Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dövlət Agentliyi həkimlərin əməkhaqqı məsələsinə aydınlıq gətirib

Dövlət Agentliyi həkimlərin əməkhaqqı məsələsinə aydınlıq gətirib
Sakura

Dövlət Agentliyi həkimlərin əməkhaqqı məsələsinə aydınlıq gətirib

Son günlər dövlət tibb müəssisələrində çalışan həkimlərin əməkhaqları ilə bağlı ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yayılır.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova səhiyyə işçilərinin, o cümlədən həkimlərin əməkhaqları ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.

Onun sözlərinə görə, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq səhiyyə işçilərinin xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir.

Səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları təkcə müayinələr qarşılığında ödənilən bonuslardan və ya ödənişlərdən ibarət deyil. Həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşır: Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr (bonus), əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.

Belə ki, həkimlərin aylıq vəzifə (tarif) maaşı 9-15 dərəcə arasında dəyişərək 478-607 manat, aylıq sabit həvəsləndirici əlavəsi isə 800 manat təşkil edir. Bununla yanaşı, həkimlər işin nəticəsinə görə həvəsləndirici əlavələr - yəni bonus da alırlar.

Aynurə Əhmədova bildirib ki, həkimlərin əməkhaqlarından danışıldıqda ən çox müzakirə edilən bonuslar məsələsinə xüsusilə aydınlıq gətirmək lazımdır: “Həkimlərə verilən bonuslar göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Xidmətlər Zərfində ambulator şəraitdə göstərilən xidmətlərin tarifi 3-295 manat arasında dəyişir. Cərrahi tibbi xidmətlər üzrə tariflər isə 10-24 000 manat arası təşkil edir. Bu icra edilən cərrahi prosedurun mürəkkəbliyindən və istifadə edilən tibbi sərfdən asılıdır”.

Qeyd edək ki, həkimlərin bonuslarına tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun olaraq 1.2, 1.3, 1.4, 1.5 əmsallar tətbiq edilir. Belə ki, həkimin bonusu işlədiyi tibb müəssisəsinin aid olduğu kateqoriya əmsalına vurulur.

Məsələn, ambulator fəaliyyət üzrə həkim-pediatrın 11-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 518 AZN, aylıq sabit həvəsləndirici əlavəsi 800 AZN və ortalama bonusu 500 AZN (rəqəm şərtidir, məbləğ aylıq pasiyent qəbulu və icra edilən tibbi prosedurların sayına görə dəyişir) təşkil edir. 2B kateqoriyalı ümumi profilli xəstəxanada həkimin bonusu 1.2 əmsalı ilə hesablanırsa, 3B kateqoriyalı çoxprofilli xəstəxanada 1.4 əmsalı ilə hesablanır. Beləliklə, 2B kateqoriyası üzrə həkimin aylıq ümumi əməkhaqqısı 1918 AZN (518+800+500*1.2), 3B kateqoriyası üzrə isə 2018 AZN (518+800+500*1.4) təşkil edəcək. Qeyd edək ki, məvaciblər vergilər və digər məcburi ödənişlər daxil olmaqla göstərilmişdir.

A.Əhmədova vurğulayıb ki, həkim iş günü ərzində yalnız bir pasiyent qəbul etmir: “Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq, günlük bonus hesablanan pasiyent sayı 15-35 pasiyent arasında dəyişir. Bu səbəbdən yalnız bir pasiyentə görə göstərilən tibbi xidmətin tarifinin müvafiq faizinin həkimə ödənildiyini qeyd etmək doğru deyil. Ay ərzində (22 iş günü götürülərsə) həkimə müayinə etdiyi 330-770 arası pasiyent sayına görə bonus hesablanır”.

Məsələn, ixtisaslı həkim tərəfindən müayinə edilən hər pasiyentə görə tibb müəssisəsinə 17 manat ödənilir. Müvafiq Qaydaya əsasən hər pasiyentə görə bu məbləğin 8%-i (1.36 AZN) həkimin əməkhaqqına əlavə edilir. Həkim gün ərzində 35, ay ərzində 770 xəstə qəbul edərsə, o 1047 manat bonus almış olur.

Beləliklə, həkim bonusla yanaşı, ayın sonu aylıq vəzifə (tarif) maaşı, 800 manat aylıq sabit həvəsləndirici əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər alır.

Bundan əlavə həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr alır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR