Slimfit
  1. CƏMİYYƏT

“Dünyada analoqu olmayan bir ilkə imza atdıq” - Şeyx

“Dünyada analoqu olmayan bir ilkə imza atdıq” - Şeyx
Sakura

“Dünyada analoqu olmayan bir ilkə imza atdıq” - Şeyx

"Dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranı yaşandığı müasir dövrdə Azərbaycanın dövlət başçısı qlobal miqyasda ümumbəşəri ideyaların ətrafında cəm olmağa çağırmaqla insani həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir".
Azvision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfransda deyib.

QMİ sədri bildirib ki, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir: "Beləliklə, bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, dünya dini liderlərinin sammitlərinə evsahibliyi, qlobal hərəkata çevrilmiş Bakı Prosesinə rəhbərlik edir. Prezidentimiz İlham Əliyev cənablarının dövlət-din siyasəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünya miqyasında siyasi-mədəni sahədə dəyərli fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyinin nadir nümunəsinə malik bir məkan, milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin, mədəniyyətlərarası və dinlərarası harmoniyanın unikal nümunəsidir".

A.Paşazadə qeyd edib ki, yüksək səviyyəli dövlət və din xadimlərinin qlobal müstəvidə problemlərin həlli naminə ənənəvi olaraq Bakıda bir araya gələrək qüvvə və səylərini birləşdirmələri Azərbaycanın irəli sürdüyü qlobal ideyaların yaşam qüvvəsinin göstəricisidir:

"Müdrik dövlət başçımızı qarşıdan gələn Ad günü və bu böyük beynəlxalq uğur münasibətlə ürəkdən təbrik edir, ona Azərbaycan xalqı və dövlətçiliyimiz naminə, habelə, ümumbəşəri önəm kəsb edən fəaliyyətində yeni uğurlar diləyirəm. Azərbaycan Prezidenti İlham Əliyevin qlobal əhəmiyyətli ideyaları, elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri kimi təşəbbüsləri ətrafında bir araya gəlməyimiz böyük nemətdir. Bu, uca yaradanımızın buyurduqlarına uyğun olan, müqəddəs amallara xidmət edən və insanlığın vəhdəti, həmrəyliyinə rəvac verən önəmli missiyadır. Dünya ictimaiyyəti bunu görür və dəyərləndirir".

Şeyx bildirib ki, müxtəlif din və konfessiyaları bir masa ətrafında cəm etmək qüdrətinə malik multikultural Azərbaycan dövləti ötən ay beynəlxalq müstəvidə dini, siyasi və elmi ictimaiyyətin qlobal problemlərin birgə müzakirəsini təmin etməklə analoqu olmayan nümunəvi ilkə imza atıb:

"Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs və çağırışı ilə ərsəyə gəlmiş Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dünya miqyasında mədəni-mənəvi dəyərlər mərkəzi statusunu bir daha təsdiq etdi. Dünyanın 500-ə yaxın tanınmış din, dövlət və ictimai xadimlərinin iştirakı ilə baş tutmuş, bəşəriyyəti narahat edən problemlərin mənəvi dəyərləndirməsi üçün özəl əhəmiyyət kəsb edən qlobal miqyaslı bu Zirvə görüşü Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq platformasında öncül rolunun göstəricisi olaraq, dinlərarası əməkdaşlıq tarixinin səhifələrinə həkk olundu. Dünya Dini liderlərinin II Bakı Sammitinin beynəlxalq aləmdə əks-sədası davam etməkdədir və dünyanın müxtəlif qitələrində, o cümlədən Avropa, Amerika, Afrika, Asiyada, xüsusilə, Avstriya, Almaniya, İtaliya, İsveçrə, İspaniya, Türkiyə və Rusiya mediasında bu tədbirin yüksək səviyyədə təşkili geniş şərh olunaraq, Azərbaycanın multikulturalizm ideyalarının təbliğ olunmasında müstəsna rolu xüsusi vurğulanmaqdadır. Dünya dini liderlərinin, Sammitin nüfuzlu iştirakçılarının dövlət başçımıza ünvanladıqları təşəkkür məktublarında və mənimlə bölüşdükləri təəssüratlarında II Bakı Sammitinin Azərbaycan adına böyük uğur, tarixi nailiyyət olduğu fikri xüsusi vurğulanır. Azərbaycan müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirən, qlobal əhəmiyyətli ideyalar ətrafında cəm edən, sülh və qarşılıqlı anlaşma mühitinə xidmət edən bu missiyasını davamlı və ən yüksək səviyyədə həyata keçirən dövlət kimi dünyanın diqqət mərkəzindədir" .

A.Paşazadə qeyd edib ki, II Bakı Zirvə görüşünün belə möhtəşəm şəkildə dəyərləndirilməsi Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyi və fövqəladə zəhmətləri sayəsində mümkün olub: "XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal əhəmiyyətli ideyalarınızın dünya ictimaiyyəti - müxtəlif qitə nümayəndələri, müxtəlif din və mədəniyyət təmsilçiləri tərəfindən müdrik siyasət nümunəsi kimi qiymətləndirilməsi Şeyxülislam olaraq məni hədsiz qürurlandırır, gələcək fəaliyyətimizdə yeni nailiyyətlərə ruhlandırır. Danılmaz həqiqətdir ki, hər bir dövlət başçısı dünya miqyasında bu qüdrəti nümayiş etdirmir və belə ardıcıl təşəbbüskarlıqla mədəniyyətlər və dinlər arası dialoq və əməkdaşlıq məsələlərini himayə və diqqətdə saxlamır. Bu, yalnız güclü dövlətçilik təfəkkürü, qlobal düşüncə və ümumbəşəri dəyərlərə ehtiramlı münasibətin vəhdəti sayəsində mümkün olan dəyərli fəaliyyətdir".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR