Dünya liderləri İlham Əliyevi təbrik edirlər
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolunda inamla irəliləyir və beynəlxalq məsələlərdə öz nüfuzunu möhkəmləndirir.
Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm”.
Bundan başqa, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da Prezident İlham Əliyevi təbrik edib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Şəksiz rəhbər istedadınız sayəsində milli lider kimi Siz Azərbaycanın səmərəli iqtisadi inkişaf modelini həyata keçirmiş, dövlətin beynəlxalq arenada nüfuzunu möhkəmləndirmisiniz.
Fürsətdən istifadə edərək, Sizi Qoşulmama Hərəkatında uğurlu sədrliyiniz münasibətilə təbrik edirəm.
Məmnuniyyətlə qeyd edirəm ki, Minsk ilə Bakının hörmətə və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlığı həm iqtisadi-ticari sahədə, həm də əməkdaşlığın digər istiqamətləri üzrə mühüm nəticələr əldə etməyə imkan verir.
Dostluğumuzu, ölkələrimiz arasında yaranmış münasibətlərin etimada əsaslanan xarakterini yüksək qiymətləndirir, yeni görüşləri və müxtəlif sahələrdə maraqlı birgə layihələri nikbinliklə gözləyirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan Respublikasının rifahı naminə gələcək fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, sülh, doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik diləyirəm”.
Eyni zamanda, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon da dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Qardaş Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda irəliyə doğru inamla addımlamaqda davam edir, regional və beynəlxalq məsələlərdə getdikcə artan rol oynayır.
İnanıram ki, Sizin siyasi kursunuzla irəliləyən Azərbaycan Respublikası qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcək.
Fürsətdən istifadə edərək, həmçinin Sizi və Sizin simanızda ölkənizin bütün sakinlərini Yeni 2024-cü il münasibətilə təbrik edirəm.
Qarşıdan gələn ilin əvvəli Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyətli hadisə - prezident seçkiləri ilə əlamətdar olacaq. Bu çox mühüm siyasi tədbirin uğurla keçirilməsi ilə bağlı səmimi arzularımı çatdırıram.
Tarixə qovuşan 2023-cü ildə möhkəm dostluq ənənələrinə, qarşılıqlı hörmətə və dəstəyə əsaslanan Tacikistan-Azərbaycan münasibətləri bir sıra mühüm hadisələrlə əlamətdar olub. Onların arasında Sizin Tacikistana dövlət səfərinizi qeyd etmək istərdim. Sizin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin ardıcıl möhkəmləndirilməsinə daimi xüsusi diqqətinizi yüksək qiymətləndirirəm.
Xalqlarımızın köklü maraqları məcrasında iki ölkənin etimada əsaslanan dövlətlərarası dialoqunun davam etdirilməsinə şad olacağam.
Əziz İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və dayanıqlı tərəqqi arzulayıram”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət