Slimfit
  1. AZƏRBAYCAN

Dövlət başçısından məmurlara növbəti xəbərdarlıq- Təhlil

Dövlət başçısından məmurlara növbəti xəbərdarlıq- Təhlil
Sakura

Dövlət başçısından məmurlara növbəti xəbərdarlıq- Təhlil

Prezident İlham Əliyev: "Vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır"

2019-cu il bütün parametrlər üzrə yadda qalan oldu. Ölkənin iqtisadi inkişafından tutmuş, xarici siyasətdə, diplomatiya sahəsində əldə edilən uğurlara qədər qeydə alınan bütün müsbət tendensiyaları yola salmaqda olan 2019-cu ilin aktivinə yazmaq olar. 2019-cu il həm də Azərbaycanda islahatlar ili kimi yadda qaldı desək yanılmarıq. Hələ 2018-ci ildən start verilən və həyatımızın bütün sahələrini əhatə edən islahatlar 2019-cu ildə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Həyata keçirilən islahatlar həm sosial, həm iqtisadi, həm də idarəetmə sahələrini əhatə etməklə bir tərəfdən əhalinin sosial rifah halı, yaşam səviyyəsinin daha da yüksəlməsinə təkan verdisə, digər tərəfdən vətəndaşların, cəmiyyətin, əsas etibarilə də dövlət başçısının etimadını doğrultmayan bir sıra məmurların idarəetmədən uzaqlaşdırılması ilə nəticələndi. Həyata keçirilən hər bir islahatın ana xəttində, əsasında vətəndaş məmnunluğu, onun razı salınması dayandığından, elə vətəndaş da həyata keçirilən hər bir islahata öz dəstəyini verdi, hər zaman olduğu kimi bu yolda da dövlət başçısının, Prezidentinin yanında oldu. Çünki qeyd etdiyimiz kimi, dövlət başçısının həyata keçirdiyi islahatlar xalqın maraqlarına xidmət edirdi.

Cənab Prezident tərəfindən həyata keçirilən islahatlar sırasında sosial sahədə atılan inqilabi addımlarla yanaşı, kadr islahatları da ciddi əks-səda, rezonans doğurdu desək yanılmarıq. İstər nisbətən yaşlı nəsilin, qocaman məmurların idarəetmədən uzaqlaşdırılaraq, onların daha gənc, daha perspektivli kadrlarla əvəzlənməsi, istərsə də vəzifəsindən sui-istifadə edən, xalqın, dövlətin malını mənimsəyən bir sıra yerli icra hakimiyyəti rəhbərlərinin ciddi şəkildə cəzalandırılması, bəziləri barədə həbs qətiimkan tədbirinin seçilməsi bu sırada yer alırdı. İdarəetmə sahəsində həyata keçirilən islahatlar və atılan mühüm addımlar öz-özlüyündə iki ciddi məqamı ortaya qoyurdu. Birincisi, bu bir sosial sifarişdir və cəmiyyət yeniləşmə tələb edir. Eyni zamanda bu sosial sifarişi, vətəndaş mövqeyini nəzərə alan Cənab Prezident də ona uyğun olaraq real addımlar atır. Çünki dövlət başçısının regionlara səfərləri zamanı Onun yerli sakinlərlə yaxından təması, vətəndaşın problemini şəxsən dinləməsi artıq belə bir qənaət formalaşdırırdı ki, qocaman kadrlar dövlət başçısının həyata keçirdiyi siyasəti yerlərdə uğurla icra edə bilmirlər. Buna həm fiziki qüvvə, həm də müasirliyi, yenilikləri bilməmək kimi tendensiya mane olur. Ona görə də artıq onları daha gənc, perspektivli kadrlar əvəz etməlidir.

Digər bir məqam, dövlət başçısının təyin etdiyi məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, onlara göstərilən etimadı doğrultmamalarıdır.  Cənab Prezident özünü xalqın xidmətçisi hesab edib xalqla daima bir yerdə olduğu halda, onun təyin etdiyi məmurların özləri xalqdan ayrı tutmaları, vətəndaşın heç bir problemlərini həll etməmələri idi. Baxmayaraq ki, Cənab Prezident dəfələrlə öz çıxışlarında həmin məmurlara ciddi şəkildə xəbərdarlıq etmiş, onlara fəaliyyətlərində dönüş yaratmaq, xalqın xidmətçisi olmağı tövsiyə etmişdi, ancaq bəzi hallarda müəyyən yarıtmaz məmurlar dövlət başçısının tapşırıq və tövsiyələrindən nəticə çıxarmırdı. Nəticədə isə Cənab Prezident daha sərt, radikal addımlar atmaq məcburiyyətində qaldı. Ən son Ağstafa və Yevlaxda baş verən olaylar bunun əyani sübutudur.

 
Bir çoxları həyata keçirilən islahatların kampaniya xarakterli olduğu barədə fikir formalaşdırmağa çalışsa da, lakin ortada olan reallıq, mövcud situasiya və davam edən tədbirlər onu deməyə əsas verir ki, həyatımızın bütün sahələrini əhatə edən islahatlar, xüusilə də kadr islahatları davamlı xarakter daşıyacaq. Çünki yuxarıda da qeyd etdiyimiz kimi bu bir sosial sifarişdir və Cənab Prezident də həmin sosial sifarişi nəzərə almaqla müvafiq addımlar atır. Elə dövlət başçısı bu günlərdə yerli televiziya kanallarına cari ilin yekunları ilə bağlı verdiyi müsahibədə də bütün bunlara aydınlıq gətirib və islahatların davamlı olacağı anonsunu verib.  Prezident bildirdi ki, yerli icra orqanlarında kadr dəyişikliyi aparılır və aparılacaq: "Bu proses davam etdiriləcək. Bu, labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər. XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin. Yeni kadrlar yeni yanaşma gətirirlər, yeni düşüncə tərzi gətirirlər və mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. Eyni zamanda, təqaüdə çıxmış, amma vaxtilə xidməti olmuş kadrları da biz böyük hörmətlə təqaüdə göndəririk. Bu da həm bizim milli ənənələrimizə uyğundur, eyni zamanda, mən hesab edirəm ki, hər bir insana onun gördüyü işlərə görə də qiymət verilməlidir, o cümlədən rəhbərlik tərəfindən. Ona görə hesab edirəm ki, ölkəmizdə bu proses çox hamar gedir".

Prezidentin sözügedən müsahibə zamanı söylədiyi fikirləri həm də hazırda vəzifə başında olan, müxtəlif postlar tutan mərkəzi və yerli icra hakimiyyəti başçılarına növbəti xəbərdarlığı kimi də dəyərləndirmək olar.  Eyni zamanda ümid etmək olar ki, son hadisələr, həbs olaylarından nəticə çıxaran bütün məmurlar bundan sonra öz vəzifələrində daha məsuliyyətlə çalışacaqlar. Prezidentin də qeyd etdiyi kimi  vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır: "Özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil. Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR