Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Dünyanın səkkizinci möcüzəsi

Dünyanın səkkizinci möcüzəsi
Sakura

Dünyanın səkkizinci möcüzəsi

Kappadokiya – yerli əhalinin təbirincə dünyanın səkkizinci möcüzəsi…

Burada çəkilən ekran əsərlərini izləyəndən sonra gəzib-görmək istədiyim yerlər siyahısında ilk üçlükdə olub. Nəzərə alsaq ki, digər turistik yerlərlə müqayisədə Kappadokiya o qədərdə bahalı deyil, elə çantamızı yığan kimi üz tutduq bura…

Əgər bu turizm zonasına təyyarə ilə getməyə imkanınız yoxdursa narahat olmağa dəyməz çünki səyahəti avtobusla da gerçəkləşdirmək mümkündür. Düzdür avtobusla səfər  bir qədər uzun çəkəcək amma düşünürəm ki,uzun yol getməyi sevənlər üçün bu problem olmaz. O ki qaldı səyahət marşrutumuza, bu Bakı Beynəlxalq Avtovağzalından Tiflisə getməklə başladı (bilet iki nəfər üçün 12 manat)

Tiflis avtovağzalından birbaşa Kappadokiyaya işləyən nəqliyyat vasitləri də var dolayı yollarla gedənlər də… Odur ki, avtovağzaldan gedəcəyiniz ünvana çalışan bütün avtobuslarla  maraqlanın. Seçimimiz Tiflisdən Ankaraya daha sonra Kayseri, Avanos burdan çalışan avtobuslardan biri ilə bölgənin sultanı Görəmə qəsəbəsinə  gətməkdən yana oldu (Tiflisdən Görəməyə getmək  2 nəfər üçün 115 manata başa gəlir)

Kappadokiya  Nevşehir başda olmaqla Kırşehir, Niğdə, Ağsaray və Kayseri şəhərlərini əhatə edən bölgədir. 60 milyon il əvvəl Ərciyəs, Həsəndağı və Güllüdağda baş verən vulkan püskürmələri nəticəsində ortaya çıxıb. Burada insanlar neolit dövründən məskunlaşıb. Kappadokiya, buradakı qayalardan oyularaq düzəldilmiş evlər, kilsələr Roma imperatorluğunun təzyiqlərindən qaçan xristianlar üçün sığınacaq olub. Hər il bura dünyanın müxtəlif yerlərindən minlərlə turist gəlir. Xüsusilə də Yaponiya, Çin və Koreyadan.

Bu bölgəni xüsusilə də Görəməni gəzmək üçün bələdçiyə ehtiyac yoxdur. Görəmə qəsəbəsinin demək olar ki hər yerində  məlumat tabloları və bölgənin xəritələri asılıb. Yəni istədiyiniz ünvana rahat gedə bilərsiniz. Bununla da otellərin əksəriyyətinin təklif etdiyi bölgə turlarına pul xərcləməyə ehtiyac qalmır.

Kappadokiyada gəziləcək yerlər

Açıq hava muzeyi

Adambaşına 20 türk lirəsi (7 manat 10 qəpik) ödəməklə buranı ziyarət edə bilərsiniz. Açıq hava muzeyinin müəyyən yerləri  IV əsrdən XIII əsrə qədər monastr kimi istifadə olunub. Burada qayaların içində kilsələr, yeməkxanalar, istirahət üçün yerlər oyulub. Kilsə divarlarında İncil və İsa peyğəmbərin həyatından səhnələr təsvir olunub. Göreme Açıq Hava Muzeyi 6 Dekabr 1985-ci il tarixindən YUNESKO-nun Dünya İrsi Siyahısına salınıb.

Gözmuncuğu bu bölgədə ən çox istifadə olunan əşyalardandır. Bu səbəbdən də Açıq Hava Muzeyinə gedən yolda gözmuncuğu ağacını görsəniz təəccüblənməyin. Burda həmçinin saxsı qablar və sellofan ağacına da rast gələ bilərsiniz.

Vadilər

Kappadokiyaya səfər edib vadiləri gəzməmək ağılsızlıq olar. Zemi, Bağlıdərə Eşq, Güllüdərə, Göyərçinlik, Bağlıdərə vadiləri və s. Burda gəziləcək yerlər çox olduğundan öncədən özünüzlə səyahət planı tərtib etsəniz həm vaxtınıza qənaət etmiş olarsınız həm də çox yer gəzə bilərsiniz.

Bağlıdərə Eşq Vadisi

Vadi ümumilikdə 4900 m uzunluğundadır. Görəmə- Uchisar yolu üzərindəki Örəncik kəndindən başlayıb, Görəmə- Avanos yolu üzərində bitir. Vadidəki pəri bacalarını görməyə dəyər. Həmçinin buradan  gün batımını izləmək insana zövq verir.

Zemi vadisi

Vadi Ürgüp- Nevşehir yolu üzərində yerləşir. Burda gəzərkən armud, tut, alça, ərik, fındıq bağlarına rast gələ bilərsiniz. Bundan başqa, vadinin içində  Sarnıç, Saklı, Görkündərə, El- Nazar kilsələri mövcuddur.

Uçhisar qalası

Kappadokiyanın ən hündür qalalarından biridir və burdan bütün bölgəni seyr etmək mümkündür. Adambaşına 6.50 türk lirəsi (2 manat 30 qəpik) ödəməklə qalanı ziyarət edə bilərsiniz. Qaladan sığınacaq kimi istifadə olunub. Bu tarixi abidənin üstündə 3 məzar var.

Kappadokiyada alış-veriş

Alış-veriş səfərin elə türklərin təbirincə desək olmazsa olmazıdır. Hər hansı bir ölkəyə səfər edərəkən mütləq  ya hədiyyəlik ya da özümüz üçün nələrsə alırıq. Görəmənin mərkəzində hədiyyəlik əşya mağazaları boldur. Burdan bölgəni xatırladacaq ev əşyaları, dəri ayaqqabı, o cümlədən bölgəyə xas naxışlarla bəzədilmiş və dəri çantalar ala bilərsiniz.

Onu da əlavə edim ki, Görəmə qəsəbəsindəki restoranlarından birinin həyətində kiçik bir mağaza var. Mağaza Musicl adlanır (Ürgüplü dayının mağazası) . Burada Aşıq Veysel, Tülay German, Ahmet Kaya, Bülent Sesler, Ayşenur Kolivar, Erkut Özkan, Şevval Sam  kimi  türk sənətçilərinin disklərini tapa bilərsiniz. Türk xalq mahnılarının cazz musiqisi ilə mixi sizin də xoşunuza gələcək.

Kappadokiyada əyləncə

Kappadokiya deyəndə ağıla gələn ilk əyləncələrdən biri də təbii ki, hava şarı turudur. Standart uçuş 60 dəqiqədən ibarətdir. Qiymətlər isə müxtəlifdir. Bundan başqa, Görəmə qəsəbəsində at, dəvə, fayton, kvadradtsikl, avtomobil və s. ilə gəzinti kimi xidmətlər də mövcuddur.

Qeyd: Görəmə qəsəbəsində necə deyərlər daş atsan kafe və restorana dəyər. Cibinizə münasib olanı seçib, istədiyiniz növdə yeməklər sifariş verə bilərsiniz. Həm türk həm də başqa ölkələrin mətbəxlərindən.

Mənbə: Sey-yah.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR