Dövlətməhəmməd Azadi - türkmən şairi, Məxdumqulu Fəraqinin atası.
Türkmən ədəbiyyatı tarixində müstəsna bir yer tutan, böyük şair-mütəfəkkir Dövlətməhəmməd Məxdumqulu oğlu 1700-cü ildə indiki Türkmənistanın Ətrək vilayətində Göklən boyunun (tayfasının) Gərkəz nəslindən olan ziyalı bir ailədə dünyaya göz açmışdır.
Dövlətməmmədin atası Məxdumqulu Yonaçı dövrünün istedadlı şairi kimi tanınsa da, əsərlərinin az bir qismi günümüzədək gəlib çatmışdır. Onun əsərlərində “Gürgənin” adlı şeiri indi də dillər əzbəridir.
Dövlətməmməd ilk təhsilini atasından və bölgənin tanınmış pedaqoqlarından aldıqdan sonra onu Xivəyə göndərirlər. Türküstanın mədəni mərkəzlərindən olan, xanlıq mərkəzi Xivə yaraşıqlı binaları, gur bazarı, hamamları, mədrəsələri ilə məşhur idi. Mavi kaşılarla üzlük çəkilmiş, zərif naxışlı binalar, uca minarələr insanları heyrətə salırdı. Yeniyetmə Dövlətməmməd bu şəhərdəki mədrəsədə oxuyarkən dövrünün sayılıb-seçilən alimlərindən dərs alır.
İlahiyyat, təfsir, bəlağət, nücum elmləri ilə yanaşı, həndəsə, hesab, riyaziyyat, tarix, coğrafiya, kimya və digər fənləri dərindən öyrənir, ərəb, fars və cağatay dillərində biliyini artırır. Xoca Əhməd Yəsəvi, Füzuli, Nəvai, Nəsimi, Hacı Bəktaş Vəli, Yunis İmrə, Nizami, Hafiz, Xəyyam, Cami, Dəhləvi kimi Şərq ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini ciddi şəkildə mütaliə edir, özü də Azadi təxəllüsü ilə şeirlər yazmağa başlayır.
Sufi şair və filosofların əsərlərini oxumağa böyük maraq göstərən, müxtəlif təriqətlərin dəvrişləri ilə tez-tez görüşən, onların söhbətlərini dinləyən Dövlətməmməd Azadi onların hümanist, ümumbəşəri düşüncələrindən yaradıcılığında səmərəli bəhrələnir.
Xivə mühiti Dövlətməmməd Azadinin şair və mütəfəkkir kimi yetişməsində mühüm rol oynasa da, o, ata-baba yurduna qayıtmalı olur. Ətrəkdə ata-babaları kimi yaşayan Dövlətməmməd uşaqlara və yeniyetmələrə ilahiyyatdan, bəlağətdən, təfsirdən də başqa fənlərdən dərs deməklə yanaşı, didaktik-fəlsəfi şeirlər də yazır. Məzkəzdən, karvan yollarından uzaqda yaşasa da, qələmini və ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Dövlətməmməd Azadi öz tədris üsulunu və pedaqoji məktəbini yarada bilmişdir. Buna görə də çox vaxt onu “türkmən Sədisi” adlandırmışlar.
Azadinin yaşadığı dövr Şərqdə savaşların ara vermədiyi bir zamana təsadüf edir. Dünyanı lərzəyə gətirən imperiyaların ilkin beşiyi olan Türküstan getdikcə çökür. Xarici güclər də bu çoküşdən daha çox yararlanmağa çalışır. Ara savaşlarından cana doymuş insanların bəziləri nəinki qonşuluqda Nadir şah Əfşarın qurduğu dövlətə, hətta Türkmənistandan çox-çox uzaqlarda olan Peterburqa, Rus çarı I Pyotrun sarayına gedərək onları öz himayəsinə almalarını xahiş edirlər.
Hindistan sahillərinə çıxaraq buranı öz müstəmləkəsinə çevirmək istəyən Böyük Britaniya və Fransa kimi dövlətlər də gələcəkdə Türküstanı təsir dairələrinə salmağı planlayır.
Bölgədəki qarışıqlıq doğma obasında məktəbdarlıq edən, el ağsaqqalı, alim, pedaqoq və ictimai xadim kimi tanınan Azadinin şəxsi həyatından da təsirsiz ötmür. Şairin oğlu Məxdimqulu Fərağinin bir şerindən aydın olur ki, qardaşı Abdullanın ata yurdunu tərk edərək qürbətə getməsi, şairin oğlunun həyatından xəbərsiz qalması ona ağır psixoloji təsir göstərmişdir. Məxdumqulu “Qardaş Abdulla” şeirində atasının bu halını belə təsvir edib:
Sən gedəndən doqquz ildir ötəni,
Harda vətən tutdun, qardaş Abdulla?
Heç gəlməzmi bir insanın gedəni,
Harda vətən tutdun, qardaş Abdulla?
Üstümüzə hicran odu səpildi,
Evimizə kədər-qüssə təpildi,
Qan ağlar, atamın beli büküldü,
Harda vətən tutdun, qardaş Abdulla?
Dövlətməmməd Azadinin daha çox oxunan və təbliğ olunan əsərlərindən biri “Vəzi-Azad” adlı didaktik-fəlsəfi poemasıdır. Orta əsr ənənəsinə uyğun bir tərzdə “Qabusnamənin”, “Siyasətnamə”nin, “Əxlaqi-Nasir”in təsiri ilə əruz vəzninin failatun-failatun-failat bəhrində yazılmış əsərin həcmi 6 min beytə yaxındır. Şair ədalətli cə-miyyət, yetkin vətəndaş və milli dövlət ideyalarını irəli sürüb, necə deyərlər bir növ, mənzum konstitusiya yazıb, özünün fəlsəfi, əxlaqi və sosial görüşlərini ortaya qoyub.
“Vəzi-Azad” dörd babdan – fəsildən ibarətdir. Ön sözü xatırladan yüz beytlik münacatdan sonra şair birinci babda ədalət və adil şahın necə olması haqqında fikirlərini oxucuya çatdırıb. Fikirlərini əsaslandırmaq üçün bəzi tarixi və əfsanəvi şəxslərin – Süleyman, Davud, Ömər, Keyqubad, Bəhram, Nuşirəvan, Harun ər-Rəşid, Səbük Təkin, İsmayıl Samani, Abdulla Tahir və b. həyatından, peyğəmbərimiz həzrəti Məhəmmədin hədis və nəsihətlərindən ibrətamiz misallar gətirib. Ədalət anlayışının tərifini verərkən onu vurğulayır ki, ədalətliliyin bəhrəsindən insanlar yalnız bu dünyada deyil, həm də axirətdə faydalanır.
Azadi “Hekayət”, “Nəsihət”, “Fəsil” yarımbaşlıqları altında oxucuya məsləhətlər verməklə kifayətlənməyib, ikinci babda humanizmdən, xeyriyyəçilikdən, comərdlikdən söz açıb. Göstərib ki, cəmiyyətin sağlam inkişafı, dövlətin uzunömürlü olması üçün abadlıq işlərinə, yollar, kanallar çəkilməsinə, körpülər, karvansaralar, məktəblər, mədrəsələr, məscidlər, şəfaxanalar tikilməsinə və təmirinə xüsusi qayğı göstərilməlidir. Bu işlər görülərkən gəlir, qazanc əsas götürülməməli, xeyriyyəçilik əsas olmalıdı.
Şair-filosof elm və alimdən söz açarkən mənəviyyat məsələlərinə diqqəti artırmış alimin cəmiyyətə və dövlətə təsirini xüsusilə vurğulayıb. Sözü ilə əməli düz gəlməyən alimi “alimi-biəməllər” adlandırıb və onları cəmiyyət üçün nadandan daha qorxulu hesab edib.
“Vəzi-Azad”ın son fəslində Azadi dərvişlərin cəmiyyət həyatındakı rolu və vəzifələri barədə məlumat verib.
Bu əsərdə bir sıra orijinal fikirlər söyləyən şair XVIII əsr türkmən cəmiyyətinin mənzərəsini güzgü kimi əks etdirib. Elə buna görədir ki, “Vəzi-Azad” bu gün də öz aktuallığını itirməmiş, gənc nəslin tərbiyəsində mühüm rol oynayır.
Çoxlu qəzəllər, qəsidələr, məsnəvilər yazan Dövlətməmməd Azadinin əsərlərinin az bir hisssəsi günümüzədək gəlib çatıb. Çox təəssüf ki, onun irsi vaxtında və lazımınca dəyərləndirilməyib. Hətta ötən əsrin 20-ci illərində Dövlətməmməd Balqızılın şeirləri Dövlətməmməd Azadinin adına çap olunub. Ateist sovet rejimi onun dini-didaktik mahiyyətli yaradıcılığına biganə münasibət bəsləyib, ideoloji səbəblərə görə şairin əsərləri lazımınca öyrənilib təbliğ edilməyib.
Dövlətməmməd Azadinin əsərləri hazırda Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunda üç qovluqda qorunub saxlanıb. Birinci qovluqdakı şeirlər 1837-ci ildə, ikinci qovluqdakı şeirlər 1861-62-ci ildə, üçüncü qovluqdakı şeirlər isə 1918-19-cu ildə köçürülüb. “Vəzi-Azad”ın sonunda qoyulmuş tarix isə miladi 1753-54-cü ilə uyğun gəlir.
1754-cü il də Azadinin ailəsi üçün faciəli olub. Belə ki, oğlu Canəsən, qızı Xanmənli və gəlini Bayram ey-ni gündə ölüb. Dövlətməmməd Azadinin şair oğlu Məxdumqulu Fərağinin iki övladının kiçik yaşda ölməsi və başqa övladının qalmaması şairi bərk sarsıdıb. Hamıya öyüd-nəsihət verən şair öz ailə faciəsinə dözə bilməyib, bədbinliyə qapılaraq 1760-cı ildə dünyadan köçüb.
Məxdumqulu Fərağı bir sıra şeirlərində atasının ölümündən duyduğu dərin kədəri dilə gətirib. “Azadım hanı?” qoşmasında onu “şəhərimin sultanı”, “minbərin əzanı”, “bağımın reyhanı” adlandırıb. “Atamın” rədifli şeirində isə Azadinin müsbət insani məzyyətlərindən, təvazökar həyat tərzindən, daim dünyanı deyil axirəti düşünməsindən söz açıb.
Dövlətməhəmməd Azadinin yaradıcılığı yalnız oğlu Məxdumqulu Fəraqiyə, nəvəsi Qurbandurdu Zəliliyə deyil, özündən sonra gələn şairlərindən Seydulla Seydiyə, Seyidnəzər Seydiyə, Şeydayiyə, Məğrubiyə, Qayibiyə, Talibiyə, Kəminəyə, Molla Nəfəsə və b. güclü təsir göstərib.
Sovetlər Birliyi çökdükdən sonra Türkmənistanda Dövlətməmməd Azadinin həyat və yaradıcılığının öyrənilməsinə, təbliğinə diqqət artıb, onun adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib, beynəlxalq sempozyumlar, toplantılar təşkil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət