Son günlər hava şəraitinin kəskin soyuması dövlət qurumlarının qışa hazırlıq məsələsini gündəmə gətirib.
Bəs aidiyyatı qurumlar qış fəslinə hazırdılarmı?
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Azvision.az-a bildirib ki, qış aylarında istehlakçılar keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaqlar.
“Bizim əsas missiyamız 24 saat ərzində hər bir abonentimizin keyfiyyətli elektrik enerjisiylə təchizatıdır. 2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək. Son illərdə apardığımız yenidənqurma, əsaslı təmir-tikinti işləri bunu deməyə əsas verir. Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız, maşın-mexanizmlərimiz var, ehtiyatımız böyükdür. Hazırda bütün yarımstansiyalarımızda cari təmir işləri başa çatdırılır. Elektrik şəbəkələri hava şəraitinin şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ aradan qalıdırılmasına tam hazırdır. 24 saat çağrı mərkəzi fəaliyyət göstərir və abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə çatdıra bilərlər” - T.Mustafayev deyib.
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev də bildirib ki, onlar tam olaraq qışa hazırdırlar və istilik mövsümünə noyabrın 1-dən dağlıq və dağətəyi rayonlarda start verilib.
“Bakı şəhərində qazanxanalar qoşulmaqdadır. Yəni mövsümə tam hazırıq. Qrafikə uyğun qazanxanalar işə salınır, noyabrın 15-də işləyəcək. Heç bir problem yoxdur. 2800-ə yaxın yaşayış binasının hamısına istlik veriləcək. Sumqayıt şəhərində 18-ci mikrarayonda keçən ildən əlavə bir qazanxananın istifadəyə verilməsi nəzərdə tutulub. Həmin qazanxana vasitəsilə əlavə olaraq 24 yaşayış binası, iki uşaq bağçası istiliklə təmin olunacaq”.
“Azərsu ASC”-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd edib ki, həm kanalizasiya nasos stansiyaları, həm əsas daşıyıcı kollektorlar, şəbəkə xətləri və digər hidrotexniki qurğular tam işlək vəziyyətdədir.
“Qış aylarında yağışlı, qarlı vaxtlarda həm su təhcizatı, həm də kanalizasiya infrastrukturu ilə bağlı heç bir problem gözləmirik. Mütəmadi olaraq işlərimiz davam edir. Hər hansı xəttin yenidən qurulması, yenidən çəkilməsi, xətlərin şəbəkəyə birləşdirilməsi, kanalizasiya xətlərinin təmizlənməsi, yağış barmaqlarının təmizlənməsi və digər işlərimiz mütəmadi davam edir”.
“Azəriqaz” İB-nın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev vurğulayıb ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq cari ilin may ayından işlərin icrasına start verilib.
Qurum rəsmisinin sözlərinə görə, oktyabr ayında görülmüş işlər yekunlaşıb. 2018-ci ilin 10 ayı ərzində 108.2 km uzunluğunda qaz kəməri dayaqlar üzərinə qaldırılıb, mühafizə olunması üçün yenidən rənglənib.
“İstehlakçıların qaz təhcizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanın artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün 2018-ci ilin 10 ayı ərzində 2848 km yeni qaz kəmərləri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 208.8 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı rayonları da daxil olmaqla, ümumilikdə 29 rayon üzrə 99 yaşayış məntəqəsi təbii qazla təmin olunub. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb. 2018-ci ilin 10 ayı ərzində müvafiq sənədlərini təqdim etmiş 453 çoxmərtəbəli binada qazın açılması tərəfimizdən təmin olunub. Bu da ümumilikdə 22075 mənzili əhatə edir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət