Bir sözlə, fərdi yaşayış evinin əcnəbilər tərəfindən alğı-satqısı zamanı yaşayış evinin torpağı satılmış hesab olunmur.
İstənilən əcnəbi vətəndaş aldığı mənzili birbaşa öz adına keçirə bilər. Bununla bağlı hər hansısa məhdudiyyət nəzərdə tutulmur. Həmçinin əlavə sənəd tələb edilmir.
Azərbaycanda mənzil alğı-satqısına görə vergiyə cəlbolunma qaydaları var. Həmin qaydalar müvafiq olaraq, satan tərəf alğı-satqı zamanı həmin vergi rüsumunu notariat kontorunda ödəməli, bundan sonra evi alan xarici vətəndaşın adına rəsmiləşdirmə aparmalıdır”.
Ekspert bildirib ki, xarici vətəndaşın Azərbaycanda torpaq mülkiyyətçisi olmasına birmənalı olaraq icazə verilmir:
“Yəni xarici vətəndaş torpağı yalnız maksimum bir il müddətinə icarəyə götürə bilər. Ancaq heç bir halda torpaq sahəsinin bir əcnəbiyə satılmasına icazə yoxdur.
Əcnəbilər yalnız o halda torpaq mülkiyyətçisi ola bilər ki, həmin vətəndaşın Azərbaycan Respublikasında sahibkarlıq subyekti var, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və həmin sahibkarlıq fəaliyyətindən əldə olunmuş vəsait hesabına o, torpaq ala bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət