Slimfit
  1. TARİX

Əbdürrəhman bəy Fətəlibəyli - Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin general L.Biçeraxova açıq məktubu

Əbdürrəhman bəy Fətəlibəyli - Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin general L.Biçeraxova açıq məktubu
Sakura

Əbdürrəhman bəy Fətəlibəyli - Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin general L.Biçeraxova açıq məktubu

Cənab general!

Bu yaxınlarda “Naş put” ((№3)) Rusiya Antikommunist Birliyinin xəbər məcmuəsində sizin “Kölə xalqların mühacirətinə açıq məktub”unuzu oxudum.

Artıq illərdir rus mühacirətinin bəzi dairələri Qərbin bütün siyasi mərkəzlərində bildirirlər ki, qeyri-rus xalqlarının milli azadlıq hərəkatları Gimmler və Rozenberq tərəfindən bu xalqların iradəsindən asılı olmayaraq istehsal olunmuşdu və onları “faşist”, “nasist”, “kvinslinq”, “Hitlerin pərəstişkarları” adlandırırlar. Biz buna cavab verməyi öz qürurumuza sığışdırmadıq, amma Sizə – II dünya müharibəsi zamanı hörmətli Əhməd Nəbi Maqomun rəhbərlik etdiyi Şimali Qafqazın milli-azadlıq hərəkatına qoşulan adama cavab verməyə məcburam. Cənab general, Sizin iddialarınızın əsasız olduğunu sübut etmək üçün mən nümunə kimi II dünya müharibəsi zamanı Azərbaycan xalqının milli-azadlıq hərəkatının üzərində dayanmaq istərdim.

Hamıya məlumdur ki, türk-müsəlman və digər qeyri-rus xalqları çar Rusiyasının tərəfindən istila edilmişdilər, onların müstəqill demokratik respublikaları isə (1918-1920) Sovet Rusiyası tərəfindən işğal olunmuşdu və zorla SSRİ-yə birləşdirilmişdi. Bu səbəbdən də, bizim xalqlar öz azadlıqları uğrunda döyüşə bilmirdilər. Fasiləsiz üsyanlardan və qanlı döyüşlərdən sonra bizim xalq bu fikrə gəldi ki, qanlı bolşevizm xarici qüvvələrlə ittifaq sayəsində məhv edilə bilər və bu səbəbdən də, o, SSRİ-yə müharibə elan edən istənilən döblətin təbii müttəfiqi idi. Stalinin Hitlerlə ittifaq sazişindən sonra bizim bütün xalqların rəğbəti qərb dövlətlərinə yönəldi. Stalin Hitlerlə birgə Polşanı böləndə, Baltik ölkələrini müstəqillikdən məhrum edəndə, Finlandiyaya hücuma keçəndə biz nəfəsimizi dərmədən İngiltərə, Fransa, Skandinaviya və digər Avropa ölkələrinin SSRİ-yə müharibə elan edəcəyini gözləyirdik. O zaman biz həm Stalinə, həm də Hitlerə qarşı onların təbii müttəfiqi idik. Amma… başqa cür oldu. Qərb dövlətlərinin vətənpərvərlik borcu onları SSRİ, bizi isə, Almaniya ilə birləşdirdi.

Bizə görə Qərb dövlətləri Kremllə ittifaqdan imtina etmədikləri kimi, biz də onlar üçün öz atalarımızın ənənələrini ayaqlayaraq Böyük Rus və ya SSRİ – bizim xalqımızı əsarətə alan dövlətin tərəfində vuruşa bilməzdik!

Bolşeviklərin əsarətə aldığı digər xalqlar kimi, bizim millətin oğulları da sovet cəbhəsini açaraq Almaniyanın tərəfinə keçdilər və onunla birgə öz vətənlərinin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə başladılar. Almaniyanın tərəfində olan Azərbaycan türklərinin sayı 150 min nəfər olub, bütün türklərin və qafqazların sayı isə, milyona çatırdı. Bütün bu kütlələr hərbi düşərgələrə yerləşdirilmişdilər, onlar yavaş-yavaş ölürdülər, bu sırada mən də vardım. 1941-ci ilin qışına müharibəni başa çatdırmağa və bütün ölkələri müstəmləkəsinə çevirəcəyinə ümid edən Hitlerin legion yaratmaq kimi bir niyyəti yox idi, onlar 1942-ci ilin əvvəlində yaradıldı.

Milli sosialistlər (nasistlər) legionlara ucuz yardımçı qüvvə kimi baxırdılar. Belə ucuz əsgərlərdən biri də mən idim. İnsanlar acından ölməmək üçün, xilas olmaq üçün ucuz əsgər kimi qisas alaraq ölürdülər. Əgər siz və digər rəhbərlər bunu milli şərəfə ləkə hesab edirdinizsə, o zaman hərbi əsirlərə bu çağırışla müraciət edəydilər: “Legionlara getməyin və mən əsir düşərgəsində sizinlə birgə öləcəyəm”.

Legionlarla yanaşı Berlində təbliğat məqsədilə almanların rəhbərlik etdiyi hansısa milli qurum və qəzetlər yaradılırdı. Bizim hamımız üçün “müstəqillik” sözünü demək və yazmaq qadağan olunmuşdu, bunun əvəzinə hamı heç nə ifadə etməyən “fraqqayt” – “azadlıq” sözünü geninə-boluna istifadə etməli idi.

Hamıdan daha çox biz təhqirə məruz qalırdıq, çünki bizə öz əsl adımızla – Azərbaycan türkləri kimi adlandırılmağımıza icazə vermirdilər, bizi Stalinin bizə verdiyi “azərbaycanlı” adı ilə çağırırıdılar. Bizim milli bayrağımız isə, aypara və ulduz simvollarının çıxarılması yolu ilə təhrif olundu. Şübhəsiz ki, Berlindəki hər bir kəs kimi, biz – döyüşən əsgərlər də bu vəziyyətlə barışa bilməzdik… Berlindəki bütün Azərbaycan türkləri Xəlil bəy Xasməmmədovun sədrliyi ilə toplandılar ki, müzakirə etsinlər: bu alçaldıcı şərtlərdə əməkdaşlığı davam etdirməli, yoxsa getməli? Biz qərara aldıq: “Almaniya bizim müstəqliliyimizi tanıyacaq, ya yox, fərq etməz, amma bizim bu ağır məqamda öz həmvətənlərimizi milli rəhbərlikdən məhrum etməyə haqqımız yoxdur, çünki bu, Vətən qarşısında xəyanət olardı. Biz bunu istəyirik, ya yox, legionerlər mübarizəyə cəlb olunublar. Onların namusunu, ləyaqətini və həyatını hər cür müdafiə etməyə çalışmaq lazımdı. Elə etmək lazımdır ki, onların qanı batmasın, yerdə qalmasın, məhz alicənab türk qanının axdığı azadlıq və müstəqillik məcrası ilə axmaqda davam etsin”.

Buna nail olmaq üçün almanların Azərbaycan qərargahına ilk güzəştindən istifadə etdik və birləşmək, öz xalqımızın iradəsini nümayiş etdirmək, siyasi proqram qəbul etmək və milli azadlıq hərəkatının rəhbərliyini seçmək üçün, eyni zamanda alman hökumətinə tələblərimizi çatdrımaq üçün Konqres çağırmağı qərara aldıq.

Konqresin çağırılmasına xeyli əngəl vardı, çünki bu, Şərq nazirliyinin və digər qurumların məmurlarının xoşuna gəlmirdi. Buna general Ritter fon Nidermayer kimi generallar da mane olurdular. Konqresin çağırılma müddəti üç dəfə təxirə salınıb və xüsusən bizimlə Vermaxt təbliğatı arasında kəskin mübahisələr baş verdi, onlar bizdən tələb edirdilər ki, İngiltərə, Amerika və digər dövlətləri Azərbaycan xalqının düşmənləri elan edək. Biz bu tələblərdən imtina etdik, çünki onlar həqiqətəuyğun deyildilər. Nəhayət, 1943-cü il noyabrın 6-da biz Konqresi çağıra bildik və konqres noyabrın 10-dək davam etdi. Toplantıda gənclərin və yaşlı nəslin 300 nümayəndəsi iştirak edirdi. Müstəqillik tələb edən nümayəndələr qürurla bəyan etdilər: “Biz onun üçün vuruşmuruq ki, bir sahibi o biri ilə əvəz edək. Biz çar canişinlərinə dözmədiyimiz kimi, istənilən digər xalqın da hakimini qəbul etməyəcəyik. Qafqazı qafqazlılar idarə edib və edəcək, eləcə də Azərbaycanı azərbaycanlılar idarə edib və edəcək”.

Bu şəraitdə müstəqillik tələbləri ölümə bərabər idi, çünki bu, cənab reyxkomissarları, qaulyaterləri hər cür perspektivdən məhrum edirdi, qısacası, milli-sosialist irqçi nəzəriyyəni alt-üst edirdi.

Bizim Konqresdə qəbul olunan, bir bəndindən belə imtina etmədiyimiz siyasi proqramın faşizmlə, nasioal-sosialistlərlə, kommunizmlə heç bir əlaqəsi yoxdur, o, Azərbaycanın demokratik əsaslarla qurulmasını nəzərdə tutur. Beləcə, Kayzerqofda, Berlində, həmin şəraitdə demokrat olmaq lazım idi, amma indi hamı demokrat ola bilir.

...Nə qədər ağır olsa da, 1945-ci il martın 17-də İmperiya Hökuməti nasional- sosialist filosofu, reyx nazirinin özü Alfred Rozenberqin imzası ilə Azərbaycanın və digər türk və Qafqaz ölkələrinin müstəqilliyini tanıdı. Bu aktı imzalarkən, A.Rozenberq öz irqçi nəzəriyyəsinin dayanıqlı olmadığını etiraf edir, türk və qafqazlıların müstəqillik ruhunun ölmədiyini qəbul edirdi.

Aktın təslimə cəmi iki ay və ya beş dəqiqə qalmış imzalanmasının heç bir prinspial əhəmiyyəti yoxdur. Bu etiraf bizə ona görə qiymətlidir ki, o, bizim döyüşçülərin qanı ilə qazanılıb. Əgər nasional-sosialist hökuməti bizim Vətənimizin müstəqilliyini etiraf edibsə, düşünmək lazımdır ki, demokratik dövlətlər hər hansı tərəddüd olmadan bunu edəcəklər. Bu məqalədə isə Siz, cənab Biçexarov, özünüzün 1918-ci ildəki fəaliyyəti, xalqların özünüzün yaratdığınız könüllü ittifaqı, qrımızılara, türklərə və ingilis xadimlərinə qarşı mübarizəniz barədə danışırsınız. Azərbaycan və Şumali Qafqaz oğulları sizin o zamankı fəaliyyətinizi böyük nifrətlə xatırlayırlar. Biz xalqımızı sizin bölmənizin özbaşınalıqlarından xilas etməyə yardımçı olan türklərə minnətdarıq. Bakıdan gedərkən siz xəzinəni də özünüzlə aparmağı unutmadınız. Sizi Bakıdan qovanda Dərbəndə tərəf hərəkət etdiniz, şimali qafqazlılara qarşı döyüşlərdə Petrovsku işğal etdiniz… Dağıstan deputatlarını öldürdünüz. Sonra türklər qafqazlıların köməyinə gəldilər, sizin bölmənizi dağıtdılar, Şimali Qafqazı sizin özbaşınalığınızdan xilas etdilər.

Mən sizi məhkəməyə dəvət edirəm, cənab general!

Mən bəyan edirəm ki, bizim milli azadlıq hərəkatına qarşı ittiham irəli sürəcək istənilən xalqın məhkəməsi qarşısında cavab verməyə hazıram.

Yekunda deməliyəm ki, bu bizə nə qədər baha başa gəlsə də, biz ana-bacılarımızın, arvad-uşaqlarımızın göz yaşlarının, atalarımızın və qardaşlarımızın qanlarının qisasını aldıq və nəhayət, biz fəxr edirik ki, insanlıq əleyhinə bəlaya – Kommunizmə qarşı vuruşmuşuq.

Qoy, böyük Allah bizim əməyimizi yerə vurmasın, qanımız əbəs yedə qalmasın.

Ə.Fətəlibəy
München 22, Postfach 103.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR