İnsanların sayının artması, iqlim dəyişikliyi və kütləvi köç səbəbi ilə 21-ci əsrdə qarşı-qarşıya qaldığımız…
Maldiv adalarının paytaxtı Male-yə yüksəklikdən baxdıqda göydələnlərlə dolu bir şəhərin sanki Hind okeanında üzdüyünü görərik. Bu ada şəhəri yalnız uzununa böyüyə bilər.
Şəhərin əhalisinin sayı 2006-cı ildən bəri 52% artıb. 2014-cü ildə əhalinin sayı 158 min olub və bu insanların hamısı 5.7 kvadrat kilometrlik bir əraziyə sığışmaq məcburiyyətindədir.
Burada torpaq o qədər dəyərlidir ki, yollarda ya səki olmur, ya da o səkidə ancaq bir sıra insan yeriyə bilir. Kirayə evlərin qiyməti isə o qədər bahalıdır ki, kasıb bölgələrdə 23 kvadrat metrdə 40 adamın yaşadığını görmək mümkündür.
İnsanların bu cür sıx yaşaması cinayət hadisələri və şiddət hallarının artmasına səbəb olur. Şəhərin zibilləri isə dənizdə yeni bir ada əmələ gətirib.
1990-ci illərdə şəhərdə binalar iki mərtəbəli olduğu halda, bu gün orta hesabla səkkiz mərtəbəlidirlər və 25 mərtəbəli binaların da sayı az deyil. Şəhər əhalisinin sayı artdıqca, sosial-iqtisadi problemləri də artır.
Dünya əhalisinin sayı hər il 83 milyon artır. Bu da torpaq problemini getdikcə daha hiss edilən bir vəziyyətə gətirir.
Birləşmiş Millətlərin hesablamalarına görə, indi 7.6 milyard olan dünyanın əhalisinin sayı 2050-ci ildə 9.8 milyard, 2100-ci ildə isə 11.2 milyarda çatacaq.
Bu insanların hamısının yaşamaq üçün bir yerə, işə, qidasını istehsal edə bilən torpağa, suya, enerjiyə ehtiyacı olacaq. Maşın sürmək üçün yollar, onları saxlamaq üçün yer, əylənib istirahət etmək üçün məkanlar axtaracaq.
Bu qədər çox sayda insanın torpaq üzərindəki təsirlərini idarə etmək isə insanlığın qarşı-qarşıya durduğu ən böyük problemlərdən biridir.
Yaşamağa yararlı torpaq?
Yer üzündə buzla örtülməyən 13.4 milyard hektarlıq ərazi 11 milyard əhaliyə eninə-boluna bəsdir deyə düşünmək mümkündür.
Ancaq, bu torpağın böyük bir qismi Sibir və Avstraliyanın daxili əraziləri kimi iqlim və məsafə problemlərinə görə istifadəyə yararlı deyil. Bundan başqa, şəhərlərin böyümək tutumu da məhduddur.
California Elmlər Akademiyasından Jonathan Foley artan saya köklənərək yanıla biləcəyimizi söyləyir. Əhali artımının yüksək olduğu ölkələrdə dünyadakı qaynaqların adambaşına düşən istifadə nisbəti çox azdır. İnkişaf etmiş ölkələrdə isə istehlak nisbətən çox artıqdır.
Məskunlaşma üçün əlverişli ərazilər dünya torpağının yalnız 3%-ni tutur. 35-40% arası bir qism2 isə əkinçilik üçün istifadə olunur. Yer üzündəki torpağın sadəcə 445 milyon hektarı əkinçilik üçün yararlıdır.
Araşdırmaçılar, qida, bio-axıntı və sənaye meşə təsərrüfatı üçün artan tələb və genişlənən şəhərlər ucbatından torpaq ehtiyatının 2050-cı ildə tamamilə istifadə olunacağını deyirlər.
Belə isə artan əhalinin ehtiyacları 21-ci əsrdə necə qarşılanacaq?
Əkin sahələri
Meşədən təmizlənən ərazilərin 80%-i əkin sahəsi üçün hazırlanır. Foley-ə görə, biz torpaqdan effektiv və məhsuldar şəkildə yararlana bilmirik.
"Əkin sahələrinin 75%-i kənd təsərrüfatı heyvanlarının qida ehtiyacı səbəbi ilə istifadə olunur. Bundan başqa, yetişdirilən qida məhsullarının 40%-i zibilə atılır."
Yəni daha az ət yemək və qida israfını azaltmaq yaxşı çıxış yolu ola bilər.
Orta təbəqə böyüyür
Çin və Hindistan kimi sürətlə inkişaf edən ölkələrdə artan rifah, orta təbəqənin də böyüməsinə yol açır. Bu təbəqənin sayının 2030-cu ildə 4.9 milyarda çatacağı gözlənilir.
Bu insanların televizor, soyuducu, mobil telefon, kompüter və avtomobil aldığını nəzərə alsaq, qarşıdakı 20 ildə enerji sərfinin iki qat artacağı və bunun da ətraf-mühitə böyük təsir edəcəyi zənn edilir.
Dəniz səviyyəsi yüksəlir
Tarix boyunca ticarət, sahil şəhərlərində varlı və orta sinfin böyüməsinə səbəb olub.
Araşdırmalar 2000-ci ildə 625 milyon insanın dəniz sahilində yaşadığını göstərib. 2060-cı ildə rəqəmin bir milyarda çatacağı düşünülür.
Urbanizasiya və iqlim dəyişikliyinin təsiri ilə belə ərazilər getdikcə daha da həssas vəziyyətə düşür.
Dəniz səviyyəsinin yüksəlməsi Maldiv adaları kimi ada ölkələrin və Miami kimi sahil şəhərlərində torpaq azalmasına səbəb olacaq.
Torpaqlarının 80%-i selə məruz qalan Banqladeş kimi ölkələrdə torpaq getdikcə daha da bahalaşır.
İngiltərə kimi inkişaf etmiş bir ölkədə belə, sel riski olan bölgələrdə ev salmaq milyonlar dəyərində ziyana gətirib çıxarır.
Hollandiya bu problemi sahillərdə suyun daşıb geri çəkilə biləcəyi bir sahə saxlayaraq həll edə bilib.
İqlim dəyişikliyi də köçə səbəb olur
Hər il 21.5 milyon insan hava şəraitindən qaynaqlanan təbii fəlakətlər ucbatından köç etmək məcburiyyətində qalır.
"Suriyanın şimalındakı quraqlıq səbəbi ilə Hələb kimi şəhərlərə çöllük ərazilərdən edilən kütləvi köç, hazırda davam edən qorxunc çaxnaşmanı hərəkətə gətirən səbəblərdən biri olub," Kanadanın keçmiş baş naziri və Dünya Miqrasiya Şurasının (World Refugee Council) başçısı Lloyd Axworthy hesab edir.
BMT Miqrasiya Təşkilatının məlumatlarına əsasən, 2016-cı ildə 65.6 milyon insan müharibə səbəbi ilə köç etmək məcburiyyətində qalıb. Bu, İkinci Dünya Müharibəsindən bu yana görünən ən yüksək rəqəm olub.
Müharibə, aclıq və quraqlığa görə köç etməyə vadar olan insanların yerləşə bilməsi çətin bir problem yaradır.
Keçən il köç edənlərin 22.5 milyonu başqa ölkələrə sığınıb.
Bunların yalnız 190 minə yaxını yerləşmək imkanı qazana bilib.
Qalanlar isə ya düşərgələrdə saxlanılır, ya da vətəndaşlığı olmayan kimi yaşayırlar.
Sığındıqları ölkələr isə onsuz ki, məhdud olan qaynaqlarından bu problemi həll etmək üçün istifadə etmək məcburiyyətində qalırlar.
Urbanizasiya və gecəqonduların yüksəlişi
Hazırda dünya əhalisinin yarısı şəhərlərdə yaşayır. Bu insanların hamısının sağlamlıq, təhsil və məşğulluq kimi ehtiyaclarının qarşılanması da böyük problemlər yaradır.
Şəhər yaşayışı son dərəcə diqqətli planlamadan asılıdır. Əks təqdirdə yoxsul gecəqondu məhəllələri yaranmağa başlayır.
Bu gün ən böyük urbanizasiya Afrika və Asiyada baş tutur. 2020-ci ildə Afrika şəhərlərdə yaşayan 560 milyon əhali ilə dünyanın ikinci ən böyük şəhərləşmiş qitəsi olacaq.
Asiyada isə şəhər əhalisi 2.4 milyard nəfərə çatacaq. Fəqət, OECD-də verilən məlumatlar Afrikada şəhər infrastrukturunun urbanizasiya nisbətindən geri qaldığını göstərir.
Rockfeller Universiteti ilə Columbia Universitetində Əhali Laboratoriyasının rəhbəri Joel Cohen əhali artımın yoxsul bölgələrdə daha sürətli olduğunu, bunun da gecəqondularda yaşayanların sayının artmasına səbəb olduğunu deyir.
21-ci əsrin sonunda gecəqondu əhalisinin sayına 1 milyard insanın daha əlavə olunacağı təxmin edilir.
Dünyada daha çox insanın yaşaya biləcəyi ərazilər ola bilər. Lakin, 21-ci əsrdə əsl məsələ görünür ki, bu torpaqları kiminlə və nə ilə bölüşmək istəyəcəyimiz sualıdır.
Mənbə: BBC Azərbaycan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət