Dərc edildi: Baxış sayı: 1339
Dubayda rəhbər vəzifədə çalışan 25 yaşlı Ayan Əliyeva
Dubayda rəhbər vəzifədə çalışan 25 yaşlı Ayan Əliyeva: “Sakit, monoton işlər mənə darıxdırıcı gəlir”
25 yaşı var. Məqsədi, əzmi, çalışqanlığı onu karyerasında istədiyi pilləyə qədər qaldırıb. "Əgər çalışaraq istədiyimi əldə edə bilərəmsə, niyə də etməyim?” prinsipi ilə hərəkət edir. Uğurun sirrini məqsədli olmaqda görür. Düşünür ki, insan əgər uğur qazanmağı həqiqətən istəyirsə və sona kimi getməyi bacarırsa, mütləq qalib gələcək. Müsahibimiz Dubayda Zaya Living və Al Barari şirkətlərində PR və marketinq meneceri kimi çalışan Ayan Əliyevadır.
Ayan 1994-cü ildə Moskvada anadan olub. 13 yaşında Bakıya köçüblər. 6 nömrəli məktəbdə təhsilini davam etdirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Turizm Universitetinə qəbul olub. Təhsil aldığı müddətdə ikili proqramdan istifadə edib. Avstriyada Krems şəhərində IMC Universitetində (IMC University of Applies sciences) təhsilini davam etdirib: "Universitetdə oxuyarkən 1il İELTS imtahanına hazırlaşdım və qəbul oldum. Bizim ildə seçilən iki tələbədən biri idim və təhsil almaq üçün Avstriyaya getdim. Bu, çox gözəl təcrübə oldu. Orada iş təklifi də aldım, lakin həmin vaxt ailəm xaricdə qalıb işləməyimə icazə vermədi. Bakıya qayıtdıqdan sonra Abşeron Marriot Baku otelində 5 aylıq təcrübə keçdim. Bitirdikdən sonra mənə iş təklif etdilər və orada 2 ildən artıq işlədim. Sonuncu kursda həm oxuyur, həm də hər gün işə gedirdim. Həftə sonları daha çox işləyirdim. Universiteti bitirən kimi məni satış şöbəsinə keçirdilər. 1 il işlədikdən sonra Park İnn Otel-də menecer vəzifəsinə dəvət aldım. 22 yaşımda artıq otelin meneceri idim və bütün işi sıfırdan qurmaq tapşırılmışdı. 10 aydan sonra onlayn şəkildə Dubayda iş axtarmağa başladım. 12 günlük iş görüşmələrinə getdim. Bir müddət Dubayda Kempinski oteldə işləməyə başladım. Daha sonra hazırda işlədiyim şirkətdən təklif gəldi və karyerama burada davam edirəm”.
- Ayan xanım, 22 yaşınızda məşhur oteldə menecer kimi çalışmısınız. Sizi əcnəbi ölkəyə getməyə nə vadar etdi?
- Bakıda Marketinq, PR sahəsində nə qədər işləmək istəsəm də, bu sahədə gələcək görmədim. Öz sənətimi, karyeramı inkişaf etdirmək üçün mütləq xaricə getməli idim. Burada hansı vəzifədə olsan da, eyni işi görürsən və ətraf çox balacadır. Planlarımı, layihələrimi həyata keçirmək üçün imkanlar çox zəif idi. Ona görə də mən yerimdə saymaq istəmədim və özümü inkişaf etdirmək üçün xaricə gəldim. Həmişə Dubayı marketinq və PR üçün çox yaxşı yer hesab etmişəm. Çünki orada həqiqətən bu sahəni öyrənmək olur. Heç özüm də düşünməzdim ki, 2 il ərzində karyera baxımından bu qədər öyrənəcəm. Düzünü desəm, heç vaxt gəlirə fikir verməmişəm. 19 yaşımdan işləyirəm. Valideynlərim mənə hər zaman dəstək olub. Amma daim öyrənmək istədim. Oxumaqla bərabər təcrübəni də sevirdim.
- 19 yaşınızda ehtiyacınız olmadığı halda həm işləyib, həm təhsil almısınız. Üstəlik, rəqsə də getməyə vaxt tapmısınız. İki universitet, rəqs, iş... Çətin deyildi ki?
- Düzdür, çox yorulurdum. Gecə saat 4-də yatıb səhər dərsə gedirdim. Dərsləri gecə oxumağı çatdırmadığım üçün səhər çox erkən oyanırdım. Dərslərim heç də asan deyildi. İntensiv proqram idi. Bəzən müəllimlər xaricdən gəlirdilər, bir həftə axşam da daxil olmaqla dərs keçirdilər və həftəsonu imtahan edirdilər. Hər şeyi qaçaqaçla edirdim. Mən gərgin rejimdə işləməyi sevirəm. İşdə boşluq hiss edən kimi layihə hazırlayıb təqdim edirəm. İş olmasa belə, özüm özümə iş axtarıb tapıram. Zaman mənim üçün çox dəyərlidir, onu boş keçirmək istəmirəm. Əgər haradansa nəisə öyənə bilirəmsə, gördüyüm iş faydalıdırsa, yorulmaq, çətinlik mənim üçün əhəmiyyətli deyil. Hər gün öyrənmək istəyirəm.
- Abu Dabidə özünüzün hazırladığınız fərqli və böyük layihə üzərində işləyirsiniz...
- Hazırda işlədiyim otel Abu Dabi də adanın içindədir. İdeya verdim ki, oteldə böyük musiqi festivalı təşkil edək. Abu Dabi üçün çox böyük layihə idi. Turizm Nazirliyinə getdim və ideyanı böyük büdcəylə təqdim etdim ki, Abu Dabini dünyada dəniz gecələri partiləri olan yer kimi reklam edək. 1-2 ay üzərində işlədim, sonra layihəni təsdiqlədilər və biz artıq noyabrdan başlayırıq. Böyük layihədir. Özüm fikirləşdim və özüm də yerinə yetirirəm. Tədbir təşkilatçılığı ilə bağlı təcrübəm yoxdur. Amma çox istəyirəm ki, öyrənim. Bu da böyük şansdır. Hazırda 2500 nəfərlik qonağı olan təbirin təşkilatçılığı ilə məşğulam. Adada olduğu üçün infrastrukturu da gəmiylə gətirmək çətin olur. Bu səbəbdən işlərimiz asan deyil.
- Vaxtınızı necə bölüşdürürsünüz. Bəzən insanlar vaxt azlığından şikayətlənirlər?
- Planlamağı sevirəm. Düzünü desəm, hər vaxt hər şey plana uyğun olmur. Son anda plan dəyişə bilir. Amma çox xoşbəxtəm ki, iş, özünüinkişaf məni yormur. Plandan kənar olsa belə, işimi görürəm. Hansısa işi görmək və bitirmək mənə zövq verir.
- Həm Azərbaycanda, həm də xaricdə turizm sahəsində işləmisiniz. Fərqlər nədir?
- Fərqlər çoxdur. Ən böyük fərqlilik iş tempidir. Bakıda Marriotda işləmək mənim üçün gözəl təcrübə oldu. Başlanğıc üçün yaxşı idi. Amma inkişaf etmirdim. İstəyirdim işlər çox olsun, sürətli getsin. Düzünü desəm, Bakıda iş daha gec görülür. Bu, mənə darıxdırıcı gəlirdi. Mənə maraqlıdır ki, bizim gənclər iş çoxluğundan narazılıq edirlər. Halbuki bizdə xaricə nisbətən iş çox zəif gedir. Sakit, monoton işlər mənə darıxdırıcı gəlir.
- Risk etməyi sevmirsiniz.
- Bəli, riskləri sevmirəm. Risk etməyin deyil, məntiqlə hərəkət etməyin tərəfdarıyam. Hər bir yeni layihəyə başlayanda yaxud hansısa addım atanda çox fikirləşir, axtarış aparıram. Gördüyüm işlərin riski çox aşağıdır. Amma gələcəkdə böyük biznes qurmaq istəsəm təbii ki, risk edəcəm. Risksiz biznes olmaz. Amma bizim sahədə risk əhəmiyyətli deyil.
- Uğur üçün insana nə lazımdır. Ağıl, şans, "tanışlıq”?
- Ailəm ən böyük şansımdır. Mənim bütün qərarlarımı dəstəklədilər. Bəzi insanlara, xüsusilə xanımlara ən böyük qadağanı ailələri qoyur. Nə qədər dəstək olsalar da, təhsilini bitirdikdən sonra ailədən yardım gözləmək düzgün deyil. İnsan nə qədər ki, gəncdir vaxtının qədrini bilməli və özünü müəyyən işlərdə sınamalıdır. Bir işin qulpundan yapışmaq olmaz. İnsan az yaşından işləməlidir ki, müəyyən müddət sonra nədən həzz aldığını, həyatda nə etmək istədiyini, hansı sferada işləmək istədiyini bilsin. Çox olub ki, tanışlardan kimsə tanışlıqla işə düzəlir, amma işini sevmir. Bunlara ümid etmək olmaz. Nə şansa, nə də tanışlığa bel bağlamaq olar. Mənə görə, uğur üçün ən önəmli nüans çalışqanlıqdır.
- Xanımların karyerada qadağalarını vurğuladınız. Bir xanım arzularına çatmaq üçün nə etməlidir?
- Əlbəttə ki, xanımların çətinlikləri çoxdur. Ailən yanında olmasa, ən adi ev tapmaq belə qadına çətin gəlir. Amma mən inanıram ki, insan beynində bütün istəklərini, hisslərini kontrol edə bilər. Hansısa işə pozitiv düşüncə ilə başlamısınızsa, uğursuzluqla az rastlaşacaqsınız. Hər atdığınız addım sizin üçün xoş olacaq, darıxdırıcı olmayacaq. Məsələn, bəzi xanımlara xaricdə yaşamaq çətin gəlir. Xanımlara demək istəyirəm ki, xaricə köçmək çətin deyil. İngilis dilini öyrənib hər yerə gedə bilərsiniz, yeniliklər öyrənər, müxtəlif insanlarla tanış ola bilərsiniz. Yaşadıqca heç nə çətin olmur. Bütün çətinliklər üzərinə getdikcə adiləşir.
- Yaşla bağlı probleminiz olubmu? Çünki azyaşlı rəhbəri adətən yaşlı nəsil ciddi qəbul etmir?
- Azərbaycanda belə nüansla daha çox rastlaşmışam. Yaşıma görə, mənə ciddi yanaşmırdılar. Həmişə hansısa şöbəyə keçəndə sıfırdan özümü sübut etmək məcburiyyətində qalırdım. Məsələn, deyirlər ki, 21 yaşlı qız bu şirkətə nə gətirə bilər ki... Abu Dabidə də mənə qəribə baxırdılar, amma sonra alışdılar. Mənim işə yanaşmam dost tərzində olur. Müdirim də elədir. Ən sağlam iş mühiti budur. Rəhbər-müdir münasibətləri olmadığı üçün iş daha tez görülür və əsas odur ki, hamı xoşbəxtdir. İş yerinizdə xoşbəxt deyilsinizsə, mütləq işinizi dəyişib sizi xoşbəxt edən yerdə işləməlisiniz. İnkişaf etməkdən qorxmaq lazım deyil.
- Ənənəvi sualımız. Uğurun sirri nədir?
- Uğurun ən böyük sirri özünə inam, etibardır. Heç kim sizə inanmasa da, özünüzə inanmalısınız. Nə istədiyinizi bilməli və üzərində dayanmalısınız. Heç vaxt geri addım atmayın. Nəticəyə çatana kimi mübarizə aparın, heç bir işi yarımçıq qoymayın. 500 insan da sizə desə ki, bacarmayacaqsınız, alınmayacaq, inanmayın. Onlara inad bacarın. O zaman hər şey gözəl olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət